EN

TDT-nin artan nüfuzu

 Prezidenti İlham Əliyev: "Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir"

 Dünya bugünkü geosiyasi çağırışlar – silahlı münaqişələr, iqtisadi böhranlar, miqrasiya axınları və təhlükəsizlik böhranları ilə qarşı-qarşıya qalarkən, TDT kimi strukturların rolunun artdığı aydın görünür. 2025-ci il 7 oktyabr tarixində Azərbaycanın füsunkar Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü, yalnız regional deyil, həm də qlobal təhlükəsizlik arxitekturasına dair önəmli mesajların verildiyi tarixi platforma oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, çıxışı zamanı sülh və təhlükəsizlik məsələlərini vurğulayaraq, türk dünyasının bu sahədəki rolunu yeni səviyyəyə qaldırdı: "Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir". Bu fikir TDT-nin əsas məqsədini – davamlı sülhə və sabitliyə töhfə vermək ideyasını – əks etdirir və təşkilatın gələcək yol xəritəsini müəyyənləşdirir.

7 oktyabr 2025-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü, təşkilatın regional və beynəlxalq səviyyədə artan nüfuzunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev Qəbələ çıxışında bu çağırışlara vahid və koordinasiyalı cavabın vacibliyini vurğulayaraq, TDT-nin qardaşlıq əsasında formalaşmış güc mərkəzinə çevrildiyini bəyan etdi. Bu, həm də yeni dünya düzənində türk dövlətlərinin söz sahibi olmaq istədiyini və bu yolda birgə addımlamağa sadiq olduqlarını nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı bu zirvənin əsas ideoloji və siyasi konturlarını müəyyənləşdirən önəmli hadisə kimi yadda qaldı. Prezidentin bəyan etdiyi kimi, "Türk Dövlətləri Təşkilatı bu gün sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır." Bu bəyanat, TDT-nin gələcək inkişaf yolunu və üzv dövlətlərin birgə geosiyasi ambisiyalarını aydın şəkildə ortaya qoyur. TDT-nin gücü, onun sadəcə siyasi və iqtisadi maraqlara əsaslanmasında deyil, üzv dövlətləri birləşdirən ortaq tarix, etnik köklər, dil və milli-mənəvi dəyərlərin varlığında yatır. Prezident İlham Əliyev də bu çıxışında həmin bağlara xüsusi diqqət çəkərək vurğuladı: "Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir." Bu cür ifadələr, təşkilatın emosional və ideoloji fundamentinin nə qədər güclü olduğunu göstərir. Məhz bu ortaq mənəvi bağlar sayəsində TDT qısa müddət ərzində sadə iqtisadi-ticari platformadan daha geniş geosiyasi alyansa çevrilməkdədir.

 Prezident İlham Əliyevin çıxışında ən diqqət çəkən məqamlardan biri də TDT-nin beynəlxalq nüfuzunun artması ilə bağlı idi. Bu nüfuzun artması, təşkilatın dünya siyasətində aktiv aktora çevrilmək istiqamətində atdığı mühüm addımların nəticəsidir. Xüsusilə Mərkəzi Asiya, Qafqaz və Avrasiya məkanında türk dövlətlərinin birgə layihələrə imza atması, enerji, nəqliyyat, müdafiə və təhsil sahələrində koordinasiyalı siyasət yürütməsi TDT-nin strateji çəkisini gücləndirir. Bu reallıq, bölgədə yeni multilateral (çoxölçülü) güc mərkəzinin yarandığını göstərir. Hazırda dünyada mövcud olan qeyri-sabitlik və qütbləşmə fonunda TDT-nin yüksələn xətlə inkişaf etməsi, onun dayanıqlı və etibarlı platforma olduğunu sübut edir.

