EN

"Türk dünyası ortaq gələcəyə doğru addımlayır" - ŞƏRH EDİLDİ

"Türk Dövlətləri Təşkilatının növbəti Sammitinin Qəbələdə – Qafqaz Albaniyasının paytaxtlarından birində keçirilməsi mühüm əhəmiyyətə malik hadisəyə çevrildi". Bu barədə SİA-ya siyasi ekspert Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, bu Sammit bir daha göstərdi ki, Türk Dövlətləri Təşkilatı təkcə əməkdaşlıq platforması deyil, həm də ciddi geosiyasi mərkəzlərdən biridir: "Sammitdə Azərbaycan Prezidenti Naxçıvan Sazişində nəzərdə tutulan sülh və təhlükəsizlik məsələlərinə diqqətin artırılması ilə bağlı mühüm təklif irəli sürdü. Dövlət başçısı Türkiyə ilə Azərbaycan arasında son illərdə keçirilən çoxsaylı birgə hərbi təlimləri xatırladaraq bildirdi ki, artıq Türk Dövlətləri Təşkilatının da ortaq hərbi təlimlərinin keçirilməsi məqsədəuyğundur. Çünki Türk dövlətlərinin hər biri, xüsusilə də keçmiş Sovet İttifaqından ayrılan ölkələr hazırda ciddi təhlükələrlə üz-üzədir və bu təhlükələrin qarşısını yalnız birgə fəaliyyətlə almaq mümkündür.

Azərbaycan Prezidentinin bu təşəbbüsü, təbii ki, Türk Dövlətləri Təşkilatının güclənməsindən narahat olan bəzi qüvvələr tərəfindən birmənalı qarşılanmadı. Lakin Sammitin ümumi ruhu göstərdi ki, təşkilat üzv dövlətlər arasında həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək əzmindədir.

Toplantıda “Vaşinqton Sənədi”nin yaratdığı yeni imkanlardan da danışıldı. Qeyd olundu ki, bu sənəd regionun nəqliyyat potensialını xeyli artıracaq, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri vasitəsilə daşınan yüklərin həcmini əhəmiyyətli dərəcədə genişləndirəcək, Mərkəzi Asiyanı Türkiyə ilə birləşdirən kommunikasiya xətlərinin əhəmiyyətini daha da artıracaq.

“Türk Günəşi” konsepsiyası çərçivəsində iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, enerji və nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi zərurəti xüsusi vurğulandı. Bu məqam Qəbələ Bəyanatında da öz əksini tapdı.

Azərbaycan Prezidenti həmçinin 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin yaxınlaşdığını xatırladaraq, bu tarixi hadisənin yüksək səviyyədə qeyd olunmasını təklif etdi. Sammitdə ortaq türk dili ilə bağlı da müzakirələr aparıldı və süni intellektin imkanlarından istifadə etməklə böyük bir Türk dili modelinin tətbiqi məsələsinə toxunuldu.

Ümumilikdə, Qəbələdə keçirilən bu Sammit bir daha sübut etdi ki, Türk Dövlətləri Təşkilatının nüfuzu getdikcə artır. Üzv və müşahidəçi ölkələr arasında ticarət dövriyyəsi yüksəlir, hər bir dövlətin iqtisadi inkişafı dinamik şəkildə davam edir. Gələcəkdə təşkilatın daha da gücləndirilməsi, dövlətlər arasında sıx əməkdaşlığın təmin edilməsi və sülh, təhlükəsizlik məsələlərində birgə mövqe nümayiş etdirilməsi istiqamətində mühüm qərarlar qəbul olundu".

Müəllif: Günel Fərzəliyeva
Chosen
14
sia.az

1Sources