EN

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanı keçirilib

Bakı, 10 oktyabr, AZƏRTAC

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmaqla, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən dövlət gənclər siyasətinin tələblərinə və beynəlxalq standartlara uyğun olaraq, hazırlıq səviyyəsi və mənəvi keyfiyyətləri ilə seçilən gənclərin cəmiyyətdə layiqli yer tutması məqsədilə gənc hüquqşünasların tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında prokurorluq orqanlarında qulluğa qəbulu üzrə görülən tədbirlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq Baş Prokurorluq tərəfindən elan edilmiş sayca 27-ci müsabiqənin Dövlət İmtahan Mərkəzi ilə birgə oktyabrın 10-da ilkin mərhələsi olan test imtahanı keçirilib.

İmtahan saat 10:00-dan başlayaraq 3 saat ərzində kompüterlər vasitəsilə elektron qaydada Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 50 ünvanında yerləşən Elektron imtahanlar korpusunda keçirilib və imtahanı qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə ediblər.

Müsabiqə ilə bağlı müraciəti qeydə alınmış 349 namizəddən 320 nəfəri imtahanda iştirak edib, onlardan 70 və daha artıq bal toplamış namizədlər müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanacaqlar.

Nəticələr Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) və Baş Prokurorluğun (www.genprosecutor.gov.az) rəsmi internet səhifələrində yerləşdiriləcək.

İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə Baş Prokurorluğun rəsmi internet səhifəsi və sosial şəbəkə hesabları vasitəsilə əlavə məlumat veriləcək.

Chosen
19
6
azertag.az

7Sources