APA Aleksandr fon Humboldt Fondunun və Fields İnstitutunun səfiri, Dünya Azərbaycan Alimlər birliyinin sədri, tanınmış riyaziyyatçı Məsud Əfəndiyevlə müsahibəni təqdim edir
DOSYE: Münhen Helmholtz Mərkəzinin tanınmış alimi, professoru, Aleksandr fon Humbolt mükafatı alan ilk azərbaycanlı alim, Alexander von Humboldt Fondunun və Fields İnstitutunun səfiri, onlarla qiymətli elmi əsərin müəllifi Məsud Əfəndiyev ciddi diferensial tənliklərlə poetik təsvirlər arasında, elmi dəqiqliklə humanitar həssaslıq arasında sərbəst hərəkət edə bilir. Onun qeyri-xətti diferensial tənliklər və dinamik sistemlər üzrə araşdırmaları dünya miqyasında tanınıb, o cümlədən, Aleksandr fon Humboldt və Fields İnstitutunun ömürlük mükafatına layiq görülüb.
Mən hər 10-15 ildən bir elmi istiqamətimi dəyişirəm
– Məsud müəllim, riyaziyyata necə gəldiniz? Sizə məhz bu yolu seçməyə sövq edən nə olub?
– Riyaziyyata gəlməyimdə yəqin ki, genetik faktor mühüm rol oynayır desəm, yanılmaram. Mən Zaqatalada azərbaycanlı müəllim ailəsində anadan olmuşam, atam orta məktəbdə tanınmış riyaziyyat müəllimi olub. Digər tərəfdən, kiməsə təəccüblü görünə bilər, amma mənə mexanika, riyaziyyat sözlərinin kombinasiyası çox müsbət təsir bağışlayırdı. Görünür, şüuraltı bu sözlərin arxasında nəsə bir strukturlaşmış qanunauyğunluqların və onların həyat üçün lazım olacaqlarının əminliyi dayanırdı. Bir misal gətirim: orta məktəbdə oxuyarkən bir gün dərsdən sonra gördüm ki, məktəbin həyətində işləyən ustalar daşları səliqəylə, hamar şəkildə düzməkdə çətinlik çəkir, istər-istəməz daşları hansı bucaq altında düzmək lazım olduğunu onlara dedim. Onlar bunu, yəqin ki, mənsiz də bilirdilər. Ancaq onların mənim sözlərimə necə diqqətlə yanaşdıqlarını, sonra bu haqda məktəbin direktoruna böyük rəğbətlə danışdıqlarını öyrənmək çox xoş idi. Təbii ki, belə şeylər insana stimul verir. Sonralar, 1970-cildə Şıxəli Qurbanov adına həmin məktəbin ilk qızıl medalçısı oldum.
– Karyeranızda hansı elmi nailiyyətləri və ya layihələri daha önəmli hesab edirsiniz?
– Bilirsiniz, elmi əsərlər bir növ övlad kimidir, birini digərindən ayırmaq çətindir. Hər halda, sual verdinizsə, buna belə cavab verərdim: elmi fəaliyyətin ilk pillələrində - istər diplom işi, istərsə də PhD dissertasiyası olsun - bir qayda olaraq elmi rəhbərlərimizin ideyalarını həyata keçiririk və bu da təbiidir. Sonrakı fəaliyyət mərhələsində isə elmi rəhbərimizin məşğul olmadığı sahələrdə əldə etdiyimiz nəticələr məhz bizim fərdi töhfəmiz sayılır. Yaradıcılığımla tanış olan həmkarlarım yaxşı bilirlər ki, mən hər 10-15 ildən bir elmi istiqamətimi dəyişirəm.
Amerikada çap olunmuş kitabımın giriş hissəsində Azərbaycan riyaziyyat məktəbinin üzvü olduğumu göstərmişəm
– Azərbaycanda və xaricdə riyaziyyat elminin inkişafını necə qiymətləndirirsiniz?
– Çox yüksək. Azərbaycanda sovet riyaziyyat elminin baniləri olan akademiklər – Zahid Xəlilov, Əşrəf Hüseynov və İbrahim İbrahimov ilə şəxsən tanış olmuşam. Onların yaratdığı elmi məktəblər sovet məkanında çoxsaylı alimlər yetişdirib, onların elmi nəticələri isə dünya səviyyəsində olan nəticələr idi.
Mən şəxsən Zahid Xəlilovun tələbəsi olmuşam və imtahan kitabçamda onun imzası ilə yazılmış “əla” qiymətinin olması ilə böyük qürur duyuram. Təəssüf ki, Zahid müəllim bizə dərs dediyi dövrdə vəfat etdi. Onun başladığı elmi nəzəriyyəni davam etdirmək məqsədilə mənim üçün Lomonosov adına Moskva Dövlət Universitetində yeni bir mərhələ başlandı – burada diplom, aspirantura və doktorantura mərhələlərini uğurla keçdim.
