EN

Tərli ovuclar ciddi xəstəliklərin əlaməti ola bilər – həkim xəbərdarlıq etdi

Rusiyalı nevroloq Kseniya Arifjanova xəbərdarlıq edib ki, ovucların davamlı tərləməsi mərkəzi sinir sisteminin pozğunluqları və ya endokrin xəstəliklər kimi ciddi problemlərin əlaməti ola bilər.

E-saglam.az xəbər verir ki, həkim “Gazeta.ru”ya müsahibəsində bildirib ki, tər vəzilərinin fəaliyyəti avtonom sinir sistemi tərəfindən idarə olunur və normal hallarda tərləmə yalnız fiziki gərginlik, emosional stress və ya bədən temperaturunun yüksəlməsi zamanı artır.

“Əgər avtonom sinir sistemində nasazlıq yaranarsa, o zaman tər vəzilərinə yanlış siqnallar ötürülür və nəticədə tərləmə normadan artıq olur. Bu vəziyyət elmi ədəbiyyatda hiperhidroz adlanır. Hiperhidroz bəzən bütün bədəndə, bəzən isə yalnız müəyyən nahiyələrdə — məsələn, ovuclar, ayaqlar və ya üz hissəsində müşahidə olunur. Ovucların həddindən artıq tərləməsi isə palmar hiperhidroz adlanır”, – deyə Arifjanova izah edib.

Mütəxəssisə görə, palmar hiperhidrozun çoxu ilkin (idiopatik) xarakter daşıyır, yəni başqa xəstəliklərlə əlaqəli olmur və adətən uşaqlıq və ya yeniyetməlik dövründə özünü göstərir. Genetik meyillilik də bu prosesdə mühüm rol oynayır.

“Bu vəziyyət həyati təhlükə yaratmasa da, insanın həyat keyfiyyətini ciddi şəkildə azalda bilər. Daimi nəm ovuclar narahatlıq, sosial gərginlik və özünə inamın azalmasına səbəb olur. Hiperhidroz bəzən xroniki stress və ya emosional yüklənmənin nəticəsi kimi də meydana çıxır və bu, sinir sisteminə ‘istirahət vermək vaxtıdır’ siqnalı sayılır,” – həkim əlavə edib.

Bununla belə, ikincil hiperhidroz da mümkündür — bu halda o, artıq müstəqil xəstəlik deyil, digər ciddi patologiyaların simptomu kimi yaranır. Əgər tərləmə təkcə ovuclarla məhdudlaşmırsa və kilo itkisi, zəiflik, başgicəllənmə, qızdırma və ya titrətmə ilə müşayiət olunursa, həkimə müraciət vacibdir.

İkincil hiperhidrozun səbəbləri arasında şəkərli diabet, qalxanabənzər vəzinin hiperaktivliyi, sinir sistemi pozğunluqları, beyin qan dövranı problemləri və bəzi dərmanların qəbulu (antidepressantlar, hormonal preparatlar, opioidlər) yer alır.

“Əgər tərləmə gündəlik həyata mane olursa, əşyalar əllərdən sürüşürsə, əllər səbəbsiz nəm qalırsa və vəziyyət başgicəllənmə, sinə ağrısı və ya nəfəs darlığı ilə müşayiət olunursa, təcili tibbi yardım çağırmaq vacibdir — bu, kəskin ürək-damar pozğunluğuna işarə edə bilər,” – deyə nevroloq bildirib.

Mütəxəssis əlavə edib ki, həkimlə məsləhətləşmək ovucların tərləməsinə səbəb olan faktoru müəyyən etməyə və ən uyğun müalicə üsulunu seçməyə kömək edəcək. İlkin hiperhidroz zamanı müalicə dərman vasitələri, yerli preparatlar, botulin toksin inyeksiyaları və digər metodlarla həyata keçirilə bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
9
e-saglam.az

1Sources