EN

Ucqar kənddə dərs deyən müəllim: “Şagirdlərin təhsilinə dəstək vermək üçün buradayam”

Təhsil insan həyatında yönverici rol oynayan əsas sütunlardan biridir. Bu sütunun möhkəmliyi isə ilk növbədə müəllimin peşəkarlığından, sədaqətindən və fədakarlığından asılıdır.

Böyük şəhərin rahatlığını deyil, məsuliyyətin və missiyanın daha ağır olduğu kənd məktəbinin yollarını seçən gənc müəllimlərdən biri də Leyla Kərimovadır.

O, gənc yaşda olmasına baxmayaraq, öyrətməyə, dəyişməyə və inşa etməyə inanır.

Bu məqsədlə AzEdu.az Leyla müəllimlə əlaqə saxlayaraq onun müəllimlik yoluna necə başladığını, qarşılaşdığı çətinlikləri və bu yolda qazandığı dəyərləri daha yaxından öyrənib.

Müsahibəni təqdim edirik:

- Leyla müəllimsizi oxucularımıza daha yaxından tanıtmaq istərdik.

- Mən, Kərimova Leyla Xanlar qızı, 2003-cü il oktyabrın 25-də Ucar rayonunda anadan olmuşam. 2009-cu ildə Ucar rayonunun Qazqumlaq kənd 1 nömrəli tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşam. 2021-ci ildə Bakı Slavyan Universitetinə qəbul olunaraq Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil almışam. Hazırda magistratura pilləsi üzrə təhsilim yoxdur.

- Müəllim kimi nə vaxtdan fəaliyyət göstərirsiniz?

- Bu il ali məktəbi bitirmişəm və bu, mənim ilk müəllimlik təcrübəmdir. Əslində MİQ imtahanına xüsusi hazırlaşmamışdım. Sadəcə iştirak etmək istədim. O dövrdə magistraturaya hazırlaşırdım, lakin sonradan fikrimi dəyişib müəllim kimi fəaliyyətə başlamağı qərara aldım. Hazırda daimi yerə qəbul olunduğum üçün növbəti 3 il ərzində Lerik rayonunun Soru kəndində işləyəcəyəm.

- Bəs nə üçün məhz Lerikdə işləməyə qərar verdiniz? Ümumiyyətlə, Lerikdə olmağınız ilk dəfədir?

- Həmişə cənub bölgəsinə xüsusi marağım olub. Lerik və Yardımlı arasında seçim edirdim və sonda Leriki seçdim. Buranın kənd mühiti, insanların mehriban və qayğıkeş olması məni çox cəlb etdi. Hətta düşünürəm ki, 3 ildən sonra da fəaliyyətimi burada davam etdirə bilərəm. Hər zaman demişəm ki, müəllimlik fəaliyyətimə ucqar kəndlərdən başlamaq istəyirəm, çünki belə mühit mənə çox maraqlı və mənalı gəlir.

Lerikdə ilk dəfədir oluram. Ailəm Bakıda yaşayır, mən isə burada tək qalmıram - iki müəllim yoldaşımla birgə eyni yerdə yaşayırıq.

- Ailənizdən ilk dəfə uzaqdasanız. Bu, siz və ya valideynləriniz üçün çətin olmadımı? Yeni mühitə uyğunlaşa bildinizmi?

- Əlbəttə, bəzən darıxma hissi olur. Amma çox qısa zamanda uyğunlaşa bildim. Burada insanlar o qədər doğma və isti münasibət göstərirlər ki, özünü yad hiss etmirsən. Ailəmlə mütəmadi əlaqə saxlayıram, bəzən onlar yanıma gəlirlər. Bu münasibət və dəstək mənə güc verir.

- Leyla müəllim, bu peşəni seçməyinizə səbəb nə idi?

169828

- Məktəb illərimdən müəllim olmaq arzum olub. Həmçinin, mənim üçün bir hazırlıq müəllimim ideal nümunə olub və mən hazırda onun yolunu davam etdirirəm. Hər zaman arzulamışam ki, onun kimi bir müəllim olum. Hazırda özümü həqiqətən də elə bir yerdə görürəm.