Zahid müəllim “Diferensial Topologiya” üzrə xüsusi kursları ana dilimizdə aparırdı. O dövrdə Azərbaycanda riyaziyyatın səviyyəsi o qədər yüksək idi ki, riyaziyyat sahəsində dünyanın bir nömrəli universiteti olan Lomonosov Universitetində təhsilimi və elmi fəaliyyətimi çox rahat və harmonik şəkildə davam etdirə bildim. 2003-cü ildə, yalnız öz imzamla Amerikada, American Institute of Mathematical Sciences (AIMS) nəşriyyatında çap olunmuş “Fredholm Structures, Topological Invariants and Applications” adlı kitabımın giriş hissəsində, Azərbaycan riyaziyyat məktəbinin üzvü olduğumu göstərmişəm və yuxarıda adlarını çəkdiyim akademiklərimizi – Zahid Xəlilov, Əşrəf Hüseynov və İbrahim İbrahimovu xoş sözlərlə yad etmişəm.
Güclü riyaziyyat məktəbləri, ictimai-siyasi formasiya dəyişsə də, müəyyən çətinliklərə baxmayaraq, büdrəmir, stabilliyini qoruyub saxlayır. Bugünkü status-kvo da məhz bunu deməyə əsas verir. Son illərdə Azərbaycanda, xüsusilə də Azərbaycan Memarlıq və İnşaat Universitetində qatıldığım beynəlxalq konfranslarda bunun şahidi olmuşam.
Son 25 ilin Nobel mükafatı laureatlarının fundamental işlərini izləsəniz, onların əksəriyyətinin məhz elmlərin kəsişməsində, məsələyə kompleks yanaşma və elmlərin konvergensiyası konsepsiyası əsasında formalaşdığını görə bilərsiniz.
Mən Aleksandr fon Humboldt mükafatını alan ilk azərbaycanlıyam
– Humboldt mükafatı və Fields İnstitutunun ömürlük mükafatı sizin üçün nə ifadə edir?
– Aleksandr fon Humboldt mükafatını 1990-cı ildə aldığım zaman fond Qərbi Almaniya hökuməti tərəfindən dəstəklənirdi. Hazırda fondun üzvləri arasında 61 Nobel mükafatı laureatının olması, onun beynəlxalq elmi ictimaiyyətdə nə qədər nüfuzlu və əhəmiyyətli bir yerə sahib olduğunu açıq şəkildə göstərir.
Aleksandr fon Humboldt mükafatı Almaniya vətəndaşı olmayan və ya Almaniyada daimi işləməyən xarici alimlər üçün nəzərdə tutulur. Bu mükafat iki əsas kateqoriyaya bölünür: istedadlı gənc alimlər üçün təqdim olunan və 40 yaşına qədər verilən mükafat “Alexender fon Humboldt Fellowship” adlanır. Təcrübəli tədqiqatçılar üçün nəzərdə tutulan və adətən yaşı 60 və daha yuxarı olan tanınmış alimlərə verilən mükafat isə “Alexander von Humboldt Award” və ya Humboldt Laureatı adlanır. Hər iki mükafat elmin bütün sahələrini əhatə edir.
Mən 40 yaşına qədər nəzərdə tutulan Aleksandr fon Humboldt mükafatını alan ilk azərbaycanlıyam. Digər tərəfdən, mən 2015-ci ildə “Alexander von Humboldt Fellowship for Experienced Researchers” mükafatını da qazanmışam və həmin proqram üzrə 3 ay ərzində Kanadanın aparıcı universitetlərində kanadalı həmkarlarımla birgə elmi fəaliyyətimi davam etdirmişəm.
Qeyri-təvazökarlıq kimi görünə bilər, amma demək istəyirəm ki, mən bu iki Aleksandr fon Humboldt mükafatını almış ilk və yeganə azərbaycanlı aliməm. Çünki 35 ildən çox davamlı olaraq Almaniyada yaşayıb fəaliyyət göstərməyimə baxmayaraq, Azərbaycan vətəndaşıyam. 1991-1993-cü illərdə Aleksandr fon Humboldt mükafatçısı kimi Stuttgart Universitetində olduğum zaman orada ABŞ-dan, İtaliyadan, Avstraliyadan, Macarıstandan, Hollandiya və digər ölkələrdən olan müxtəlif sahələrdə çalışan Humboldt mükafatçıları ilə əməkdaşlığıma başlamışdım. O vaxtdan bu günə qədər dünyanın hər yerindən olan Humboldt mükafatçıları vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda davam edirəm.
Bu mükafatlar həm də mənim Azərbaycandan və dost ölkələrdən olan gənc alimlərin Almaniyada təhsil alması və elmi fəaliyyət göstərməsi üçün onlara dəstək verməyimə böyük imkanlar yaradır.
Yuxarıda qeyd etdiyim kimi, bu mükafatlar Azərbaycan həqiqətlərinin dünya şöhrətli alimlər tərəfindən dünyaya çatdırılmasında mühüm rol oynayıb və indi də bu yanaşma davam edir.
