EN

Azərbaycan TDT də və beynəlxalq miqyasda fəal təşəbbüskar ölkədir ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 9 oktyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatına(TDT) üzv ölkələrlə əlaqələrimiz ortaq tarixə, dilə, mədəniyyətə və milli-mənəvi dəyərlərə əsaslanır. Azərbaycan təşkilatın təsisçi üzvlərindən biri olaraq TDT-nin yaranmasında və inkişafında aparıcı rol oynayıb, eləcə də üzv dövlətlər arasında siyasi, iqtisadi, humanitar və təhlükəsizlik sahələrinin əməkdaşlıq platformaları kimi dərinləşdirilməsinə davamlı töhfələr verib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

O bildirib ki, müstəqilliyimizin bərpasından sonra türk dünyası ilə münasibətlərin sistemli şəkildə inkişafı Azərbaycanın xarici siyasət prioritetləri sırasında özünü aydın şəkildə göstərir. Bu gün Azərbaycan TDT çərçivəsində irəli sürülən təşəbbüslərin fəal iştirakçısı olmaqla yanaşı, təşkilatın beynəlxalq nüfuzunun və strateji çəkisinin artırılmasına, regionda sabitliyin möhkəmləndirilməsinə və inteqrasiyanın təşviqinə mühüm töhfələr verir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündəki çıxışı Azərbaycan-Türk dünyası münasibətlərinin yalnız tarixi yaddaş üzərində deyil, həm də müasir geosiyasi və strateji məqamlar əsasında formalaşmaqda olduğunu təsdiqləyir. Qəbələdə keçirilmiş bu Zirvə görüşü TDT-nin regional sabitliyin təminatçısı və beynəlxalq siyasətdə təsir gücü olan aktor kimi mövqeyinin möhkəmlənməsində yeni mərhələnin başlanğıcı kimi ifadə edilə bilər. Dövlətimizin başçısının çıxışında xüsusi qeyd edilən əsas məqamlardan biri də odur ki, TDT artıq əməkdaşlıq platforması olmaqdan çıxaraq ciddi geosiyasi mərkəz kimi formalaşır.

“Azərbaycanın sülh təşəbbüsləri və diplomatik uğurları, eləcə də 44 günlük Vətən müharibəsi və sonrakı mərhələdə zərurətə çevrilən antiterror tədbirləri ilə əldə edilmiş Zəfərimiz yalnız ərazi bütövlüyünün bərpa olunması üçün atılmış addım deyil, eyni zamanda, regionda sülh və stabil inkişaf üçün əsasları formalaşdıran tarixi hadisədir. Vaşinqtonda paraflanan sülh mətni və Minsk qrupunun rəsmi olaraq ləğv edilməsi Azərbaycanın sülh gündəminin beynəlxalq arenada əsas yanaşma kimi qəbul edilməsində mühüm rol oynayır. Nəqliyyat-logistika sahəsində həyata keçirilən layihələr, xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlı atılan addımlar Azərbaycanın regionda tranzit və kommunikasiya mərkəzinə çevrilməsinə xidmət edir. Bu dəhliz həm Orta Dəhliz, həm də Şimal-Cənub nəqliyyat xəttlərinin strateji hissəsi kimi türk dünyasının birləşdirici elementi olaraq qiymətləndirilə bilər. Enerji strategiyamız isə həm böyük qaz ixracatçısı kimi etibarlı tərəfdaş olduğumuzu göstərir, həm də bərpaolunan enerji mənbələrinə keçid istiqamətindəki məqsədlərimiz milli maraqlarımızın enerji təhlükəsizliyi və davamlı inkişafla uzlaşmasını təmin edir. Hərbi əməkdaşlıq və müdafiə sahəsindəki təşəbbüslər, xüsusilə də 2026 cı ildə TDT-yə üzv ölkələrinin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsi planı təşkilat daxilində regional təhlükəsizliyin təmin edilməsində Azərbaycanın rolunu artırır. Bu, həm də Türkiyə ilə güclənən hərbi-texniki münasibətlər və ortaq müdafiə konsepsiyalarının formalaşması baxımından mühüm siyasi əhəmiyyətə malikdir”, - deyə A.Qurbanova vurğulayıb.

Politoloqun sözlərinə görə, mədəniyyət və kimlik məsələləri də siyasətimizin ön sıralarında qalmaqda davam edir. İlk Türkoloji Qurultayın 100 illik yubileyi təşəbbüsü Türk dünyasında Azərbaycanın mədəni liderliyinin bariz nümunəsidir. Ortaq tarix, dil və milli-mənəvi dəyərlər üzərində qurulan mədəni birlik siyasi və iqtisadi inteqrasiyanın ideoloji və mənəvi təməlini möhkəmləndirir. İşğaldan azad edilmiş ərazilərimizdə Türk dövlətlərinin dəstəyi ilə inşa olunan məktəblər, mədəniyyət müəssisələri və məscidlər Türk həmrəyliyinin real və simvolik ifadələridir. Bu layihələr qardaş dövlətlər arasında həmrəylik və ortaq məsuliyyətin göstəricisidir. Qarabağ və Şərqi Zəngəzurun bərpası yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq hədəfidir.

O əlavə edib ki, Azərbaycan yalnız milli maraqlarını qorumaqla kifayətlənmir, eləcə də Türk Dövlətləri Təşkilatının geosiyasi, iqtisadi və mədəni yüksəlişini strateji prioritet kimi qəbul edir. Ona görə də “güclü Azərbaycan - güclü Türk birliyi” və “sabit Cənubi Qafqaz – güclü Avrasiya” prinsipləri dövlətimizin regional və beynəlxalq siyasət xəttinin əsas istiqamətlərindəndir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
1
azertag.az

2Sources