Azərbaycanın, xüsusilə də Prezident İlham Əliyevin təşəbbüsləri və ardıcıl siyasəti TDT-nin strukturlaşmasında mühüm rol oynayıb. Azərbaycanın enerji, nəqliyyat və təhlükəsizlik sahələrindəki strateji layihələri, təşkilat daxilində real iqtisadi inteqrasiyanın və qarşılıqlı asılılığın formalaşmasına töhfə verir. Bundan əlavə, Azərbaycan bölgənin əsas nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşməklə, Zəngəzur dəhlizi kimi təşəbbüslərlə türk dünyasını birləşdirən logistik arteriyaların təşəbbüskarı və icraçısı rolunu oynayır.

Prezident Əliyevin çıxışında istinad etdiyi Naxçıvan Sazişi (2009) – TDT-nin təməlini qoyan hüquqi sənəddir. Bu sazişin əsas müddəalarından biri də sülhün qorunması və təhlükəsizliyin təmin olunmasıdır. Bu, təşkilatın təkcə mədəni və iqtisadi deyil, həm də strateji təhlükəsizlik alyansı kimi formalaşmasının hüquqi əsasını təşkil edir. Naxçıvan Sazişində üzv dövlətlərin münaqişələrin dinc yolla həllinə sadiq qalması, regional və qlobal təhlükəsizlik təşəbbüslərində birgə iştirak etməsi, müdafiə, fövqəladə hallar və sərhəd təhlükəsizliyi üzrə əməkdaşlıq qurması, kimi öhdəlikləri onların vahid mövqedən çıxış etməsini vacib edir.

Qəbələ Zirvəsinə qədərki dövrdə mühüm dönüş nöqtəsi olan 2024-cü ilin Şuşa şəhərində keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsi, türk dövlətlərinin təhlükəsizlik sahəsində inteqrasiya səviyyəsini daha da artırdı. Bəyannamədə üzv ölkələr regional münaqişələrin beynəlxalq hüquq və ərazi bütövlüyü əsasında həllini dəstəklədi. Həmçinin qarşılıqlı hərbi və müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsinə çağırış etdilər. Birgə humanitar və sülhməramlı missiyalarda iştirak niyyətini ifadə etdilər. Prezident İlham Əliyev bu sənədə istinad edərək qeyd etdi ki, "Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir." Bu, təkcə söz deyil – siyasi və hərbi baxımdan təşkilatın daha çevik, hazırlıqlı və koordinasiyalı şəkildə fəaliyyət göstərəcəyinə işarədir.

Azərbaycanın və xüsusilə Prezident İlham Əliyevin liderliyində TDT-nin təhlükəsizlik platforması kimi transformasiyası olduqca diqqətəlayiqdir. 2020-ci ildə Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycanın beynəlxalq nüfuzu yüksəlib, və bu nüfuz türk dövlətləri arasında təhlükəsizlik üzrə etibarlı tərəfdaş imicini formalaşdırıb. Azərbaycanın təşəbbüsü ilə regionda Zəngəzur dəhlizi kimi strateji nəqliyyat layihələri reallaşır. Şuşa və Qəbələ kimi şəhərlərdə keçirilən zirvə görüşləri türk birliyinin siyasi simvoluna çevrilir. Müdafiə və enerji təhlükəsizliyi sahələrində ortaq mexanizmlər yaradılır.

 Qəbələ Zirvə Görüşü və Prezident İlham Əliyevin çıxışı göstərdi ki, sülh və təhlükəsizlik artıq TDT-nin prioritet istiqamətinə çevrilib. Naxçıvan Sazişi ilə başlayan yol, Şuşa Bəyannaməsi ilə güclənərək Qəbələdə real siyasi strategiyaya çevrildi. Türk dövlətləri, təkcə tarixə və mədəniyyətə deyil, ortaq təhlükəsizlik maraqlarına da əsaslanan yeni bir siyasi-iqtisadi və strateji ittifaq formalaşdırır. Bu birlik, nəinki regionda sülhün qarantı, həm də dünyada sabitlik və qarşılıqlı hörmət üzərində qurulan alternativ güc mərkəzi kimi çıxış etməyə hazırdır.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Chosen
45
4
azerforum.com

10Sources