İtaliyanın "Napoli" klubu 2025-ci ilin yanvar-may ayları ərzində braziliyalı ulduz futbolçu Neymarın transferini gündəmə gətirib.
90deqiqe.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, klub prezidenti Aurelio De Laurentis və yeni baş məşqçi Antonio Konte 33 yaşlı hücumçunun komandaya cəlb olunması ideyasını ciddi şəkildə müzakirə ediblər. Neymarın oyun tərzi, təcrübəsi və brend dəyərinin həm komandanın oyununa, həm də azarkeş dəstəyinə müsbət təsir göstərəcəyi düşünülüb.
Lakin sonda bu plan həyata keçirilməyib. Klub rəhbərliyi Neymar kimi böyük bir ulduzun komandadakı balans və kollektiv ab-havaya təsir edə biləcəyindən ehtiyat edərək bu addımı atmamağa qərar verib. Xüsusilə də "Napoli"nin ötən mövsüm qazandığı A Seriyası çempionluğundan sonra mövcud strukturun qorunması prioritet sayılıb.
Qeyd edək ki, Neymar 2025-ci ilin yanvarından bəri Braziliyanın "Santos" klubunda çıxış edir. "Transfermarkt" portalının məlumatına əsasən, onun hazırkı bazar dəyəri 11 milyon avrodur.