EN

Azərbaycan yeni geosiyasi reallıqların formalaşmasında əsas strateji mərkəz kimi çıxış edir

Oktyabrın 6-7-də  Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü və ardınca oktyabrın 10-da Düşənbədə baş tutacaq MDB Dövlət Başçıları Şurasının iclası Azərbaycanın regional və beynəlxalq miqyasda artan rolunun bariz göstəricisidir. Bu iki mühüm platformada ölkəmizin fəal iştirakı həm Azərbaycanın inkişaf dinamikasını, həm də regionda sabitlik, əməkdaşlıq və iqtisadi inteqrasiyanın gücləndirilməsinə verdiyi töhfəni nümayiş etdirir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “İki sahil” TV-yə müsahibəsində qeyd edib ki, oktyabrın 6-7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları  Şurasının  12-ci Zirvə Görüşü və ardınca oktyabrın 10-da Düşənbədə baş tutacaq MDB Dövlət Başçıları Şurasının iclası Azərbaycanın çoxşaxəli və balanslı xarici siyasətinin uğurlu nəticəsidir. Bu ardıcıl diplomatik fəaliyyət ölkəmizin həm Türk dünyasında, həm də MDB məkanında artan nüfuzunu, eləcə də regional sabitlik və iqtisadi əməkdaşlığa verdiyi strateji töhfəni açıq şəkildə nümayiş etdirir.

-Musa müəllim, XXI əsrdə Türk dünyasının yaxınlaşma siyasətini zəruri edən əsas amillər hansılardır?

-XXI əsrdə Türk dünyasının inteqrasiyası təkcə ideoloji çağırış deyil, həm də dövrün siyasi və iqtisadi reallıqlarından irəli gələn zərurətdir. Qlobal güc mərkəzlərinin yenidən formalaşdığı, regional əməkdaşlıq mexanizmlərinin önə çıxdığı bir vaxtda türk dövlətlərinin ortaq maraqları daha aydın şəkildə özünü göstərir. Avrasiya məkanında mühüm coğrafi mövqeyə malik bu ölkələr enerji, nəqliyyat və təhlükəsizlik baxımından bir-birini tamamlayan strateji tərəfdaşlardır. Müasir dövrdə regionda baş verən proseslər göstərir ki, türk dövlətlərinin birgə mövqedən çıxış etməsi həm sülhün, həm də qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Bununla yanaşı, iqtisadi əməkdaşlığın genişlənməsi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat marşrutu (Orta Dəhliz) kimi layihələr Türk inteqrasiyasına real iqtisadi məzmun qazandırır, ticarət və investisiya əlaqələrini yeni səviyyəyə yüksəldir.

-Ümumtürk ideyasının reallaşmasında Azərbaycanın rolu necə qiymətləndirilə bilər?

-Müstəqillik illərindən etibarən Azərbaycan Türk dünyasının birliyi, ortaq dəyərlərin qorunması və gələcəyə yönəlik əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz həm siyasi, həm iqtisadi, həm də mədəni müstəvidə Türk Dövlətləri Təşkilatının ən fəal üzvlərindən biri kimi çıxış edir. Azərbaycanın təşəbbüsləri sayəsində TDT-nin institusional strukturu möhkəmlənib, onun beynəlxalq aləmdə tanınması və nüfuzunun artması üçün mühüm addımlar atılıb. Qəbələ Zirvə Görüşü də bu prosesin məntiqi davamıdır . Burada qəbul olunan qərarlar və irəli sürülən təkliflər Azərbaycanın Türk dünyasının gələcək inteqrasiyasına verdiyi töhfənin bariz göstəricisidir. Eyni zamanda, Azərbaycan mədəni və humanitar əməkdaşlıq sahəsində də birləşdirici rol oynayır. Türk dünyasının ortaq ədəbi, musiqi və dil irsinin qorunması istiqamətində həyata keçirilən layihələr, gənclər arasında mübadilə proqramları və ortaq media təşəbbüsləri bu birliyin ideoloji əsaslarını gücləndirir.

-Türk Dövlətləri Təşkilatının regional əməkdaşlıqdan qlobal miqyasda təsir gücünə malik mərkəzə çevrilməsi hansı istiqamətlərdə özünü göstərir?

