EN

Türk Dövlətləri Təşkilatı: "Perspektiv daha da güclənəcək"

"Türk dünyasının birliyi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması istiqamətində fəaliyyət Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edir". 

Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, 16 il əvvəl Naxçıvanda əsası qoyulan Türk Dövlətləri Təşkilatı indiyə kimi olduqca səmərəli fəaliyyət göstərərək türk dövlətləri arasındakı birlik istiqamətində çox önəmli addımlar atıb:

"Demək olar ki, keçən dövr ərzində siyasi, iqtisadi, humanitar, mədəni və digər bütün sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük nailiyyətlər də əldə olunub. Azərbaycan Türk Dövlətləri Təşkilatının yaradılmasında yaxından iştirak etdiyi kimi həm də onun güclənməsində və dünya arenasında layiqli yer tutmasındakı fəaliyyətlə də xüsusi olaraq seçilən dövlətlərdəndir".

383554

Ekspert qeyd edib ki, ölkəmiz Türk Dövlətləri Təşkilatında əməkdaşlığı beynəlxalq platformalarda da davam etdirir:

"Bu xüsusda təşkilatın üzv ölkələrinin milli maraqlarla bağlı həssas məsələlərə dair vahid mövqedən çıxış etmək təcrübəsindən də səmərəli şəkildə faydalanır. Ümumiyyətlə, bu təşkilat türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsi və onların dünya siyasətində güc olaraq ortaya çıxması baxımından əhəmiyyətlidir. Eyni zamanda, türk respublikaları arasında bütün istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi cəhətdən də faydalı təşkilatdır".

Politoloq diqqətə çatdırıb ki, təşkilatın hədəflərinə iqtisadi inteqrasiya, türk kimliyinin qorunması, təşviqi, suverenlik və müstəqilliyin qorunması, eləcə də sülh və sabitliyin təmin edilməsi kimi məsələlər daxildir:
"Azərbaycan üçün Türk Dövlətləri Təşkilatı və ümumilikdə türk dünyasının birliyi, tarixi, mədəni və strateji bir əhəmiyyət kəsb edir. Türk dövlətləri ilə əlaqələrin təkmilləşdirilməsi, sosial-iqtisadi sahədə əməkdaşlığın artırılması, strateji layihələrin həyata keçirilməsi ölkəmizin də beynəlxalq arenadakı mövqelərini gücləndirir. 

Həmçinin, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə enerji, nəqliyyat, maliyyə, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıq Azərbaycana həm xarici ticarət həcmini artırmağa, həm də regional sabitliyə töhfə verməyə də imkan verir. Türk Dövlətləri Təşkilatının perspektivdə daha da güclənərək xarici təzyiqlərə davam gətirə biləcək, güclü və dayanıqlı bir təşkilata çevriləcəyi, ümumiyyətlə, Avrasiya coğrafiyasında əhəmiyyətli bir geosiyasi aktor olacağı ilə bağlı da hansısa şübhə yoxdur".

Pərviz

Chosen
8
hit.az

1Sources