EN

Əli Əsədov, İrakli Kobaxidze və Nikol Paşinyan Tbilisi İpək Yolu Forumunda iştirak edəcək

BAKI, 8 oktyabr. TELEQRAF

Azərbaycan Baş naziri Əli Əsədov, Gürcüstan Baş naziri İrakli Kobaxidze və Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisi İpək Yolu Forumunun rəsmi açılış mərasimində və yüksək səviyyəli dialoqda iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Gürcüstan İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tbilisi İpək Yolu Forumu oktyabrın 22-23-də beşinci dəfə keçiriləcək və burada 2000-ə yaxın nümayəndə iştirak edəcək. Forum regional və qlobal əlaqələrin gücləndirilməsi üçün əsas dialoq və əməkdaşlıq platformasıdır.

Tbilisi İpək Yolu Forumunda yüksək vəzifəli siyasi xadimlər, biznes sektorunun və beynəlxalq təşkilatların nümayəndələri, region ölkələrinin baş nazirləri və baş nazir müavinləri, eləcə də sahə nazirləri, aparıcı qlobal şirkətlərin və beynəlxalq maliyyə institutlarının rəhbərləri, beynəlxalq ekspertlər iştirak edəcəklər.

Tbilisi İpək Yolu Forumu çərçivəsində ilk dəfə olaraq oktyabrın 23-də Tbilisi Maliyyə Sammiti keçiriləcək.

Forum çərçivəsində panel iclaslarında beynəlxalq ticarət və cari çağırışlar, nəqliyyat və logistika, Orta dəhlizin inkişafı, enerji, rəqəmsal transformasiya və sair kimi mühüm sahələr müzakirə olunacaq. Ayrı bir panel sessiyası Gürcüstanın investisiya mühiti və imkanlarının müzakirəsinə həsr olunacaq.

Tbilisi İpək Yolu Forumu ilk dəfə 2015-ci ildə baş tutub, iki ildən bir keçirilir.

Chosen
12
teleqraf.com

1Sources