Riyaziyyatın Məkkəsi sayılan və Torontoda yerləşən Fields İnstitutunun 2023-cü ildə ömürlük mükafatını almağımla bağlı sualınıza gəlincə, məncə, yuxarıda qeyd etdiyim Humboldt mükafatları ilə birlikdə, bu mükafatlara layiq görülmək, təkcə mənim yox, dünyada hər bir yaradıcı insanın ən böyük arzusu sayıla bilər. Bu ömürlük mükafat Fields İnstitutunun illik yığıncağında beynəlxalq münsiflər heyəti tərəfindən müsabiqə nəticəsində təyin edilir və Fields İnstitutuna, həmçinin dünyada riyaziyyatın inkişafına verilən töhfələrə əsaslanır.
Həqiqətən də, mənim həm Fields İnstitutu, həm də onunla əlaqəli universitetlərlə səmərəli elmi əməkdaşlığım 2000-ci ildən başlayır. Toronto Universiteti, York Universiteti, Ryerson Universiteti, Carleton Universiteti, Guelph Universiteti, Alberta Universiteti və Waterloo Universitetini xüsusi qeyd etmək istərdim. Düşünürəm ki, ömürlük mükafatın alınmasında 2018-ci ildə Toronto Universiteti ilə Fields İnstitutunun birgə təsis etdiyi “Thematic Program on Emerging Challenges in Mathematical Biology” proqramında mənim 6 ay ərzində Dean’s Distinguished Visiting Professor statusunda dəvət olunmağım da mühüm rol oynadı. Xüsusi vurğulamaq istərdim ki, Amerika və Kanadada Distinguished professor statusu adətən Nobel mükafatı laureatları və öz sahələrində fundamental elmi nəticələr əldə etmiş alimlərə verilir. Çox maraqlıdır ki, mən bu status barədə məlumatı 2017-ci ildə dünyanın ilk “Top 5” universitetlərindən biri olan California Institute of Technology (CalTech) universitetində seminarlarımın başlaması ərəfəsində e-mail vasitəsilə almışdım.
Əziz dostum Əziz Sancarın reaksiyasını da oxucularımızla bölüşmək istərdim. Belə ki, Əziz Sancar mənə göndərdiyi elektron məktubda bildirir ki, Türk Dünyası sizinlə iftixar edir.
Prezidentlə söhbətim zamanı maraqlı bir hadisə baş verdi
– Almaniyada yaşamağa və işləməyə necə uyğunlaşdınız? Almaniyada akademik mədəniyyət Azərbaycandakından nə ilə fərqlənir?
– Almaniya mədəniyyətini, incəsənətini, ədəbiyyatını, fəlsəfəsini və musiqisini dərindən bilməyim bu ölkəyə adaptasiya olunmağımda mühüm rol oynadı. Bununla yanaşı, 1991-ci ilin 4 yanvar tarixindən etibarən Qərbi Almaniyada davamlı şəkildə yaşamağım və Aleksandr fon Humboldt mükafatçısı olaraq Almaniya hökumətinin dəvəti ilə kimi ölkəyə gəlməyim də harmonik şəkildə uyğunlaşmağımda əhəmiyyətli amillərdən biri oldu. Maraqlıdır ki, həm “Alexander von Humboldt Fellow”, həm də “Alexander von Humboldt Award/Laureate” olanlar üçün Almaniya Prezidenti - o zaman Dr. Richard von Weizsäcker idi - tərəfindən Bonndakı Hammerschmitt villasında, adətən iyul ayında qəbul təşkil edilir. Bu məqam həmin mükafatın prestijini doğrulayır. Prezidentlə söhbətim zamanı maraqlı bir hadisə baş verdi: o, döş nişanımdakı yazıya diqqət yetirdi. Orada həm adım, soyadım, həm də təmsil etdiyim ölkə göstərilirdi. O, slavyanəsilli olmadığımın dərhal fərqinə vararaq hansı millətdən olduğumu soruşdu. Mən isə böyük qürurla azərbaycanlı olduğumu bildirdim. Prezidentin Azərbaycan haqqında kifayət qədər məlumatlı olduğunu görmək mənim üçün xoş idi. Mənim üçün böyük şərəfdir ki, hələ Sovet İttifaqı dövründə Almaniya Prezidenti ilə görüşən ilk azərbaycanlı alim olmuşam və ona Azərbaycan haqqında danışmışam.
Akademik mədəniyyətlə bağlı sualınıza gəldikdə, Almaniyada elmi ictimaiyyətə böyük hörmət və diqqət göstərilir, həmçinin elmin populyarlaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Elmə ayrılan maliyyələşmə kifayət qədər yüksəkdir və bunun üçün bir neçə ayrıca federal səviyyəli nazirlik mövcuddur.
Müəllimlik peşəsi ölkədə ən hörmətli və sevilən peşələrdən biridir. Bu mənada, Almaniyanın görkəmli dövlət xadimlərindən Otto von Bismarkın sözlərini xatırlamaq yerinə düşər: Müharibəni generallar yox, müəllimlər udur.
