“Füzuli rayonunun Dövlətyarlı kəndində aparılan bərpa və yenidənqurma işləri son sürətlə davam edir. Layihə ümumilikdə 323 hektar ərazini əhatə edir və iki mərhələdə icra olunur”.
Bu sözləri jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Sərabi deyib.
O həmçinin qeyd edib ki, birinci mərhələ 137 hektarlıq ərazidə 450 fərdi yaşayış evinin inşası nəzərdə tutulur. Evlər 2, 3, 4 və 5 otaqlı variantlarda tikilir:
"Ümumi yaşayış sahəsi isə təxminən 40 min kvadratmetr təşkil edir.
Kəndin sosial infrastrukturu da paralel şəkildə qurulur. 360 şagird yerlik tam orta məktəb, 120 yerlik uşaq bağçası, həkim məntəqəsi, eləcə də inzibati və çoxfunksiyalı bina tikilir. Bununla yanaşı, məktəb və bağçalar üçün qazanxana sistemi, transformatorlar və digər mühəndis qurğuların da quraşdırılması nəzərdə tutulur.
Birinci mərhələdə bütün əsas kommunal xətlər də çəkilir. 15,6 km daxili yol, 42 km-lik 35 kV elektrik xətti, 45 km 0.4 kV elektrik xətti, 74 km rabitə xətti, 15,6 km su təchizatı, 17.8 km qaz xətləri və 12,7 km kanalizasiya sistemi artıq layihəyə daxildir.