Ramil Məmmədli: “Sözügedən raketlərin Ukraynaya verilməsi Rusiya üçün ciddi problemlər yarada bilər”
ABŞ prezidenti Donald Tramp Ukraynaya "Tomohavk" raketlərinin tədarükü ilə bağlı praktiki olaraq qərar qəbul etdiyini bildirib. Bunu Ağ Ev rəhbəri jurnalistlərə açıqlamasında deyib.
Amerika lideri əlavə edib ki, Kiyevin bu qanadlı raketlərdən necə istifadə etmək niyyətində olduğunu anlamaq istərdi. Tramp bu yöndə qərarının konkret olaraq nədən ibarət olduğunu söyləməyib. O, eskalasiya istəmədiyini, müharibənin bitməsini tələb etdiyini bir daha vurğulayıb.
Bundan əvvəl ABŞ mediası administrasiyadakı mənbələrə istinadən bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski Trampla Nyu-Yorkdakı son görüşündə ondan 2 min 500 kilometrədək uçuş məsafəsi olan “Tomohavk” raketlərinin mümkün tədarükünü istəyib. Zelenski bunu dolayı yolla təsdiqləyərək deyib ki, Ukraynanın ehtiyacları barədə Trampa siyahı təqdim edib. Son vaxtlar ABŞ Ukraynaya silahı birbaşa tədarük etmir, silahlar NATO ölkələrinə satılır, onlar vasitəsilə Ukraynaya göndərilir. “Tomohavk” raketlərinin tədarükünün necə təşkil edilə biləcəyi, digər detallar dəqiq bəlli deyil.
“Ancaq bütün bunların fonunda Putinin geri addım atacağı real görünmür”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli bildirdi ki, Trampın “Tomohavk” raketlərinin verilməsi ilə bağlı qeyri-müəyyən açıqlaması bir sıra məsələlərə hesablanıb: “Fikrimcə, Tramp bununla Rusiyanın nəbzini yoxlayır. Demək istəyir ki, Rusiya danışıqlarda konstruktiv mövqe tutmasa ABŞ “Tomohavk” raketlərini Ukraynaya verə bilər. Putin nə qədər desə ki, bu raketlərin verilməsi nəyisə dəyişməyəcək, bu, belə deyil. Sözügedən raketlərin Ukraynaya verilməsi Rusiya üçün ciddi problemlər yarada bilər. Məsələ ondadır ki, son vaxtlar Ukrayna intensiv olaraq Rusiyanın neft emalı zavodlarını hədəf alır. Həmin müəssisələrə ciddi zərər vurur. Bu da ölkədə benzin çatışmazlığına səbəb olub. Düzdür, Rusiya bu problemi aradan qaldırmaq üçün digər ölkələrdən, xüsusən də Belarusdan yanacaq idxal edir. Həmçinin, yanacaq idxalı ilə bağlı bütün rüsumları müvəqqəti olaraq ləğv edib. Ancaq Ukrayna davamlı olaraq Rusiyanın neft emalı müəssisələrini vurmaqda davam edərsə, bu, ciddi yanacaq çatışmazlığına səbəb ola bilər. ABŞ “Tomohavk” raketlərini verərsə, o zaman Ukrayna Rusiyanın dərinliklərində yerləşən strateji hədəfləri vura bilər. Ancaq Trampın bu raketlərin verilməsi ilə bağlı ehtiyatlı danışması o deməkdir ki, Ukrayna hansı hədəflərə zərbə endirəcəyini qabaqcadan ABŞ-la bölüşməli və razılaşdırmalıdır. Yəni Kiyev bu raketlərlə Rusiyanın istənilən yerinə zərbə vura bilməz. İstənilən halda bu, Rusiyaya bir təzyiq vasitəsidir. Daha dəqiq desək, təzyiq vasitələrindən biridir. Ancaq bütün bunların fonunda Putinin geri addım atacağı real görünmür”.
Vidadi ORDAHALLI