Bundan əlavə, Almaniyada akademik mədəniyyətin formalaşmasına universitetlərin ixtisas istiqamətlərinin yerləşdikləri federal torpaqlardakı əsas sənaye mərkəzlərinin profillərinə uyğun şəkildə seçilməsi böyük təsir göstərir.
60-dan çox azərbaycanlı tələbə və elmi işçini öz imkanlarımla Almaniyaya dəvət etmişəm
– Elmi fəaliyyətinizdə vətəniniz Azərbaycanla əlaqələriniz barədə nə deyə bilərsiniz?
– Almaniyada keçirdiyim 35 il ərzində hər il ən azı bir dəfə, son vaxtlar isə bir neçə dəfə Azərbaycana səfər etmişəm. İxtisasından asılı olmayaraq, mən Azərbaycandan olan istedadlı tələbələrlə alimlər və Almaniyanın elmi mərkəzləri arasında elmi əlaqələrin qurulmasına dəstək göstərirəm. Qürurla deyə bilərəm ki, bu müddət ərzində Almaniyadakı əlaqələrim və statusumdan istifadə edərək 60-dan çox azərbaycanlı tələbə və elmi işçini öz imkanlarımla Almaniyaya dəvət etmişəm. Onların arasında artıq professorlar və hətta akademiklər də var. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra vətənə səfərlərim zamanı bir neçə dəfə təhsil nazirləri və Elmlər Akademiyasının prezidentləri ilə görüşmüşəm. Bu görüşlər şübhəsiz ki, Azərbaycanın elm sahəsi ilə əlaqələrimin möhkəmlənməsinə xidmət edib.
Burada xüsusi olaraq Azərbaycanla elmi əlaqələrimin sistemləşməsində Milli Aviasiya Akademiyasını (MAA) və onun rektoru, akademik Arif Paşayevin fəaliyyətini xüsusi qeyd etmək istərdim. 2014-cü il martın 3-7-də Almaniyanın Münhen şəhərində Helmholtz Mərkəzində mənim 60 illiyimə həsr olunmuş "Nonlinear Phenomena in Biology, Physics and Mechanics" adlı beynəlxalq konfrans keçirildi. Bu konfransda dünyanın 30-dan çox ölkəsindən 100-ə yaxın aparıcı alim iştirak edirdi. Konfransdan bir qədər sonra Arif müəllimin köməkçilərindən biri mənə elektron poçtla məktub yazaraq növbəti Bakı səfərimdə Milli Aviasiya Akademiyası ilə əlaqə saxlamağımı tövsiyə etdi. 2014-cü ilin mayında Bakıya səfərim zamanı akademik Arif Paşayevlə görüşdüm və MAA-nın elmi şurasında çıxış etdim. Başqa sözlə, Arif müəllim vətəndə mənim 60 illik yubileyimi də qeyd etdi. O gündən etibarən MAA ilə əməkdaşlığım davam edir və Akademiyanın təşkil etdiyi, Azərbaycanın elm və təhsil sahəsi üçün örnək sayılan fevralməruzələrinin daimi iştirakçısıyam. MAA-da yaradılan bu dəyərli mühit yalnız məni deyil, xaricdə yaşayan digər Azərbaycan kökənli alimləri də özünə cəlb etmiş və Milli Aviasiya Akademiyasını bizim üçün doğma məkana çevirib. Bu proses nəticəsində Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) yaradılması təşəbbüsü meydana çıxdı və mənim onun sədri seçilməyimlə yekunlaşdı.
Keçən ilin sentyabr ayında Bakı və Xankəndidə DAAB-ın möhtəşəm birinci forumu keçirildi. Bu tədbir təkcə mənim deyil, xaricdə yaşayan digər azərbaycanlı alimlərin vətənimizin elm və təhsil sisteminə inteqrasiyasında mühüm rol oynadı.
Prezidentimizin, Ali Baş Komandanımızın forum iştirakçılarına ünvanladığı təbrik məktubu böyük ruh yüksəkliyi və alqışlarla qarşılandı. Eyni zamanda, qurulmuş peşəkar əlaqələr sayəsində 2025-ci ildə ölkənin aparıcı və nüfuzlu ali təhsil müəssisələrindən biri olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorunun müşaviri vəzifəsinə təyin olundum. Sözügedən forumun yüksək səviyyədə təşkil olunmasında Diaspora Komitəsinin və Elm və Təhsil Nazirliyinin rolunu xüsusi olaraq qeyd etmək istəyirəm.
– Ümummilli Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitabınız prestijli Springer nəşriyyatında çap olunub. Bu əsəri yazmağa sizi nə təşviq etdi?
