EN

Suvenirlər, aksessuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri

Bəzək əşyaları, suvenirlər, geyim və aksessuarlar düzəldən və satışı ilə məşğul olan vətəndaş vergi ödəyicisi kimi qeydiyyata alınmadan faəliyyət göstərdikdə hansı vergi öhdəlikləri yaranır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən dövlət büdcəsinə vergi ödəməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim edilən ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun qaydada müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaq.

Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddədə göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi internet saytının "Vergi bələdçisi” bölməsində yerləşdirilmiş məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Chosen
64
vergiler.az

1Sources