EN

Oleq Zadaliya: Bank sektoruna hücum edən kibercinayətkarlar daha mürəkkəb metodlardan istifadə edirlər

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rəqəmsal transformasiya və rəqəmsal xidmətlərin inkişafı ilə paralel şəkildə tarazlaşdırılmalıdır.

Oxu.Az xəbər verir ki, bunu "LexisNexis Risk Solutions" şirkətinin direktoru Oleq Zadaliya Fintex Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, əgər bu tarazlıq qorunmasa, şirkət maliyyə və ya imic itkisi ilə üzləşə bilər:

"Amma, əksinə, əgər tədbirlər düzgün şəkildə həyata keçirilərsə, bu həm investorlar üçün cəlbedicilik, həm də böyümə üçün əlavə fürsət yaradır.

Həllərdən danışarkən, bir məsələni qeyd etməliyəm, heç vaxt hər şeyi tam əhatə edən tək bir həll mövcud olmur.

Bu, ekosistem yanaşması ilə mümkündür: yəni müxtəlif komponentlər bir yerdə işləməlidir - fırıldaqçılığın qarşısının alınması, kibertəhlükəsizlik, biznesin inkişafı və müştəri təcrübəsi arasında balans qorunmalıdır".

Oleq Zadaliya vurğulayıb ki, xüsusilə maliyyə texnologiyaları (FinTech) və ya bank sektoruna hücum edən kibercinayətkarlar getdikcə daha mürəkkəb metodlardan istifadə edirlər:

"Bu səbəbdən sistemlər davamlı adaptasiya olunmalı və yeni hücum modellərinə qarşı müasir yanaşmalar tətbiq edilməlidir.

Effektiv həllin əsas komponenti isə müxtəlif kanallardan gələn siqnalların toplanmasıdır.

Bu siqnallar ödəniş kanallarından, onlayn sessiyalardan, istifadəçinin rəqəmsal izlərindən, internet və bulud sistemlərindən gələ bilər.

Nə qədər çox məlumat (siqnal) toplanarsa, fırıldaq və ya təhlükə halları bir o qədər dəqiq aşkarlana bilər və istifadəçi təcrübəsi daha təhlükəsiz olar.

Toplanan məlumatlar sürətli və ağıllı analitika ilə emal edilməlidir.

Analitika çox vacibdir, çünki sadəcə məlumat toplamaq kifayət deyil - bu məlumatın aydın nəticələrə çevrilməsi və əməliyyat qrupları tərəfindən asan başa düşülməsi vacibdir.

Əgər komanda toplanan məlumatı necə şərh edəcəyini və nə addım atacağını anlamırsa, deməli, məlumat idarəçiliyi prosesi yenidən qiymətləndirilməlidir.

Bundan əlavə, bu gün burada qeyd olunduğu kimi, "əvvəldən sonadək (end-to-end)" prosesin düzgün qurulması çox önəmlidir: potensial risk və ya fırıldaq aşkar edildikdə, növbəti mərhələdə müştəri ilə necə ünsiyyət qurulacaq, nə kimi sübutlar təqdim ediləcək, araşdırma necə aparılacaq kimi məsələlər aydın olmalıdır.

Yəni analitika yalnız texniki vasitə deyil, həm də idarəetmə qərarlarının əsasını təşkil edir.

Toplanan və analiz olunan məlumatlar risk qiymətləndirilməsi platformasında istifadə edilərək, ağıllı qərarların verilməsi üçün əsas yaradır".

Onun sözlərinə görə, nəticədə məqsəd budur ki, etibarlı istifadəçilər sistemdə heç bir çətinlik yaşamadan xidmətlərdən istifadə edə bilsinlər, bu məmnunluq və davamlı biznes əlaqəsi yaradır:

"Eyni zamanda, riskli hallarla bağlı qərarlar isə sübutlara əsaslanmalı və istənilən halda əsaslandırıla bilməlidir.

Potensial fırıldaq halları mövcuddur. Müxtəlif növ fırıldaqçılıqlar baş verə bilər və belə hallarda insanların nə etməli olduqları və nədən çəkinməli olduqları aydın şəkildə izah edilməlidir.

Bu mövzuda maarifləndirmə çox sadə və başadüşülən formada aparılmalıdır ki, hər kəs dərk etsin - onları təhlükəsizlik komandası əməkdaşı və ya bank nümayəndəsi kimi özünü təqdim edən fırıldaqçıların dediklərinə inanmamalıdırlar.

Bu maarifləndirmə prosesi çoxillik təcrübə əsasında hazırlanır və hədəfli şəkildə həyata keçirilir".

Oleq Zadaliya qeyd edib ki, məsələyə maliyyə xidmətləri sektoru və xüsusilə Fintex kontekstində baxsaq, bu sahə əsasən ödəniş prosesini optimallaşdırmağa yönəlir - istər rəqəmsal pulqabı ("digital wallet"), istərsə onlayn alış-veriş, bilet alışı, "marketplace" əməliyyatları və s.:

"Fintex şirkətləri müştəriyə daha rahat və sürətli ödəniş təcrübəsi təqdim etməyə çalışır, amma məhz bu rahatlıq risklərin də artmasına səbəb ola bilər.

Fintex şirkətlərində bəzən yüzlərlə əməkdaş fırıldaq halları ilə bağlı araşdırmalar aparmaq üçün çalışır. Bu səbəbdən fırıldaq hallarını hədəfli şəkildə aradan qaldıran sistemlər çox vacib rol oynayır".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
oxu.az

1Sources