– Yuxarıda da qeyd etdiyim kimi, 1970-ci ildə Zaqatala şəhərində yerləşən Şıxəli Qurbanov adına orta məktəbi bitirmişəm və bu məktəbin ilk qızıl medallı şagirdi olmuşam. Biz 1970-ci ilin qızıl medalçıları, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövrünün ilk medalçıları sayılırıq. Bu medalçıların sosial tərkibi əvvəlki illərdən xeyli fərqlənirdi. Bu, Ulu Öndərin 1969-cu ilin iyulun 14-dən, Azərbaycan KP MK-ya rəhbərlik etdiyi gündən etibarən ölkədə aparılan gələcəyə yönəlik islahatların nəticəsi idi. Ulu Öndər ovaxtkı Sovet məkanının aparıcı universitetlərində azərbaycanlı gənclərin təhsil alması üçün şərait yaratdı və onların sayını həndəsi silsilə ilə artırdı. Xalq arasında “inoqorodnik” adlandırılan bu tələbələr sonrakı illərdə həyatımızın bütün sahələrində mühüm rol oynadılar. Mən də onlardan biri oldum.
Məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində biz keyfiyyətli təhsil ala bildik və Azərbaycanımıza qayıdaraq onunla birgə çalışmağa, ona dayaq olmağa başladıq. 2023-cü ildə dünyanın ən nüfuzlu nəşriyyatlarından olan Springer tərəfindən ingilis dilində, Ulu Öndərin 100 illiyinə həsr olunmuş kitabım onun hamımız üçün gördüyü işlər qarşısında bir vəfa borcumdur və bundan böyük qürur duyuram.
2023-cü il mayın 2-də Bakıda, Heydər Əliyev Sarayında keçirilən, onun 100 illiyinə həsr olunmuş möhtəşəm tədbirdə – burada iştirak edənlərin çoxu vaxtilə Ulu Öndərin təhsil almağa göndərdiyi tələbə və aspirantlar idi – çıxışım zamanı dünyanın ən mötəbər nəşriyyatlarından olan Springerin yayımladığı kitabımı təntənəli şəkildə təqdim etdim. Düşünürəm ki, bu, Ulu Öndərə Springer nəşriyyatı tərəfindən ingilis dilində çap olunmuş və xaricdə 35 ildən çox davamlı yaşayan, Azərbaycan vətəndaşlığını saxlayan bir riyaziyyatçı alim tərəfindən hazırlanmış ilk və hələlik yeganə kitabdır. Bu, Ulu Öndərin məşhur sözü ilə nə qədər harmoniyadadır: Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!
Ən çox sevdiyim yazıçı Hermann Hessedir
– Siz fəal şəkildə ədəbiyyata maraq göstərirsiniz. Hansı kitablar və ya müəlliflər dünyagörüşünüzə daha çox təsir edib?
– Tamamilə haqlısınız. Fundamental elm sahəsinin nümayəndəsi olmağıma baxmayaraq, hesab edirəm ki, humanitar sahə bəşəriyyətin tarixində fundamental elmlər qədər, bəlkə də müəyyən dövrlərdə daha mühüm rol oynayıb. Fikrimcə hər bir insanın həyatında ədəbiyyatın öz yeri var. Çünki ədəbiyyat yalnız müəllifin keçdiyi xoşbəxt və təlatümlü yolları, şəxsi təcrübəni əks etdirmir, eyni zamanda, bəşəriyyətin xoşbəxt gələcəyi naminə vacib məqamları açıq şəkildə göz önünə sərir və bu çətinliklərin aradan qaldırılması yollarını göstərir. Mən elmi ədəbiyyata da məhz bu prizmadan yanaşıram.
Ən yaxşısı, burada məşhur fizik Albert Eynşteynin fikrini xatırlamaq yerinə düşər: Dostoyevski mənə Gaussdan daha çox şey öyrətmişdir.
Dəfələrlə oxuduğum və çox sevdiyim müəlliflər arasında Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Bəxtiyar Vahabzadəni xüsusi qeyd etmək istərdim. Eyni zamanda, 1960-cı illərin ədəbi mühitində yetişmiş Azərbaycan yazıçılarının əsərlərini də bu sıraya əlavə etmək olar. İnanın ki, bu siyahını çox uzatmaq mümkündür, amma ilk ağlıma gələn yazıçı Kamal Abdulladır. Mən onun çoxşaxəli fəaliyyətini dərindən izləyirəm və Yaponiyada olduğum beynəlxalq konfransların birində kitab mağazasında onun yapon dilinə tərcümə edilmiş “Yarımçıq əlyazma” kitabını da almışdım.
Ən çox sevdiyim yazıçı isə - bəziləri bu fikrimi vətənpərvərlikdən uzaq bilib, buna görə mənə irad da tutula bilər - Hermann Hessedir. Bu sevgimin bir səbəbi də uzun illər Almaniyada yaşamış olmağımdır. Məni tanıyanlar bilir ki, sovet dövründən bəri Hesse mənim üçün hər zaman xüsusi yerdə olub. Hermann Hesse Baden-Württemberg əyalətinin Kalw şəhərində anadan olub. Bu şəhərdə ona həsr olunmuş ədəbiyyat konfransına Almaniyada Hermann Hesse üzrə tanınmış ekspert və Azərbaycanın dostu olan Uli Rothfuss tərəfindən dəvət edilmişdim. Bu da mənim üçün çox dəyərli bir təcrübə olmuşdu.