- Türk Dövlətləri Təşkilatının qlobal miqyasda təsir gücünə malik mərkəzə çevrilməsi bir neçə əsas istiqamətdə özünü aydın şəkildə göstərir. Əvvəlcə qeyd etmək lazımdır ki, siyasi müstəvidə TDT artıq beynəlxalq münasibətlər sistemində ciddi aktora çevrilib. Təşkilatın qəbul etdiyi qərarlar və birgə bəyanatlar regiondakı sabitlik, təhlükəsizlik və sülhün qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Qəbələdə keçirilən Zirvə Görüşü göstərdi ki, TDT üzv dövlətlər yalnız ortaq tarixləri və mədəniyyətləri ilə deyil, həm də siyasi iradələr ilə birləşirlər. Azərbaycan və Türkiyənin təşəbbüsləri sayəsində təşkilatın fəaliyyəti getdikcə daha çox beynəlxalq miqyasda maraq doğurur və digər ölkələr tərəfindən nümunə kimi dəyərləndirilir. İqtisadi sahədə isə TDT-nin güclənməsi birgə layihələr və qarşılıqlı sərmayə qoyuluşu ilə müşayiət olunur. Orta Dəhliz, Trans-Xəzər Nəqliyyat Marşrutu və enerji əməkdaşlığı kimi təşəbbüslər türk ölkələrini Avrasiya məkanında əsas logistika və enerji mərkəzinə çevirir. Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyənin bu sahədə atdığı addımlar regional iqtisadi dinamikanı qlobal ticarət sisteminə inteqrasiya edir və təşkilata strateji üstünlüklər qazandırır. Mədəni və humanitar istiqamətdə isə TDT ortaq kimlik və dəyərlər əsasında mənəvi birliyi möhkəmləndirir. Bu da təşkilatın yalnız siyasi və iqtisadi deyil, həm də mənəvi güc mərkəzinə çevrilməsinə şərait yaradır. Bütün bu istiqamətlərin sintezi nəticəsində TDT bu gün Avrasiya məkanında balans yaradan, sülhü və sabitliyi təşviq edən çoxşaxəli güc platforması kimi formalaşır. Azərbaycan və Türkiyənin strateji liderliyi ilə təşkilat artıq regional deyil, qlobal miqyasda təsir dairəsini genişləndirir.

-Qəbələ Sammiti Türk Dövlətləri Təşkilatının gələcək strateji istiqamətlərinin müəyyənləşdirilməsində hansı rolu oynadı?

-Qəbələdə keçirilən sammit türk birliyinin gələcək onilliklər üçün strateji yol xəritəsini müəyyənləşdirdi. Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq çərçivəsi deyil, həm də ümumtürk ideyasının siyasi ifadə platforması kimi çıxış edir. Zirvə görüşü göstərdi ki, TDT yeni hədəflərə doğru inamla irəliləyir. Çünki bu birlik keçmişin irsindən güc alır, bu günün çağırışlarına cavab verir və sabahın qlobal nizamında öz layiqli yerini tutmağa qadir olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bu gün Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.”

-Türk dünyasının vahid nəqliyyat sisteminin formalaşması regionun enerji və ticarət təhlükəsizliyinə necə təsir göstərəcək?

-Türk dünyasının vahid nəqliyyat sisteminin formalaşması regionun enerji və ticarət təhlükəsizliyinə mühüm strateji təsir göstərir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər türk dövlətlərinin təşəbbüsləri nəticəsində reallaşan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, eləcə də Zəngəzur dəhlizi kimi layihələr regionda birləşmiş nəqliyyat infrastrukturu yaradır. Bu isə yalnız iqtisadi dövriyyəni artırmaqla qalmır, həm də enerji və ticarət marşrutlarının təhlükəsizlik səviyyəsini yüksəldir, alternativ yolların mövcudluğu vasitəsilə riskləri azaldır. Bundan başqa, vahid nəqliyyat sisteminin formalaşması türk dövlətlərinin enerji bazarlarında birgə hərəkət etməsinə, logistika və tranzit gəlirlərinin bərabər bölüşdürülməsinə, həmçinin siyasi müstəqilliyin və iqtisadi sabitliyin möhkəmlənməsinə gətirib çıxarır. Beləliklə, nəqliyyat inteqrasiyası təkcə iqtisadi layihə deyil, həm də regionun enerji təhlükəsizliyinin və strateji qarşılıqlı asılılığının təminatına yönəlmiş geosiyasi platforma kimi çıxış edir.

