EN

Aİ gələn il dondurulmuş Rusiya aktivlərindən 140 milyard avro Ukraynaya  ötürülməsini planlaşdırır

Avropa İttifaqı ölkələrində fikir ayrılığı: Belçika hüquqi risklərə görə planın əleyhinə çıxır...

Avropa İttifaqı Rusiya Mərkəzi Bankına məxsus 140 milyard avro həcmində dondurulmuş aktivlərin Ukraynaya ötürülməsi ilə bağlı razılaşmanı bu ilin sonuna qədər təsdiqləməyi, ilk ödənişləri isə 2026-cı ilin ikinci rübündə başlatmağı planlaşdırır.

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.

Lakin planın həyata keçirilməsinə Belçikanın hökumət mövqeyi mane ola bilər. FT yazır ki, Brüssel son aylarda Aİ tərəfdaşlarının artan təzyiqi ilə üzləşib, çünki Belçika Ukraynaya dondurulmuş Rusiya aktivlərinin ötürülməsinə qarşı çıxır. Baş nazir Bart de Vever bildirib ki, Aİ-nin digər 26 üzv dövləti hüquqi və maliyyə risklərini bölüşməli, həmçinin bütün məbləğ üzrə zəmanət mexanizmi təqdim etməlidir. Onun fikrincə, əks halda Belçika təkbaşına mümkün itkiləri kompensasiya etməyə məcbur qala bilər.

Avropa Komissiyası Belçikanın narahatlığını azaltmaq üçün sənədə xüsusi müddəa əlavə edib. Həmin müddəaya əsasən, əgər gələcəkdə Rusiya Ukraynaya reparasiyalar ödəməyə başlasa, Kiyevə verilmiş kreditin borcu həmin vəsaitlər hesabına ödəniləcək. “Biz hesab edirik ki, Belçika üçün risklər əslində çox məhduddur. Amma bu, risklərin tam yox olması demək deyil”, – deyə Aİ-nin yüksək vəzifəli rəsməsi FT-yə bildirib. Buna baxmayaraq, Belçika hökuməti risk məsələsinin hələ də açıq qaldığını bəyan edib.

Diplomatik mənbələrin bildirdiyinə görə, Aİ-də Belçikanın mövqeyinə qarşı narazılıq sürətlə artır. Digər üzv ölkələr Brüsseli həmrəyliyə çağırır və vurğulayır ki, Polşa Ukraynaya silah təchizatı üçün əsas logistik mərkəz rolunu üzərinə götürüb, Danimarka isə Kiyevə F-16 qırıcı təyyarələri göndərir. “Asan qərarların vaxtı keçdi, indi hər kəs imkanları daxilində hərəkət etməlidir,” – deyə bir Aİ diplomatı bildirib.

Məlumatlara görə, 2022-ci ildən bu yana Belçika hökuməti Rusiya Mərkəzi Bankına və sanksiya altında olan digər rus subyektlərinə məxsus aktivlərdən əldə edilən gəlirlər hesabına 3,6 milyard avro vergi toplayıb. Rəsmilər bildirirlər ki, bu vəsait “tamamilə Ukraynanın dəstəyinə yönəldilib”, lakin FT yazır ki, toplanan məbləğin bir hissəsi hələ də Kiyevə ötürülməyib. De Vever isə ötən həftə verdiyi açıqlamada, “müharibədən qazanc əldə etməkdə” ittiham olunduğunu etiraf edərək, “bu bir milyard avro dövlətin üzləşdiyi risklərlə müqayisədə çox cüzi məbləğdir,” – deyə əlavə edib.

Financial Times yazır ki, Brüsselin bu mövqeyi Aİ liderləri arasında da narazılıq doğurub. Kopenhagen sammitində bir neçə Avropa lideri Belçikanın baş nazirinə ölkəsinin Ukraynaya hərbi yardımı Danimarka, İsveç və Almaniya ilə müqayisədə xeyli az olduğunu xatırladıb. Belçika rəsmiləri isə bildiriblər ki, baş nazir yalnız milli maraqları müdafiə edir: “Partnyorlarla açıq danışmaq və qırmızı xətləri aydın şəkildə göstərmək vacibdir.”

Aİ sentyabrın ortalarından etibarən dondurulmuş Rusiya aktivlərinin Ukraynaya ötürülməsi üçün xüsusi mexanizm üzərində işləyir. Bu prosesin sıfır faizli istiqrazlar və reparasiya krediti vasitəsilə həyata keçirilməsi planlaşdırılır.

Rusiya tərəfi isə bu təşəbbüsə sərt cavab verib. Prezident Vladimir Putin xüsusi fərman imzalayaraq, federal mülkiyyətdə olan xarici aktivlərin satışının “xüsusi qaydada” həyata keçiriləcəyini elan edib. Bloomberg-in mənbələrinə görə, Moskva Avropanın rus aktivlərini müsadirə etməsi halında xarici sərmayələri milliləşdirməklə və sürətli satışla cavab verməyə hazırlaşır.

Poliqon.info

Chosen
63
50
poliqon.info

10Sources