EN

Türk dünyası inteqrasiyası: TDT+ və Türksoyun strateji rolu – ÖZƏL

"TDT+ formatı kooperativ əməkdaşlıq formatıdır. Yəni, Türk Dövlətləri Təşkilatı (TDT) yarandığı gündən etibarən onun fəaliyyətinə yalnız üzv ölkələr deyil, həm də bir sıra dövlətlər müşahidəçi statusu ilə qoşulub. Zaman keçdikcə bu müşahidəçi statusu olan ölkələrin sayı artdı və nəticədə TDT+ formatı formalaşmağa başladı".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, bu formatda məqsəd digər ölkələrin və ya təşkilatların da gələcəkdə TDT-yə üzv olmaq, yaxud əməkdaşlıq münasibətləri qurmaq istəyini təmin etməkdir. Bu, o deməkdir ki, TDT artıq həm iqtisadi, həm də siyasi baxımdan yeni tərəfdaşların qəbul olunması məsələsini nəzərdən keçirir. Məsələn, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası bu istiqamətdə önəmli nümunələrdir.

Siyasi şərhçi əlavə edib ki, digər tərəfdən, TDT+ formatının genişlənməsi, təşkilatın təsir dairəsinin təkcə türkdilli regionlarla məhdudlaşmayıb, Yaxın Şərqə, Asiyaya, Qara dəniz bölgəsinə qədər uzanmasını nəzərdə tutur. Bu genişlənmə həm iqtisadi, həm siyasi, həm də logistika və gömrük sahələrində əməkdaşlığın artmasına, yeni layihələrin yaranmasına və iqtisadi imkanların genişlənməsinə səbəb olur. TDT+ formatı məhz bu məqsədlə qarşılıqlı əlaqələrin genişlənməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması üçün nəzərdə tutulur.

"Türksoy türkdilli xalqların mədəni əməkdaşlıq təşkilatıdır. O, əsasən mədəniyyət, təhsil, dil, elm və universitetlər sahəsində birgə layihələr həyata keçirir. Türksoyun bu fəaliyyəti TDT ilə paralel şəkildə davam edir və təşkilatlar arasında inteqrasiya gücləndikcə, mədəni sahədə daha geniş layihələrin işlənməsi və həyata keçirilməsi üçün şərait yaranır. Bu, həm Qara dəniz, həm Asiya, həm də Yaxın Şərq regionlarını əhatə edən böyük bir əməkdaşlıq məkanının - türk dünyasının mədəni və strateji inteqrasiyasının formalaşmasına gətirib çıxara bilər", - deyə ekspert vurğulayıb.

R. Məmmədova bildirib ki, Türksoy beynəlxalq mədəni təşkilat olaraq bu prosesdə önəmli rol oynayır. Türk Dövlətləri Təşkilatı isə öz növbəsində iqtisadi, siyasi və hərbi əməkdaşlığı dərinləşdirməklə bu birliyi daha da gücləndirir.
Artıq dövlət başçıları da bu istiqamətdə fikir bildiriblər. Xüsusilə qeyd olunub ki, Türk Dövlətləri arasında hərbi təlimlərin Azərbaycanda keçirilməsi planlaşdırılır. Bütün bu addımlar türkdilli dövlətlərin regionda daha da güclənməsinə və bir-birinə daha sıx inteqrasiya olunmasına xidmət edir.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
27
olaylar.az

1Sources