BAKI, 10 oktyabr. TELEQRAF
Futbol üzrə Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa yığmasına qarşı çətin sınağa çıxacaq. Çünki yığmamız tarixinin ən ağır məğlubiyyətini məhz Fransadan alıb. 30 il öncə Avropa çempionatının seçmə mərhələsinin I qrupu çərçivəsində keçirilən Fransa–Azərbaycan qarşılaşması hələ də futbol ictimaiyyətinin yadından çıxmayıb. 0:10 hesablı məğlubiyyətlə tarixin yaddaşına “Oser faciəsi” kimi düşən həmin görüş yenidən eyni qorxunu – oxşar hesabın alınması təhlükəsini yada salır. Məhz bu səbəbdən hələ DÇ-2026-nın püşkatmasında rəqiblərimiz bəlli olan zaman da çoxları bu püşkü uğursuz adlandırmışdı. Ona görə də əksəriyyət böyükhesablı məğlubiyyət olacağınız düşünür.
Ötən gün keçirilən mətbuat konfransında Fransa millisinin baş məşqçisi Didye Deşamp “Real Madrid”in hücumçusu Kilian Mbappenin də oyunda iştirak etmə şansını yüksək dəyərləndirib. Futbolçunun özünün də millinin bombardiri olmaq uğrunda həvəsli iştirakı işimizi daha da çətinləşdirə bilər.
Teleqraf Ağasəlim Mircavadovun rəhbərliyi altında 1995-ci il sentyabrın 6-da Oserdə çıxış edən və “11-lik”də yer alan millinin veteran futbolçularının fikrini öyrənib.
Yığmanın sabiq yarımmüdafiəçisi Şahin Diniyev həmin dövrü xatırlayaraq açıqlamasında qarşılaşma ilə bağlı gözləntilərini belə ifadə edib: “Bugünkü görüş dramatik oyundur. Güclər bərabər deyil. Səviyyə, oyunçu, komanda, individual və keyfiyyət baxımından Fransa bizi üstələyir. Ancaq bu, o demək deyil ki, biz meydana çıxmamalıyıq. Əlbəttə, bugünkü oyun bizim üçün həyəcanlıdır. Hər birimiz futbolçuların yerinə bu matçı gözləyirik, sanki özümüz meydançaya çıxacağıq. Ona görə çox həyəcan keçiririk, bu, futbolçulara keçməməlidir. İlk 15-20 dəqiqədə futbolçularımız tab gətirə bilsə, azarkeşlərin və Fransanın presinq təzyiqinə davam gətirsə, dəqiqələr keçdikcə oyunçularımızın özünəinamı artacaq. Ən başlıcası da bu olacaq. Müdafiədə sıx oynamaq, mövqe verməmək, boşluqlar yaratmamaq və daha sadə, etibarlı müdafiə olunmaq vacibdir. Bu, reallıqdır. Bu gün biz ikinci nömrə kimi oynayacağıq. Ona görə birinci nömrə Fransadır – onlar hücum edəcək, biz isə müdafiə olunacağıq. Ola bilər ki, əks-hücumlarımız alınsın. Standart vəziyyətlərdə Fransaya qarşı daha ehtiyatlı olmaq lazımdır. Bu sarıdan Fransa haqqında danışmağın özü absurddur, çünki dünyanın top millilərindən biridir. Həm dünya, həm də Avropa çempionu olmuş komandadır. Mbappenin oynayıb-oynamaması böyük təsir göstərməz, amma onun meydanda olması, lider xarakterli davranışı və balaca yerdə belə bir neçə oyunçunu fərdi sürət və driblinq hesabına keçməsi bizim üçün problemlər yarada bilər. Bu baxımdan böyük təsir ola bilər. Lakin Mbappenin oynaması da sual altındadır. Ola bilər oynasın – özü də oynamaq istədiyini demişdi. Amma Fransa təkcə Mbappedən ibarət deyil. Hamısı dünyanın ən böyük klublarında çıxış edən ulduz futbolçulardır.
