EN

Prezident İlham Əliyevlə Putinin görüşündə VACİB MƏQAM...

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında uzun zamandır gözlənilən təkbətək görüş bu gün baş tutub. Görüş təkcə iki lider arasında münasibətlərin temperaturunu ölçmək üçün deyil, həm də Rusiya–Azərbaycan əlaqələrinin gələcək trayektoriyasını müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyırdı. Ən önəmli məqam, təbii ki, AZAL təyyarəsinin qəzaya uğraması fonunda yaranan gərginliyin danışıqlara necə təsir edəcəyi idi.


Düşənbə şəhərində Azərbaycan lideri ilə Rusiya lideri arasındakı bu görüş Bakı–Moskva münasibətlərini yumşalda biləcəmi? Ümumiyyətlə bu görüşdən sonra əsas gözləntilər nələrdir?




Mövzu ilə bağlı siyasi şərhçi Turan Rzayev Referans-a açıqlamasında deyib ki, görüş zamanı Vladimir Putinin açıqlamaları kifayət qədər diqqət çəkib. Kreml başçısı AZAL-ın təyyarəsinin qəzaya uğramasını digər məsələlərlə yanaşı, Ukraynaya məxsus pilotsuz təyyarənin səmada olması ilə əlaqələndirib. Rusiya prezidenti dəqiqləşdirib ki, faciə günü Moskva Rusiya sərhədini keçən üç Ukrayna pilotsuz təyyarəsini aşkarlayıb. O bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket AZAL-ın təyyarəsinə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb.




Siyasi şərhçi onu da vurğulayıb ki, Putin görüşdə AZAL-ın təyyarə qəzasında həlak olanların ailələrinə bir daha dərin hüznlə başsağlığı verib. Deyib ki, Rusiya hadisə ilə bağlı bütün cavabdeh şəxslərin hərəkətlərinə hüquqi qiymət verəcək və təzminat ödəmək üçün lazım olan hər şeyi edəcək. Əslində, Putinin səsləndirdiyi fikirlər Azərbaycan tərəfinin hadisənin ilk günlərindən etibarən tələb etdiyi məqamlar idi. Bakı qəzadan dərhal sonra olayın şəffaf araşdırılmasını, hüquqi qiymət verilməsini və zərərçəkənlərə təzminat ödənilməsini açıq şəkildə gündəmə gətirmişdi. Rusiya tərəfi uzun müddət bu məsələni texniki müstəviyə salmağa, məsuliyyəti yumşaltmağa çalışırdı. Lakin Azərbaycan tərəfinin ardıcıl, soyuqqanlı, lakin prinsipial davranışı Moskvanın mövqeyini dəyişməyə məcbur etdi.




Turan Rzayev eyni zamanda bildirib ki, Prezident İlham Əliyevin bu məsələdə nümayiş etdirdiyi qətiyyət bir neçə baxımdan həlledici idi. O, faciəyə sırf emosional deyil, dövlət məsuliyyəti və beynəlxalq hüquq müstəvisindən yanaşdı. Bakı hadisəni nə siyasi manipulyasiya vasitəsinə çevirdi, nə də onu regiondakı gərginliklərin fonunda ritorik təzyiq elementi kimi istifadə etdi. Əksinə, Azərbaycanın mövqeyi başından bəri konkret idi: bu, texniki qəza yox, nəticələri olan real hadisədir və ona görə də məsuliyyət daşıyan tərəf hüquqi addım atmalıdır.



Siyasi şərhçi diqqətə onu da çatdırıb ki, Putinin Düşənbədə səsləndirdiyi “kompensasiya ödəniləcək və günahkarlar cəzalandırılacaq” bəyanatı məhz bu prinsipial xəttin nəticəsidir. Rusiya faktiki olaraq hadisəyə dair Azərbaycan tərəfinin irəli sürdüyü əsas tezisləri qəbul etdi. Əgər Bakı bu məsələdə emosional və qeyri-sabit mövqe nümayiş etdirsəydi, Moskva hadisəni “texniki səhv” kontekstində bağlamağa nail ola bilərdi. Amma ölkə başçısının sakit, lakin sərt diplomatik tərzi, qarşı tərəfi arqumentlərlə üz-üzə qoydu. Bu mənada Bakı Rusiya–Azərbaycan münasibətlərinin gələcəyində sürprizə imkan vermədi.



Politoloq həmçinin düşünür ki, Azərbaycan Prezidenti İlham Əliyevin peşəkar diplomatik soyuqqanlı yanaşması Putinlə görüşdə də özünü bir daha göstərdi. Belə ki, Prezident İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığına görə rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib. “Bu vəziyyəti şəxsən nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim şübhəmiz yox idi ki, o, hər şeyi obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə Sizin məhz bu məsələyə aydınlıq gətirməyi lazımlı hesab etdiyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim”, – deyə dövlətimizin başçısı bildirib.



Siyasətçinin fikrincə, Düşənbə görüşü Bakı–Moskva münasibətlərində tonun yumşaldılması istiqamətində ilk real addım kimi qiymətləndirilə bilər. Hadisə ətrafında formalaşan emosional gərginlik artıq rasional çərçivəyə keçib və dialoq kanallarının bərpası reallığa çevrilib. Bununla belə, münasibətlərin tam əvvəlki səviyyəyə qayıdacağını demək hələ tezdir.



Turan Rzayevin qənaətinə görə, Azərbaycan tərəfi üçün əsas məsələ təkcə faciəyə hüquqi qiymət verilməsi deyil, eyni zamanda etimadın bərpasıdır. Yaxın perspektivdə münasibətlərdə “kontrollu normallaşma” modeli müşahidə olunacaq. Yəni tərəflər əməkdaşlıq kanallarını açıq saxlayacaq, lakin Bakı ölçülü və riskləri əvvəlcədən hesablayan xəttini qoruyacaq. Nəticə etibarilə, Azərbaycan–Rusiya münasibətləri yeni mərhələyə daxil olur.



"Bu mərhələdə Bakı rasional davranacaq, hər jesti və bəyanatı strateji dəyərləndirəcək. Azərbaycan artıq regionda etimadını yalnız öz gücünə söykənərək formalaşdıran dövlətdir və Moskva ilə münasibətlərdə də bu yeni reallıq həlledici faktor olacaq",- deyə Turan Rzayev qeyd edib.


Bünyamin Bünyadzadə

Referans 


Chosen
5
azia.az

1Sources