EN

Məktəblərdə səhərlər səsgücləndirici ilə musiqi səsləndirilməsi sakinləri narahat edir - AÇIQLAMA

Bəzi məktəblərdə səhər saatlarında Dövlət Himni çox yüksək səslə səsləndirilir, bəzən isə himnin əvəzinə başqa vətənpərvərlik və ya motivasiya xarakterli mahnılar qoyulur. Nəticədə yaxınlıqda yaşayan sakinlər səsin yüksəkliyindən narahat olurlar. Xüsusilə səhər tezdən musiqinin yüksək səslə yayılması körpələrin, yaşlıların istirahətinə və gündəlik rahatlığına təsir göstərir.

Mövzu ilə bağlı Redaktor.az-a fikilərini bildirən təhsil eksperti Rizvan Fikrətoğlu vurğuladı ki, məktəbin səhər sıra düzülüşü zamanı Azərbaycan Respublikasının Dövlət rəmzləri, o cümlədən Dövlət Himni haqqında qanunvericilik və təhsil müəssisəsinin daxili qaydaları əsas götürülməlidir:

"Rəsmi qaydalar baxımından, Azərbaycan Respublikasının Dövlət Himni haqqında qanuna görə, Dövlət Himni rəsmi tədbirlərdə, dövlət və təhsil müəssisələrinin rəsmi açılış və bağlanış mərasimlərində səsləndirilməlidir. Məktəblərdə hər gün olmasa da, ən azı həftəlik və yaxud da xüsusi günlərdə himnin səsləndirilməsi milli-mənəvi tərbiyənin tərkib hissəsi sayıla bilər. Yəni burada problem yoxdur. Əgər himnin əvəzinə hər səhər başqa mahnılar, hətta dövlətə və vətənpərvərliyə aid olanlar səsləndirilirsə, bu qanun pozuntusu deyil, amma ənənənin və rəsmi simvolun əvəzlənməsi kimi qiymətləndirilə bilər. Himnin əsas məqsədi uşaqlarda dövlətə hörmət və vətəndaşlıq qüruru hissini gücləndirməkdir. Bu funksiyanı başqa mahnı tam eyni səviyyədə daşıya bilməz. Yaxşı olar ki, bunun əvəzinə himn səsləndirilsin. Yəni burada qanun pozuntusu yoxdur. Əslində, başqa mahnının səsləndirilməsində də pozuntu yoxdur".

Ekspert qeyd etdi ki, yaxınlıqda yaşayan sakinlərin narahat olması artıq ictimai sükunət və səs normasına aiddir:

"Əgər musiqi yüksək səslə hər gün səhər tezdən səsləndirilirsə, bu, artıq ictimai qaydaların pozulması sayıla bilər. Qeyd etdiyim kimi, səhər-səhər vətənpərvərlik mahnısının səslənməsi qanun pozuntusu deyil, pozuntu yalnız səs-küy insanları narahat edib ictimai asayişi pozursa sayılır. Belə hallarda sakinlər ərazi icra nümayəndələrinə, polis bölmələrinə və yaxud da Elm və Təhsil Nazirliyinə, nazirliyin qaynar xəttinə müraciət edə bilərlər. Ümumiyyətlə, optimal yanaşma necə olmalıdır? Ən doğru praktika ola bilər ki, həftənin başlanğıcında, məsələn, bazar ertəsi günü rəsmi şəkildə Dövlət Himni səsləndirilsin. Digər günlərdə isə mahnılar yalnız dərs başlamazdan öncə qısa müddətdə və orta səslə, daha çox motivasiya məqsədilə səsləndirilə bilər. Bu da qanun pozuntusu sayılmır. Məktəb rəhbərliyi səs səviyyəsini elə tənzimləməlidir ki, həm məktəb daxilində intizam yaransın, həm də ətrafda yaşayan insanlar narahat olmasın. Ümumiyyətlə, dediyim kimi, bu vacib deyil - ola da bilər, olmaya da bilər. Məktəb özü üçün müəyyən qayda tərtib edə bilər. Burada problem yoxdur. Həmçinin, şagirdlərin bu prosesə məcburi şəkildə cəlb olunması da tələb edilmir. Bu hallar və faktorlar nəzərə alınmalıdır".

Nuriyyə NATİQQIZI

Chosen
23
1
redaktor.az

2Sources