Riyaziyyat ədəbiyyatdan fərqli olaraq, insanlıq üçün faydalı olmayan məqsədlərə də yönəldilə bilər
– Sizcə, riyaziyyat və ədəbiyyat arasında hansı əlaqə var?
– Hər ikisi bəşəriyyətin daha gözəl və dəyərli gələcəyinə xidmət edir. Riyaziyyat, fundamental elmlər sahəsinin bir qolu kimi, bəzən ədəbiyyatdan fərqli olaraq, insanlıq üçün faydalı olmayan məqsədlərə də yönəldilə bilər. Bəzi biliklərin yanlış məqsədlərə aparan yolu da ola bilər...
Bu tip təhlükələr barədə fikirlər fantastika janrında yazan bir çox yazıçının əsərlərində ifadə olunub. Yadıma amerikalı yazıçı Henri Katnerin 1943-cü ildə yazdığı "The Proud Robot" (“Təkəbbürlü Robot”) adlı hekayəsi düşür. Bu əsər günümüzlə səsləşir və süni intellektin doğura biləcəyi fəsadlara qarşı alimləri və siyasətçiləri ehtiyatlı olmağa çağırır.
– Sizin fikrinizcə, gənc bir alim karyerasında uğur qazanmaq üçün hansı keyfiyyətlərə malik olmalıdır?
– Nə qədər fitri istedadınız olsa da, fundamental elmi nəticələrin əsasında böyük zəhmət, daim öz üzərində çalışmaq və qarşıya qoyulan məqsədə çatmaq üçün əzmkarlıq dayanır.
Moskva Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində bu fikri təsdiq edən çox gözəl bir nümunəni müəllimlər tez-tez tələbələrə danışırdılar. İcazənizlə mən də onu qısa şəkildə danışım: Bir professorun iki tələbəsi vardı. Biri fitri istedada malik, "olimpiada düşüncəli" bir gəncdir. Məsələləri tez həll edirdi, analitik qabiliyyəti çox yüksəkdir. Digəri isə fitri istedadı olmasa da, son dərəcə çalışqan və inadkardır. O, məsələləri digərinə nisbətən gec həll edir, lakin nəticə əldə etməyi bacarırdı. Müəllim hər iki tələbəyə çox çətin bir məsələ tapşırır. Məqsəd onların gələcəkdə elmi tədqiqat işləri aparmaq üçün nə dərəcədə hazır olduqlarını yoxlamaq olur. Fitri istedadı olan tələbə yarım il boyunca məsələ üzərində çalışsa da, nəticə əldə edə bilmir və marağını itirərək onu yarımçıq qoyur. Digər tələbə isə bir ildən sonra həmin məsələni həll edib, müəllimin qarşısına çıxarır. Uzun sözün qısası: zəhmət, zəhmət və yenə də zəhmət! Elm yolunda irəliləmək üçün davamlı çalışmaq, səbir və əzmkarlıq əsas amillərdir.
– Riyaziyyatın gələcəyini və onun insanlığın qlobal problemlərinin həllində rolunu necə görürsünüz?
– Mən 10 il ərzində Moskva Dövlət Universitetində, o dövrdə dünyada bəlkə də bir nömrəli riyaziyyat üzrə seminar sayılan İsrail MoiseyeviçGelfandın seminarlarının daimi iştirakçısı olmuşam. Gelfand tez-tez qeyd edirdi ki, fundamental elmdən "bir an içərisində" konkret nəticə ummaq doğru yanaşma deyil. Eyni zamanda, o, dəfələrlə vurğulayırdı ki, fundamental elmlərə ayrılan büdcə vəsaitləri heç vaxt yetərli olmayıb. Gelfandın bir fikri bu gün də aktualdır: “Yeni və dərin riyazi nəzəriyyələr yarandığı zaman onların dərhal tətbiqini gözləmək lazım deyil. Lakin orta və uzun müddətdə həmin nəzəriyyələr hökmən tətbiq sahəsi tapacaqdır”. Bu, elm tarixində normal və təbii bir prosesdir.
Bu fikirlə bağlı alman filosofu Artur Şopenhauerin məşhur ifadəsi yadıma düşür: “Hər bir həqiqət üç mərhələdən keçir: birinci mərhələdə onu məsxərəyə qoyurlar; ikinci mərhələdə ona şiddətlə qarşı çıxırlar; üçüncü mərhələdə isə artıq aydın və danılmaz bir həqiqət kimi qəbul edirlər”.
Bəşəriyyət tarixindən bu fikri təsdiqləyən yüzlərlə nümunə göstərmək olar. Odur ki, həm humanitar, həm də fundamental elmlər insanlığın işıqlı gələcəyinin formalaşması prosesində daim mühüm rol oynayıblar, oynayırlar və gələcəkdə də oynayacaqlar.
