Respublika Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin adının “QHT-lərin saxta medal paylaması” işində hallanması ictimaiyyətdə bu təsisata yeni rəhbərin seçilməsinin vacibliyi barədə fikirləri meydana gətirib.
Musavat.com xəbər verir ki, bu barədə Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü, siyasi ekspert Əli Orucov bildirib.
Əli Orucov qeyd edib ki, Fəttah Heydərov vəfat edəndən sonra Respublika Ağsaqqallar Şurasını ya buraxmaq, ya da sanballı, xalq arasında hörməti və nüfuzu olan şəxsi Ağsaqqallar Şurasının rəhbərliyinə gətirmək lazım idi:
“Azərbaycan SSR Kommunist Partiyası MK-nın keçmiş birinci katibi, akademik İmam Mustafayev tərəfindən 1989-cu ildə təsis edilən Ağsaqqallar Şurasına sonralar akademik Budaq Budaqov və Milli Məclisin deputatı Fəttah Heydərov kimi nəhəg simalar rəhbərlik edib. 25 il parlamentdə deputat işləyən Eldar Quliyevin bu qurumun sədrliyinə gətirilməsi Ağsaqqallar Şurasını hörmətdən saldı. Onun adı bir sıra qalmaqallarda hallandırıldı, Şura fəaliyyət istiqamətlərindən sapındırıldı. Halbuki xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə xidmət edən tədbirlər görmək Şuranın əsas vəzifə və məqsədlərindən biridir.
Cari ilin 9 mayında İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun ətrafıyla SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə meydana çıxması və buna haqq qazandırmasından sonra Eldar Quliyevin də istefaya göndərilməsi labüd idi.
Həmin hadisə aydın etdi ki, Ağsaqqallar Şurası şəxsi məqsəd və mənafelərin təmin edilməsi üçün alətə çevrilib. Saxta medalla bağlı həbslərdən sonra məlum olur ki, Şuranın sədri saxtakarlığı da pis bacarmırmış. Həbs edilən Eldar İsmayılovla birlikdə Türkmənistan prezidenti Berdiməhəmmədovun saxta “Dədə Qorqud” medalı ilə təltif edilməsində iştirak və çıxış edib.
Mən hesab edirəm ki, Türkmənistan prezidentinin tələyə düşürülməsində deputat və rəsmi şəxs kimi Eldar Quliyev müstəsna rol oynayıb. Prezident onun ciddiliyinə inanıb. İndi də yaxasını kənara çəkib, özünü təmizə çıxarmağa çalışır. Hər dəfə şəxsi çıxarları naminə dövlətin imicini zərbə altına qoyub”.
AMİP rəsmisinin sözlərinə əsasən, Eldar Quliyev uzun illər Ticarət Nazirliyi və Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında (“Azərittifaq”) məsul vəzifələrdə çalışıb, alış-verişin ustasıdır:
“Tərcümeyi-halına diqqət etsəniz, saysız-hesabsız mükafatların və təltiflərin bolluğundan da bunu aydın görmək mümkündür. Eldar Quliyev ticarət adamıdır, onu siyasətə və ictimai işlərə cəlb etməyi doğru saymıram”.
Musavat.com