Zaman keçir, nəsillər dəyişir. Bu dəyişiklik uşaqların xarakterinə, maraqlarına və öyrənmə tərzinə təsir edir. Təhsil sistemi də buna uyğun olaraq dəyişir, dərslər və müəllim yanaşmaları yeni nəsil uşaqların xüsusiyyətlərinə uyğunlaşır.
Bəs görək, bugünün şagirdləri müəlliminin gözündən necə görünür?
AzEdu.az bu sualı 124 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, "Örnək" müəllim Ülviyyə Ələkbərovaya ünvanlayıb.
Şagirdlərin dəyişən öyrənmə tərzi və davranışları
"10 illik pedaqoji fəaliyyətimə əsaslanaraq deyə bilərəm ki, ibtidai sinif şagirdlərində əvvəlki illərlə müqayisədə ciddi dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklər həm sosial mühitin, həm ailə modelinin, həm də texnologiyanın inkişafı ilə sıx bağlıdır. Müasir dövrün uşaqları fərqli düşünür, fərqli öyrənir və fərqli davranırlar.
Əvvəlki nəsil uşaqlar daha sakit, istiqamətə daha tez uyğunlaşan və müəllim avtoritetini daha çox qəbul edən idisə, bu günün uşaqları daha sərbəst, azad düşüncəli və bəzən qaydalara qarşı sual yönəltməyi bacaran nəsildir. Onlar öyrənmənin məqsədini dərk etmək, nə üçün etdiklərini anlamaq istəyirlər. Sadəcə “öyrən” deməklə motivasiya tapmırlar; öyrəndiklərinin həyatda necə işə yarayacağını görmək istəyirlər.
Bu səbəbdən də dərslərin qurulması artıq ənənəvi üsullardan çox fərqli yanaşma tələb edir. Şagirdlərin öyrənmə tərzlərini (vizual, eşitmə, kinestetik və s.) nəzərə almaq, fərdi xüsusiyyətlərinə uyğun fəaliyyətlər planlaşdırmaq, dərsi “dərs” kimi deyil, kəşf prosesi kimi təşkil etmək müasir müəllimin əsas vəzifəsidir. Mən öz fəaliyyətimdə bu prinsipi daim ön planda saxlayıram - uşaqların marağına, təcrübəsinə və duyğularına toxunmayan dərsin qalıcı təsiri olmur".
Müəllim və valideyn rolu, interaktiv öyrənmə
"Bugünkü uşaqlar çox enerjilidirlər, amma eyni zamanda diqqətləri tez yayınır. Buna görə dərsdə fasiləsiz nitqdən çox interaktiv üsullar, qısa və məqsədyönlü tapşırıqlar, oyunlaşdırılmış fəaliyyətlər daha effektlidir. Müəllimin rolu indi “bilik ötürən” deyil, “öyrənməyə istiqamət verən” şəxsdir.
Əlbəttə, bu dəyişikliklər müəllimdən də davamlı inkişaf tələb edir. Biz artıq illərlə eyni metodla dərs deyə bilmərik. Müəllim özünü daim yeniləməli, yeni nəsli anlamaq və onlara uyğunlaşmaq üçün öyrənməyə açıq olmalıdır. Məncə, bu dövrdə müəllim öz inkişafına vaxt ayırmadıqca, şagirdlərlə aradakı məsafə getdikcə artır. Müəllim öyrənməyə davam etdikcə uşaqlarda da öyrənməyə maraq yaranır.
Eyni zamanda, şagirdin inkişafında valideynlərlə sıx əlaqə çox mühümdür. İllər ərzində müşahidə etmişəm ki, müəllim-valideyn əməkdaşlığı olan siniflərdə uşaqların həm akademik, həm də emosional inkişafı daha sağlam gedir. Valideynin müəllimlə eyni istiqamətdə hərəkət etməsi, evdə verilən dəstəyin məktəbdəki yanaşma ilə uyğun olması uşağın özünə inamını və məsuliyyət hissini gücləndirir.
Nəticə etibarilə, bugünkü uşaqlar fərqli dövrün övladlarıdır. Onları “çətin nəsil” adlandırmaq əvəzinə, “yeni düşüncəli nəsil” kimi qəbul edib onlara uyğunlaşmaq lazımdır. Müasir müəllim üçün ən vacib bacarıq - öyrənənlərə uyğun öyrətmək, dəyişən dünyaya uyğunlaşmaq və həm şagird, həm də valideynlə insani körpü qura bilməkdir".