Uzağa getməyə ehtiyac yoxdur — COVID-19 pandemiyası dövründə hər gün verilən qərarların nə qədər həyati əhəmiyyət daşıdığını, gecikmiş qərarların isə nə qədər insanın həyatını itirməsi ilə nəticələndiyini öz gözlərimizlə gördük. İnsan faktorunun düzgün qiymətləndirilməsi, epidemiologiyada “behavioral mathematical epidemiology” - davranış yönümlü riyazi epidemiologiya adlanan sahənin inkişafı, xəstəxana çarpayılarının ehtiyac planlaması, vaksinlərin qısa müddətdə hazırlanması, vaksin tapıldıqdan sonra hansı qrupların prioritet olacağı və bunun iqtisadiyyatdakı əks-sədası kimi vacib məsələləri riyazi modellərsiz həll etmək mümkün deyildi.
2019-cu ilin sentyabr ayından etibarən mən Kanadanın aparıcı universitetlərindən olan Waterloo Universitetinə, daha sonra isə York Universitetinə və Fields İnstitutuna, James D. Murray Distinguished Professor (fərqlənmiş professor) statusunda dəvət olunmuşdum. Qeyd edim ki, James D. Murray Qərbdə riyazi biologiyanın banilərindən sayılır.
2020-ci ilin avqust ayının sonuna qədər həmin qurumlarda elmi fəaliyyətimi davam etdirdim. Pandemiyanın dünyanı sarsıtdığı dönəmdə Kanadada idim. 2020-ci ilin fevralın 13–14-də Ontario hökuməti, Fields İnstitutunda müxtəlif sahələrdən həkimlər, fiziklər, psixoloqlar, tarixçilər, immunoloqlar, epidemioloqlar, iqtisadçılar və s. olan mütəxəssisləri bir araya gətirərək “beyin fırtınası” adlı iki günlük bir tədbir təşkil etdi.
Bu tədbirdə biz 24 saat fasiləsiz çalışaraq Kanada hökuməti üçün COVID-19-dan çıxış yollarını, həmçinin müvafiq riyazi modelləri müzakirə etdik və rəy formasında təqdim etdik. Nəticə etibarilə, müxtəlif vaksin versiyaları qısa müddət ərzində hazırlandı və insanların həyatı xilas edildi. Elm bəşəriyyətə sədaqətini bir daha sübut etdi və həmişə olduğu kimi bu dəfə də sınaqdan üzüağ çıxdı.
– “Harmoniya dünyanı xilas edəcək” – bu fikir bu gün getdikcə daha çox “Riyaziyyat dünyanı xilas edəcək” ifadəsi ilə əvəz olunur. Siz buna necə yanaşırsınız?
– Həqiqətən də, “Riyaziyyat dünyanı xilas edəcək” fikri elmi ictimaiyyətdə getdikcə daha çox qəbul olunur. Hazırda mən müxtəlif ölkələrdən olan həmkarlarımla birgə qlobal problemlərin həllinə yönəlmiş bir sıra riyazi modellər üzərində çalışıram. Biz yerli hərbi münaqişələrdən qaynaqlanan miqrasiya proseslərinin modelləşdirilməsi, meşə yanğınları ilə bağlı riyazi ekoloji modellər, onkoloji xəstəliklər zamanı apoptoz modelləri, çirklənmiş və təmiz su axınlarının qarışmasının qarşısının alınması, həmçinin süni intellektin mənfi təsirlərini məhdudlaşdırmağa yönəlmiş riyazi alqoritmlərin hazırlanması üzərində çalışırıq. Biz inanırıq ki, belə alqoritmlər süni intellektin sürətli inkişafı ilə bağlı risklərin yumşaldılmasına kömək edə bilər. Təbii ki, başqa çoxsaylı istiqamətlər də mövcuddur, lakin zaman və həcm məhdudiyyətlərinə görə hamısına toxunmayacağam.
– İşə konsentrasiya olmağa kömək edən ritual və ya vərdişləriniz varmı?
– Bəli, boş vaxtlarımda futbol oynamağı, oxumağı, musiqi dinləməyi və rok-n-roll stilində rəqsləri izləməyi sevirəm. Bu məşğuliyyətlərlə bağlı maraqlı bəzi hekayələrim var, onları bölüşmək istərdim. Almaniyada universitetdən olan həmkarlarımla hər cümə günü illik icarəyə götürdüyümüz idman zalında - təbii ki, Almaniyada olduğum müddətdə mən də qatılıram - futbol oynayırıq. Hər professor əlavə olaraq üç nəfəri də dəvət edə bilər. Oyundan sonra yeni gələnlərin əksəriyyəti mənə çox vaxt deyirlər:“wenn man sieht, wie Sie mit dem Ball umgehen, erkennt man gleich den Profi-Spieler”. Tərcüməsi belədir: “Hörmətli professor, topla necə davrandığınızdan bilinir ki, keçmişdə peşəkar oyunçu olmuşunuz”. Bu sözlərdə həqiqət payı var. Məktəbdə oxuyarkən mən Zaqatala “Daşqın” gənclər komandasının üzvü idim, bu komanda SSRİ-nin hazırlıq qrupunun daxilində idi, həmçinin Azərbaycan gənclər yığmasının iştirakçısı qismində Zaqatalada təlimlərdə olmuşam.
