EN

TDT+: Dünyada yeni siyasi və iqtisadi güc mərkəzi formalaşır

"TDT+ formatının yaradılması Birlik çərçivəsində iqtisadi əməkdaşlığı genişləndirmək istəyən dövlətlərə yaşıl işıq yandırılması demək olacaq".

Bunu "TDT+" formatının təsis edilməsini şərh edən sabiq maliyyə naziri, iqtisadçı Fikrət Yusifov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, TDT-nin sıralarının genişləndirilməsi nəticə etibarilə ciddi bir iqtisadi güc mərkəzinin formalaşmasına gətirib çıxaracaq:

"Türk Dövlətləri Təşkilatı Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında 3 oktyabr 2009-cu il tarixdə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi əsasında qurulmuş beynəlxalq təşkilatdır. Bu gün təşkilatın Azərbaycan, Türkiyə, Qazaxstan, Qırğızstan və Özbəksan kimi beş üzvü və Macarstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası kimi üç müşahidəçi üzvü var. Gözləntilər bundan ibarətdir ki, TDT-na müşahidəçi kimi üzv olan ölkələr tezliklə tam üzvlüyə qəbul ediləcəklər”.

Müsahibimizə görə, digər bir məsələ isə təşkilat çərçivəsində iqtisadi müstəvidə əməkdaşlığa digər maraqlı ölkələrin də cəlb edilməsidir.

Fikrət Yusifov: Türk dövlətləri dünya siyasət meydanında daha sanballı söz sahibi olacaq

F.Yusifovun fikrincə, "TDT+" fonunda birlik yarandıqdan sonra üzv və əməkdaşlığa cəlb edilmiş ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin yeni maraqlı şərtləri müəyyən oluna bilər. Bu isə nəticə etibarilə birliyin sıralarının daha da genişlənməsinə gətirib çıxarar.

"Hesab edirəm ki, bu dediklərimiz realdır və Türk dünyası ölkələrinin səylərinin bir arada olması ilə dünyada yeni siyasi və iqtisadi güc mərkəzinin formalaşması baş tutacaq.

Dünyada gedən son siyasi hadisələr və dünya iqtisadi müstəvisində yaşanan təlatümlər fonunda belə Türk dövlətləri belə bir güc Mərkəzi yaratmaqla, həm də dünya siyasət meydanında daha sanballı söz sahibi olacaqlar", - deyə sabiq maliyyə naziri vurğulayıb.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Azərbaycanda keçiriləcək 12-ci Zirvə Görüşündə təşkilata daxil olmayan dövlətlərlə əməkdaşlıq üçün "TDT+" formatının təsis edilməsi ilə bağlı qərar qəbul edilməsi planlaşdırılıb.

Gülşən Şərif

Chosen
23
1
bakivaxti.az

2Sources