EN

Azərbaycan–İspaniya münasibətləri: ikitərəfli diplomatiyadan çoxqütblü əməkdaşlığa

Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İspaniya Krallığının Xarici və qlobal məsələlər üzrə dövlət katibi Dieqo Martinez-Belionun görüşü Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz siyasətində dəyişən dinamikanın və Azərbaycanın postmüharibə dövründə Qərblə münasibətlərdə qurmağa çalışdığı yeni tarazlığın göstəricisi kimi dəyərləndirilə bilər.

Azərbaycan–İspaniya münasibətləri son illər klassik diplomatik protokoldan çıxaraq daha dərin strateji məna daşımağa başlayıb. Əgər əvvəllər bu münasibətlər “siyasi etiket” çərçivəsində qalırdısa, indi qarşılıqlı maraqlara söykənən uzunmüddətli tərəfdaşlıq xətti formalaşır. Azərbaycanın xarici siyasətində yeni tendensiya aydın görünür: Bakı Qərb ilə münasibətlərini yalnız Brüssel mərkəzli platformalar üzərindən deyil, Avropa dövlətlərinin milli diplomatik kanalları vasitəsilə də genişləndirmək strategiyasını həyata keçirir. Rəsmi Bakınn bu siyasəti “Brüssel mərkəzliliyindən çıxış” siyasətidir – yəni Avropa ilə münasibətlərin diversifikasiyası.

Ceyhun Bayramovun “qarşılıqlı hörmət və dostluq prinsipləri” ifadəsi mahiyyətcə Qərb dövlətlərinə ünvanlanan dərin mesaj daşıyır. Azərbaycan Qərb ilə münasibətlərdə artıq “müştəri” və ya “resurs tədarükçüsü” statusunda qalmaq niyyətində deyil. O, qarşılıqlı asılılıq modeli qurmaq, yəni enerji və kommunikasiya layihələrində tərəfdaş, eyni zamanda, regional sabitliyin təminatçısı kimi qəbul edilmək istəyir. Maraqlıdır, bu yanaşma Qərb diplomatiyasının mövcud paradiqması ilə uyğun gəlirmi? Qismən. Qərb, xüsusilə Aİ Cənubi Qafqazda uzun illər “dəyərlər diplomatiyası” üzərindən siyasət qurmağa çalışıb. Azərbaycan isə indi bu modelə qarşı “real maraqlar diplomatiyası”nı qoyur. Bu iki yanaşmanın sintezi hələ tam formalaşmayıb, lakin Bakı bu balansın praktiki əsaslarını yaratmaqda qərarlıdır.

Görüşdə müzakirə olunan mövzuların spektri – enerji, nəqliyyat, “yaşıl keçid”, turizm və mədəni diplomatiya – əslində çoxvektorlu siyasətin strukturunu formalaşdırır. Enerji və nəqliyyat mövzularının paralel şəkildə müzakirəsi təsadüfi deyil. Hər iki sektor həm Azərbaycan, həm də Avropa üçün siyasi və iqtisadi sabitliyin təməl sütunlarıdır. Bakı üçün bu, enerji ixracının təhlükəsiz marşrutlarını və nəqliyyat dəhlizlərinin şaxələndirilməsini təmin edir; Madrid üçün isə Avropanın enerji təhlükəsizliyinə yeni mənbə və istiqamət deməkdir.

İspaniya kimi Aralıq dənizi ölkəsinin Cənubi Qafqazla bu qədər maraqlanmasının səbəbi nədir? İspaniya artıq Aralıq dənizi və Latın Amerikası məkanlarında kifayət qədər “doymuş” iqtisadi iştirak portfelinə malikdir. İndi onun Avrasiya məkanına çıxışı həm iqtisadi, həm də geosiyasi baxımdan yeni fürsətlər yaradır. Azərbaycan bu prosesdə körpü rolunu oynaya bilər – Xəzər regionundan Aralıq dənizinə qədər uzanan enerji və logistika xətlərinin birləşdiricisi kimi.

