Ramil Hüseynov: “Rusiya Mərkəzi Asiya uğrunda gedən geosiyasi mübarizədə rəqiblərinə uduzur”
Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putin oktyabrın 8-10-da Tacikistanda dövlət səfərində olacaq. O, Düşənbədə Prezident Emomali Rahmonla görüşəcək və MDB və Rusiya-Mərkəzi Asiya sammitlərində iştirak edəcək:
“Oktyabrın 9-u günortadan sonra Putin beş Mərkəzi Asiya respublikasının rəhbərləri ilə görüşəcək. Liderlər yekun kommünike və 2025-2027-ci illər üçün iş planı qəbul etməyi planlaşdırır. Növbəti Rusiya-Mərkəzi Asiya sammiti 2027-ci ildə razılaşdırılacaq yerdə keçiriləcək. MDB sammiti oktyabrın 10-da həm məhdud, həm də genişləndirilmiş formatda keçiriləcək. Dövlət başçıları MDB+ formatının yaradılması və ŞƏT-ə müşahidəçi statusunun verilməsi məsələlərini müzakirə edəcəklər. Liderlərin MDB Baş katibi Sergey Lebedevin mandatının daha üç il müddətinə uzadılmasını təsdiq edəcəyi gözlənilir. Həmçinin 20-yə yaxın sənədin imzalanması planlaşdırılır”.
Maraqlıdır ki, 2 ay əvvəl Avropa-Mərkəzi Asiya, ondan əvvəl Çin-Mərkəzi Asiya sammiti, daha əvvəl isə ABŞ- Mərkəzi Asiya sammitləri keçirilib. Bu o deməkdir ki, Mərkəzi Asiya uğrunda geosiyasi mübarizə qızışır və bu mübarizədə Rusiya region üzərində artıq təkbaşına hegemonluğunu itirib.
Maraqlıdır, ekspertlər bunu necə dəyərləndirir?
“Bu ölkələr maraqlıdır ki, Avropanın aparıcı dövlətləri regiona daha çox sərmayə qoysunlar”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, Rusiya Mərkəzi Asiya uğrunda gedən geosiyasi mübarizədə rəqiblərinə uduzur: “Xüsusən də Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra bu özünü daha qabarıq göstərir. Ukraynada gedən müharibə uzandıqca, Rusiyanın Mərkəzi Asiyaya təsir imkanları azalır. Baxmayaraq ki, sözügedən ölkələr Rusiyanın yaratdığı bloklarda təmsil olunurlar. Rusiya Mərkəzi Asiyada birinci növbədə Çinə uduzur. Çünki son illər bu regionda Çinin iqtisadi təsir imkanları xeyli artıb. Çin bölgədə bir sıra iri layihələr həyata keçirir, sərmayələr qoyur və regionun zəngin ehtiyatlarına yiyələnməyə çalışır. Ancaq bundan fərqli olaraq, Rusiyanın Mərkəzi Asiyada sərmayələrini görmürük. Mərkəzi Asiya ölkələrindən Rusiyaya daha çox əmək miqrantları üz tutur ki, son vaxtlar onların da vəziyyəti yaxşı deyil. Rusiya miqrantlara qarşı qanunları sərtləşdirir. Öz növbəsində Mərkəzi Asiya dövlətləri çalışır ki, Çin və Rusiyadan daha çox asılı olmasınlar. Bu baxımdan Avropa İttifaqı ilə iqtisadi əlaqələrin genişlənməsinə xüsusi maraq göstərirlər. Məsələn, son illər Mərkəzi Asiya ölkələri Avropaya tranzit daşımaların Rusiya üzərindən yox, Azərbaycan və Gürcüstan üzərindən həyata keçirilməsinə üstünlük verirlər. Bu ölkələr maraqlıdır ki, Avropanın aparıcı dövlətləri regiona daha çox sərmayə qoysunlar. Özbəkistanla Qazaxıstan bu məsələdə Qərblə daha uğurlu tərəfdaşlıq qurur. O cümlədən, Birləşmiş Ştatların da son dövrlər bu regionda maraqları hiss ediləcək səviyyədə özünü göstərməkdədir”.
Vidadi ORDAHALLI