EN

Şişkinlik yaradan qidalar hansılardır?- Həkim açıqladı

Həkim Elena Pavlova bədənin maye yığmasına səbəb ola bilən əsas qidaları açıqlayıb.

Mütəxəssis qeyd edib ki, şişkinlik yalnız duzlu qidaların çox qəbulundan yaranmır. AzPost xəbər verir ki, bəzi digər qidalar və qida vərdişləri də bədənin maye balansını poza bilər.

Şişkinliyə səbəb olan qidalar bunlardır:

  • Yarıfabrikatlar və sürətli qidalar (fastfood). Kolbasa, sosiska, pizza, burger və müxtəlif souslar çox miqdarda gizli duz ehtiva edir. Duzun həddindən artıq olması orqanizmi su yığmağa məcbur edir ki, natrium konsentrasiyası normaya gəlsin.

  • Şirniyyat və çörək məmulatları. Ağ çörək, tort və peçenye kimi rafinə edilmiş karbohidratlar insulin səviyyəsini sürətlə yüksəldir. Bu isə natriumun bədəndə yığılmasına və şişkinliyin artmasına səbəb olur. Hər bir qram karbohidrat bir neçə qram suyu da özü ilə bədəndə saxlayır.

  • Gluten və laktoza tərkibli məhsullar. Bəzi insanlarda bu qidalar xroniki iltihaba səbəb ola bilər, damarların keçiriciliyini artırır və mayenin toxumalara çıxmasına şərait yaradır.

  • Alkoqol. Alkoqol orqanizmi susuzlaşdırır, nəticədə bədən “təhlükəsizlik” rejimində maye yığmağa başlayır.

Bundan əlavə, kalium və maqnezium çatışmazlığı da şişkinliyə gətirib çıxara bilər. Bu minerallar natriumun antagonisti rolunu oynayır və balans pozulduqda bədən mayeni daha çox yığır.

Pavlova həmçinin qeyd edib ki, zülalın yetərsizliyi də mayenin toxumalarda yığılmasına səbəb olur. Albümin zülalının azlığı damarların mayeni saxlama qabiliyyətini zəiflədir və nəticədə toxumalarda su yığılır.

Həkim vurğulayıb ki, davamlı və xroniki şişkinlik müalicə tələb edən ciddi simptom ola bilər. Belə hallarda mütləq həkimə müraciət edilməlidir.

Mütəxəssisin tövsiyəsi odur ki, şişkinliyin qarşısını almaq üçün təbii, az emal olunmuş qidalar, tərəvəz və meyvələr, həmçinin kifayət qədər zülal və minerallar qəbul edilməlidir.

AzPost.az

Chosen
241
8
azpost.info

10Sources