İkitərəfli əlaqələrin yalnız enerji və nəqliyyatla məhdudlaşmaması diqqətçəkicidir. Turizm, mədəniyyət və humanitar əməkdaşlıq sahələrinin müzakirəsi siyasi dialoqun sosial əsaslarını möhkəmləndirməyə yönəlib. Çünki müasir diplomatiyada “yumşaq güc” amili artıq təkcə əlavə element deyil, dövlət imicinin və regional təsir imkanlarının ayrılmaz hissəsidir.

Əgər 2010-cu illərdə Bakı–Avropa münasibətləri çox vaxt siyasi tənqidlər və normativ gərginliklərlə yadda qalırdısa, indi prioritet “proseslərdə iştirak” prinsipinə keçir. Yəni Azərbaycan Qərb ilə “müzakirə olunan tərəf” deyil, “müzakirə edən tərəf” statusunu gücləndirir. Məhz bu baxımdan Azərbaycan–İspaniya dialoqu simvolik əhəmiyyət daşıyır: Avropa ilə münasibətlərdə qarşılıqlı etimad və praktiki fayda üzərində qurulan modelin test nümunəsidir. Burada emosional və ideoloji elementlər minimuma endirilir, qarşılıqlı maraqlar maksimum dərəcədə qabardılır.

Bəs bu model davamlı ola bilərmi, yoxsa siyasi vəziyyət dəyişərsə, münasibətlər zəifləyəcək? Davamlılıq yalnız institusional səviyyədə əməkdaşlığın dərinləşməsi ilə mümkündür. Əgər tərəflər Strateji İqtisadi Dialoq kimi platformaları nəticəyönümlü saxlasalar, münasibətlər siyasi dalğalanmalardan təsirlənməyəcək.

***

Görüşdə dolayı şəkildə önə çıxan əsas strateji ideya budur: Bakı–Madrid xətti Avropanın enerji və nəqliyyat infrastrukturunda yeni “Cənub–Qərb dəhlizi” yarada bilərmi? Cənub Qaz Dəhlizi artıq Cənubi Avropaya təbii qazın etibarlı təchizatını təmin edən sistemdir. Lakin gələcək mərhələdə Avropa enerji keçidi siyasəti – xüsusilə bərpaolunan enerji və hidrogen texnologiyaları kontekstində – bu dəhlizin məzmununu dəyişir. Azərbaycanın məqsədi artıq yalnız qaz ixracatçısı olmaq deyil, həm də “yaşıl enerji daşıyıcısı” kimi çıxış etməkdir. Azərbaycanın enerji siyasətində bu transformasiya realdır, yoxsa deklarativ səviyyədədir?

Real proseslər artıq başlayıb. Qarabağ və Zəngəzur regionlarında günəş və külək stansiyalarının inşası, Xəzərin qərb sahilində dəniz külək potensialının araşdırılması və Avropaya ixracyönümlü “yaşıl enerji” layihələrinin planlaşdırılması Azərbaycanın enerji modelinin təkamülə getdiyini göstərir. Burada İspaniyanın təcrübəsi – xüsusilə hidrogen istehsalı və enerji saxlama texnologiyalarında – Bakıya strateji tərəfdaş kimi dəyər qazandıra bilər.

İspaniya uzun illərdir ki, Avropanın enerji bazarında “şimaldan asılılığı” balanslaşdırmaq üçün mühüm körpü rolunu oynayır. O, həm Afrikadan, həm də Aralıq dənizindən enerji axınlarını qəbul edən və Avropanın quru hissəsinə ötürən mərkəzdir. Bu mənada Azərbaycan–İspaniya enerji dialoqu qarşılıqlı tamamlayıcı xarakter daşıyır: Bakı enerji istehsalçısı və ixracatçısı kimi, Madrid isə Avropa bazarının paylayıcı mərkəzi kimi çıxış edir. Belə bir sinerji Avropa üçün həm marşrut, həm də mənbə şaxələnməsi deməkdir. Yəni bir növ “enerji alternativləri alyansı”.

Azərbaycan–İspaniya əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə real təsir göstərə bilərmi? Bəli, amma bu, mərhələli şəkildə mümkündür. Qısa müddətdə əsas fokus bərpaolunan enerji texnologiyalarının paylaşımı və layihə birgə maliyyələşməsində olacaq. Orta və uzunmüddətli perspektivdə isə Azərbaycan–İspaniya enerji tərəfdaşlığı Avropanın hidrogen bazarına inteqrasiyanı asanlaşdıra bilər.