-Prezident İlham Əliyevin Düşənbə səfəri Azərbaycan-Tacikistan münasibətlərinin inkişafına necə təsir göstərə bilər?

-Prezident İlham Əliyevin Düşənbə səfəri Azərbaycan-Tacikistan münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Son illərdə iki ölkə arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq və humanitar əlaqələr yüksələn xətlə inkişaf edir. Bu səfər həmin prosesin daha da dərinləşməsinə, qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın möhkəmlənməsinə təkan verəcək. Eyni zamanda, bu səfər Mərkəzi Asiya-Cənubi Qafqaz əməkdaşlıq formatında yeni sinerji yaradacaq, Azərbaycanın regionda etibarlı tərəfdaş və sabitlik mərkəzi kimi rolunu daha da möhkəmləndirəcək.

-Tacikistanda keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycanın mövqeyi regionda formalaşan yeni geosiyasi balansın müəyyənləşməsinə hansı istiqamətlərdə təsir göstərə bilər?

-Tacikistanda keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycanın mövqeyi regionda formalaşan yeni geosiyasi balansın müəyyənləşməsində mühüm rol oynaya bilər. Son illər Azərbaycan regional əməkdaşlıq təşəbbüslərinin mərkəzində dayanaraq həm iqtisadi, həm enerji, həm də təhlükəsizlik sahələrində yeni reallıqlar formalaşdırıb. Xüsusilə Zəngəzur dəhlizi layihəsi, Orta Dəhliz üzrə əməkdaşlıq və enerji infrastrukturunun genişlənməsi MDB məkanında qarşılıqlı asılılığı və strateji əlaqələri gücləndirən əsas amillərdəndir. Azərbaycanın balanslaşdırılmış və müstəqil xarici siyasəti ölkəyə həm Türk Dövlətləri Təşkilatı, həm də MDB çərçivəsində etibarlı tərəfdaş imici qazandırıb. Bu, Düşənbə toplantısında da özünü göstərəcək.  Çünki Bakı artıq təkcə regional aktor deyil, müxtəlif inteqrasiya platformaları arasında körpü rolunu oynayan sabitlik mərkəzinə çevrilib.

-Azərbaycanın MDB çərçivəsində irəli sürdüyü enerji, nəqliyyat və humanitar təşəbbüslər gələcəkdə hansı əsas istiqamətləri və əməkdaşlıq sahələrini əhatə edə bilər?

- Azərbaycanın MDB çərçivəsində irəli sürdüyü enerji, nəqliyyat və humanitar təşəbbüslər çoxşaxəli əməkdaşlıq istiqamətlərini əhatə edir və regional inteqrasiyanın dərinləşməsinə xidmət edir. Enerji sahəsində Azərbaycan dayanıqlı enerji təhlükəsizliyi və resursların şaxələndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi layihələrin uğurlu fəaliyyəti MDB məkanında yeni enerji əməkdaşlığı modellərinin formalaşmasına nümunədir. Azərbaycan bu təcrübəni MDB ölkələri ilə paylaşaraq, yaşıl enerji və bərpaolunan mənbələrin inkişafı sahəsində birgə proqramların reallaşdırılmasını təşviq edir. Nəqliyyat sahəsində ölkəmiz Orta Dəhliz kimi strateji marşrutların inkişafı və Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərlə MDB ölkələrini birləşdirəcək mühüm tranzit qovşağına çevrilməkdədir. Bu təşəbbüslər Avrasiya məkanında logistika əlaqələrinin genişlənməsi, ticarətin asanlaşdırılması və yeni iqtisadi körpülərin qurulmasına yönəlib. Humanitar istiqamətdə isə Azərbaycan mədəni diplomatiya, təhsil və gənclər mübadiləsi proqramları vasitəsilə MDB məkanında ortaq mənəvi dəyərlərin qorunmasına, xalqlar arasında qarşılıqlı etimadın və dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verir. Beləliklə də Azərbaycanın təşəbbüsləri MDB çərçivəsində inteqrasiya, sabitlik və ortaq inkişaf məqsədlərinə xidmət edir.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Chosen
3
ikisahil.az

1Sources