EN

"Bu, TDT-nin beynəlxalq arenada güc mərkəzinə çevrildiyini nümayiş etdirdi" - Deputat

"Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü türk dünyasının inteqrasiyasını daha da gücləndirən tarixi mərhələyə çevrilib. Prezident İlham Əliyevin bu mötəbər tədbirdə çıxışı həmin prosesin siyasi və strateji xəttini müəyyənləşdirən əsas mənbə rolunu oynayır".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentari bildirib ki, bu gün Türk Dövlətləri Təşkilatı artıq yalnız mədəni və iqtisadi əməkdaşlıq platforması deyil, dünya arenasında formalaşan real güc mərkəzidir. Qərb və Şərq arasında yerləşən bu birliyin coğrafiyası enerji, nəqliyyat, təhlükəsizlik və texnologiya baxımından mühüm önəm kəsb edir:

" Azərbaycan sözügedən mərkəzdə öz lider rolunu həm siyasi iradəsi, həm də praktiki təşəbbüsləri ilə sübut edib. TDT-nin formalaşdığı indiki dövr genişmiqyaslı ciddi dəyişikliklərlə səciyyələnir. Qlobal güc balansının dəyişməsi, yeni iqtisadi və enerji bloklarının yaranması Türk dövlətlərinin həm regional, həm də qlobal siyasətdə artan əhəmiyyətini ön plana çıxarır. Bu baxımdan, Türk dünyasının vahid güc mərkəzinə çevrilməsi təkcə regional maraqlara deyil, həm də beynəlxalq təhlükəsizliyə xidmət edən bir amildir.

Naxçıvan Sazişində təsbit olunan sülh və təhlükəsizlik prinsipləri, eləcə də Qarabağ Bəyannaməsinin müddəaları TDT birliyinin ideoloji və hüquqi əsasını formalaşdırır. Hazırda dünyada sabitliyin təminatçısı olan platformalar yalnız güclü iqtisadi dayaqlara deyil, həm də mənəvi və siyasi birliyə malikdir, məhz Türk Dövlətləri Təşkilatı bu modelin real nümunəsidir.

Azərbaycanın Türk dünyasındakı rolu təkcə coğrafi mövqe ilə deyil, sabitlik, iqtisadi dayanıqlıq və enerji siyasətində böyük uğurlarla müəyyən olunur. Dövlətimiz 14 ölkəyə təbii qaz ixrac edir və boru kəmərləri ilə qaz ixracının coğrafi əhatəsinə görə birinci yerdədir.  

TDT çərçivəsində həyata keçirilən nəqliyyat layihələri Türk dünyasını vahid iqtisadi sistemə çevirir. Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin mərkəzində dayanır. Ələt Beynəlxalq Dəniz Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Zəngəzur dəhlizi kimi layihələr Türk dövlətlərinin ticarət və kommunikasiya əlaqələrini birləşdirən strateji arteriyalara çevrilib. Zəngəzur dəhlizinin reallaşması isə xüsusilə böyük əhəmiyyət daşıyır. Bu amillər təkcə regiondaxili nəqliyyat xətti deyil, həm də Avrasiyada Şərq ilə Qərb arasında alternativ logistika marşrutu kimi yeni iqtisadi reallıq yaradır. Beləliklə, türkdilli ölkələr qlobal ticarət sistemində mühüm körpü rolunu oynayaraq, dünya bazarlarının sabitliyinə real təsir göstərirlər.

Prezident İlham Əliyev çıxışında hərbi əməkdaşlığın Türk dünyasının birliyində vacib yer tutduğunu diqqətə çatdırıb. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi sözügedən sahədə ən uğurlu model kimi qəbul olunur. Yalnız son bir ildə iki ölkə arasında 25-dən çox birgə hərbi təlimin keçirilməsi əməkdaşlığın dərinliyini göstərir.  

Zirvə çıxışında Prezident İlham Əliyev Türk dünyasının ortaq mənəvi irsini də ön plana çəkib. Azərbaycan Prezidenti 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixini xatırladaraq, gələn il bu hadisənin 100 illiyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə qeyd olunmasını təklif edib. Bu təşəbbüs Türk xalqları arasında mədəni, elmi və dil birliyinin qorunması istiqamətində yeni mərhələ açacaq.

Qəbələ Zirvəsi Türk Dövlətləri Təşkilatının beynəlxalq arenada vahid mövqeyə malik siyasi güc mərkəzinə çevrildiyini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının çıxışı Türk dünyasının gələcək inkişafının strateji istiqamətlərini - sülh, təhlükəsizlik, enerji sabitliyi, nəqliyyat inteqrasiyası və mədəni həmrəyliyi müəyyənləşdirib. TDT artıq qlobal sabitlik və əməkdaşlıq modelinə çevrilir, bu birliyin önündə dayanan Azərbaycan isə öz siyasi iradəsi, diplomatik fəallığı və iqtisadi potensialı ilə Türk dünyasının strateji liderlərindən biri olaraq statusunu növbəti dəfə təsdiqləyir".

Chosen
33
4
unikal.az

10Sources