- Bəs sizə görə, gənc yaşda müəllim olmaq insana hansı üstünlükləri və ya çətinlikləri qazandırır?

169825

- Çətinliyi odur ki, hazırda yaşadığım şəraitə görə ailəmdən uzaqdayam. Lakin üstünlükləri daha çoxdur. İlk növbədə, günümüzdə gənc kadrlara tələbat çoxdur. Buradakı şagirdlər şəhər şagirdləri ilə müqayisədə daha məhdud imkanlarda təhsil alırlar. Əlimdən gəldiyi qədər onlara kompüter biliklərinin öyrənilməsində kömək göstərirəm.

- Neçə müddətdir ki, rayondasınız?

- Hazırda 20 gündən çoxdur ki, buradayam.

- Rayonla bağlı ilk təəssüratlarınız necə oldu?

- İlk dəfə kəndə gələndə heyvanlara maraq göstərdim. Düzdür, evlərin şəraitini belə təsəvvür etmirdim, lakin gözlədiyimdən aşağı oldu. Buna baxmayaraq, mən bunu heç zaman özümə şikayət edib dərd etməmişəm. Problem yaradan insan deyiləm, əksinə, problemi həll etməyə çalışıram.

- Şagirdlərinizlə münasibətiniz necədir?

- Onlarla münasibətim həddindən çox yaxşıdır. Hələ bura gələndən demək olar ki, evə çörək almamışam, çünki hər dəfə kiminki evində çörək bişirsə, həmin şagird onu mənim üçün gətirir. Hələ həyətdən meyvə dərib gətirənlər də var. Bu zona balı ilə çox məşhurdur. Şagirdlərim mənə bal, süd gətirirlər. Belə deyim, kəndə məxsus qidalarla bizi tam təmin edirlər. (gülür)

- Böyük şəhərdən fərqli olaraq, kənd məktəblərində müəllim olmaq hansı baxımdan fərqlidir? 

169823

- Mənə ən çox motivasiya verən şagirdlərimin saf sevgisi və tərbiyəsidir. Şəhər məktəblərində praktikada olmuşam və oradakı uşaqlar daha ərköyn olurlar. Amma buradakı uşaqlar elə deyil. Kənd məktəbi olduğu üçün düşünməyin ki, uşaqlar zəif oxuyur. Qətiyyən, belə deyil.

- Bu günə qədər “Bunun üçün bu peşəni seçməyə dəyərmiş” dediyiniz an olubmu?

- Əlbəttə olub. Məsələn, Müəllimlər Günündə şagirdlərim saat 00:00-u gözləyib məni təbrik yazmışdılar. Hətta sinifində dərs demədiyim uşaqların mənə olan sevgisi çox möhtəşəm bir hissdir.

Dəhlizdə olarkən başqa bir sinifin şagirdi əlimdən tutub “Müəllim, gəlin bizə dərs keçin” deyəndə o qədər böyük bir duyğu yaşayırdım ki…

- Neçənci siniflərə dərs keçirsiniz?

169827

- 7, 8 və 10-cu siniflərə dərs keçirəm. Həmçinin 10-cu sinfin sinif rəhbəriyəm.

- Ailənizin və yaxınlarınızın kənddə işləməyinizə münasibəti necə oldu?

- Mənim ən böyük dəstəkçim ailəmdir. Hər bir qərarımda yanımda olublar. Bu qərarımı da çox normal qarşıladılar və mənə güvəndilər.

- Sizin kimi olmaq istəyən gənc müəllimlərə nə tövsiyə edərdiniz?

- İlk növbədə arzularının arxasınca getməyi məsləhət görərdim. “Kim nə deyər, kim necə düşünər” kimi fikirlər insanı geri salır. Əsas odur ki, xəyallarının ardınca getsinlər. O zaman insan həqiqətən xoşbəxt olur.
Bəlkə də həyatımın ən gözəl günlərini indi yaşayıram. Düşünürəm ki, 3 il, hətta 5 ildən sonra hansısa yüksək vəzifədə olsam belə, burada gördüyüm o sevgini, istiliyi heç yerdə tapa bilmərəm.
Bura mənim yaddaşımda daim qalacaq bir yerdir.

Chosen
13
azedu.az

1Sources