O vaxtdan 30 il keçib. Futbol çox da dəyişməyib – nə biz çox irəli getmişik, nə də Fransa geri düşüb. Eyni situasiyadır. O vaxt şərait yox idi. Futbolçuların çoxu legioner həyatı yaşayırdı və oyundan-oyuna yığışırdıq. Artıq taktiki gedişlərdən, məşqçinin planından danışmaq mümkün deyildi. Ona görə hərə meydana çıxıb bacardığını oynayırdı. Nə qədər gülməli səslənsə də, Fransa ilə həmin oyunda ilk qol vəziyyətini biz yaratdıq. İlk 15-20 dəqiqədə iki-üç qol epizodumuz oldu, qapıya ilk zərbəni də Azərbaycan millisi vurdu. Amma biz o vaxt başa düşmürdük, elə bilirdik hamı ilə eyni səviyyədə oynaya bilərik. Hücuma atıldıq və onlar bizi əks-hücumlarda tutdular. Arxada azaldığımız üçün Fransa nə istədi, onu da etdi. Futbolda elə hallar nadir hallarda baş verir – haradan vururdularsa, qol olurdu. Bəxtsizlik də var idi. Düşünmürəm ki, bu gün o hesab təkrarlansın. Futbol proqnozu sevmir. Qələbə proqnozu da verə bilmərəm. Hamıya aydındır ki, Fransa hər cəhətdən güclüdür. Amma nə qədər əzmkar, nə qədər döyüşkən olsaq, o qədər də oyunun müddətini uzada bilərik. Yəni nə qədər gec qol buraxsaq, bir o qədər özünəinam yaranacaq. Millimizə uğurlar arzu edirəm”.
Azərbaycan milli komandasının sabiq müdafiəçisi Arif Əsədov isə hazırkı vəziyyətdə mübarizə gözlədiyini bildirib: “Təbii ki, rəqib çox güclüdür. Dünyanın ən güclü yığmalarından biridir. Tərkibi ulduz futbolçulardan ibarətdir, oyun baxımından da üstündürlər. Udmaq, xal götürmək istərdik, amma reallığı da nəzərə almaq lazımdır. Əsas məsələ rəqibdən çəkinməmək və mübarizə aparmaqdır. Komanda şəklində kollektiv oyun sərgiləmək lazımdır. Futbolçular əllərindən gələni etməlidirlər ki, sonda hər hansı nəticə olsa belə, desinlər – biz bacardığımızı etdik, sadəcə rəqib çox güclü idi. Əsas olan yaxşı oyun göstərməkdir. Hesabı təxmin etmək çətindir. Fransa millisinin heyəti onlara üstünlük qazandırır. İndiki Fransa ilə 30 il əvvəlki Fransa arasında fərq çoxdur. Onlarda hər dönəmin öz ulduz futbolçusu olub. Fransa, İngiltərə, İspaniya kimi ölkələrdə futbol həmişə ön planda olub. Ona görə müqayisə düzgün olmaz. Pozitiv düşünmək lazımdır. Oyundan öncə pozitiv düşüncələr futbolçulara da keçməlidir. Ümid edək ki, nəticə yaxşı olacaq. Əsas odur ki, milli komandamız bu oyundan sonra gələcək matçlara inamla baxa bilsin. Həm milli komandamıza, həm də Ayxan Abbasova uğurlar arzu edirəm”.
Həmin heyətdə yer alan yığmanın sabiq yarımmüdafiəçisi Mahmud Qurbanov isə bu gün hesabdan asılı olmayaraq, futbolçuların meydanda milli ruh uğrunda mübarizə aparmalı olduqlarını qeyd edib: “Yaxşı heyətə malik, dünyanın ən güclü yığmalarından biri olan Fransaya qarşı oynayacağıq. Yığmadan milli ruh, mübarizə, əzmkarlıq və aqressivlik gözləyirəm. Mbappe kimi oyunçunun bizimlə matça çıxmaması Fransaya təsir etməyəcək, çünki heyətlərində bir-birindən güclü çox futbolçu var. Onların futbolçu seçimi çox genişdir. Düşünürəm, hamısı bir-birini əvəz edə biləcək səviyyədədir. Santuşun gedişindən sonra Ayxan Abbasovun rəhbərliyi altında komanda meydanda öz gücünü göstərməyə başlayıb. Hesab barədə nəsə demək çətindir. Amma yığma sona qədər mübarizə aparmalıdır. Bərabərlik də reallığa baxanda çətindir. Bu gün Fransa yığması ilə bizi müqayisə etmək absurd olar. Yığmamıza uğurlar arzu edirəm”.
Qeyd edək ki, Fransa - Azərbaycan görüşü bu gün Parisdə "Park de Prens" stadionundan saat 22:45-də baş tutacaq.