– Gündəlik həyatda sizi nə ruhlandırır – həm elmdə, həm də ondan kənarda?
– Bəşəriyyətə xidmət edən hər yeni kəşf, dərin riyazi nəzəriyyə, əvvəllər həlli mümkünsüz sayılan məsələlərin gözəl və sadə həlləri - buna “convergence of sciences” deyirlər – “interdisciplinary” və ya “multidisciplinary” tədqiqatlarla qarışdırmayaq, ailəmin və övladlarımın uğurları, tələbələrimin, həmkarlarımın, həmçinin müzəffər xalqımın əldə etdiyi nailiyyətlər, incəsənət əsərləri, gözəl musiqi, fərqi yoxdur, istər klassik musiqi olsun, istərsə də pop, caz və ya hətta hard-rock, dərin məzmunlu kitablar, gözəl ifalar və s. bütün bunlar məni ilhamlandırır. Əgər qısa cavab verməli olsam, deyərdim ki, hər bir prosesdəki harmoniya və hər gün yeni nəsə öyrənmək mənim üçün əsas ilham mənbəyidir. "Gözəllik dünyanı xilas edəcək" fikri isə mənim bu suala verdiyim cavabın yığcam ifadəsi kimi qəbul edilə bilər.
– Məsud müəllim, eşitmişəm ki, bu yaxınlarda riyaziyyatın Məkkəsi sayılan Fields İnstitutunun yeni direktoru ilə birlikdə Bakıda olmusunuz. Səfərinizin məqsədi nə idi?
– Bəli, doğrudur. 2025-ci ilin avqustun 27-dən 30-na qədər Fields İnstitutunun yeni direktoru professor Dr. Haskell ilə birlikdə Bakıda olduq. Səfər çərçivəsində iki gün ərzində ADA Universitetində Fields İnstitutu ilə ADA Universiteti arasında əməkdaşlıq memorandumunun son versiyasının hazırlanması üzərində işlərimizi davam etdirdik. Avqustun 29-da isə ADA Universitetinin rektoru professor Hafiz Paşayevin iştirakı ilə həmin memorandum rəsmi şəkildə imzalandı.
Xüsusi qeyd etmək istərdim ki, bu mərhələyə qədər hər iki tərəf bir sıra ilkin hazırlıq işləri görmüşdü. Mənim 70 illiyim münasibətilə 2023-cü ildə 23–26 oktyabrda Bakıda dövlətimizin təşkil etdiyi “Nonlinear Phenomena in Biology, Physics, Mechanics and Ecology” adlı beynəlxalq konfrans zamanı Fields İnstitutunun sabiq direktoru professor Kumar Murty də iştirak edirdi. Həmin konfransda o, mənə Fields İnstitutunun ömürlük mükafatını təqdim etmişdi.
Bakıda olduğu müddətdə professor Kumar Murtynin ADA Universitetində Hafiz müəllimlə iki saatdan artıq çəkən görüşü zamanı əməkdaşlığın mümkün istiqamətləri və prioritet məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparıldı. Bu ilin fevral ayında mən Distinguished professor statusunda Toronto şəhərində olduğum zaman həm sabiq, həm də yeni direktorla bir araya gələrək memorandum üzərində işimizi davam etdirmişdim.
Bildirmək istəyirəm ki, həmin memorandumda Azərbaycan elmi və təhsilinin inkişafı üçün, xüsusən dəriyaziyyat sahəsində ən vacib istiqamətlər öz əksini tapıb. Ənənəyə sadiq qalaraq, professor Deirdre Haskell ilə birlikdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla da görüşdük.
– Sevimli kitabınız?
– Mən ən azı on kitabın adını çəkə bilərəm. İlk olaraq “Muncuq oyunu”, Hermann Hesse.
– Sevimli riyaziyyatçınız?
– Burada da ən azı on nəfərin adını çəkərdim. İcazənizlə üç nəfəri qeyd edim: Zahid Xəlilov, David Hilbert və Henri Poincaré.
– Hansı daha çətindir – yaxşı sübut yazmaq, yoxsa yaxşı mətn?
– Hər ikisi.
– Ədəbiyyat yoxsa musiqi?
– Hər üçü — ədəbiyyat, musiqi və incəsənət.
– İntuisiya, yoxsa məntiq?
– İntuisiya. Artur Şopenhauren sözləri ilə desək: "Die Intuition ist die Aristokratie der Seele!" — İntuisiya ruhun aristokratiyasının təzahürüdür.
– Səhər, yoxsa gecə?
– Hər ikisi, çünki bu, məkandan asılı olaraq dəyişir.
– Əl ilə yazmaq yoxsa klaviatura ilə?
– İmkan daxilində əl ilə yazmağa üstünlük verirəm.
Söhbətləşdi: Etimad Başkeçid (yazıçı, tərcüməçi)