***

Cənubi Qafqazda postmünaqişə mərhələsi regionun siyasi arxitekturasını köklü şəkildə dəyişir. Azərbaycan üçün bu yeni dövr, sadəcə, ərazi bütövlüyünün bərpası ilə yekunlaşmır; bu, həm də diplomatik, iqtisadi və təhlükəsizlik sistemlərinin yenidən qurulması anlamına gəlir.

Ceyhun Bayramovun ispaniyalı həmkarı ilə görüş zamanı “postmünaqişə reallıqları” barədə ətraflı məlumat verməsi məhz yeni mərhələnin diplomatik təqdimatı idi. Bakı artıq regionun gələcəyini sülh və sabitlik üzərində qurulan yeni nizam kimi formalaşdırır və bu konsepsiyanı Avropa paytaxtlarında qəbul olunan siyasi reallığa çevirmək istəyir.

Avropa dövlətləri üçün Cənubi Qafqazda sülhün bərqərar olması təkcə humanitar və ya normativ məsələ deyil, həm də enerji və logistika təhlükəsizliyinin əsas təminatıdır. Qafqazda davamlı sülh demək, Avropa üçün enerji axınlarının sabitliyi, yeni nəqliyyat marşrutlarının etibarlılığı və Şərq–Qərb ticarət sisteminin dayanıqlılığı deməkdir. Avropa bu reallığı həm dəyərlər, həm də maraqlar müstəvisində qiymətləndirir. Azərbaycan isə bu iki yanaşmanı tarazlaşdırmaq üçün öz diplomatik çevikliyindən istifadə edir – Qərbin normativ ritorikasını qəbul etsə də, qərarvermədə praqmatik maraqları üstün tutur.

İspaniyanın bu prosesdə iştirakı ayrıca diqqətəlayiqdir. Madridin postsovet məkanında birbaşa geosiyasi iddialarının olmaması və neytral diplomatik xətti onu etimadlı tərəfdaş və mümkün vasitəçi kimi önə çıxarır. İspaniya nə Brüssel qədər siyasi təzyiq gücünə malikdir, nə də Moskva və Tehran kimi regional təsir ambisiyaları daşıyır. Azərbaycan üçün Avropa ilə münasibətlərdə emosionallıqdan uzaq, qarşılıqlı hörmətə və faydaya əsaslanan dialoq vacibdir. İspaniya bu dialoqun reallaşması üçün təbii platformadır – o, Azərbaycanın suverenlik məsələlərinə müdaxilə etmədən əməkdaşlığı iqtisadi, ekoloji və mədəni müstəvilərdə dərinləşdirməyə meyillidir.

Bunu da qeyd etməliyik ki, Cənubi Qafqazda formalaşan yeni reallıqlar – sülh prosesi, enerji marşrutları, kommunikasiya dəhlizləri – artıq yalnız Bakı və Brüssel xətti ilə məhdudlaşmır. Madrid kimi paytaxtların da bu prosesə marağı göstərir ki, Azərbaycan diplomatiyası Qafqaz məsələsini Avropanın regional siyasətinin periferiyasından mərkəzinə daşıya bilib. Bakı indi proseslərin iştirakçısı yox, istiqamətverici aktorudur, regional sabitliyin memarı, enerji təhlükəsizliyinin təminatçısı və Qərb–Cənub əlaqələrinin tənzimləyicisi kimi çıxış edir.

Beləliklə, 8 oktyabr görüşü Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeni statusunun təsdiqidir: balans yaradan deyil, tarazlığı müəyyən edən dövlət statusu. Amma bu vəziyyət postsovet coğrafiyasında çox nadir haldır, çünki Azərbaycan öz diplomatiyasını artıq “strateji təşəbbüs” səviyyəsinə qaldırıb və məhz bu təşəbbüskarlıq onu çoxqütblü dünyanın regional dayaqlarından birinə çevirir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Chosen
6
1
xalqqazeti.az

2Sources