EN

Qəbələ Zirvəsi tarixi köklərimizdən gələcək işbirliyinə yönəlmiş bir ismarıcdır - Əkbər Qoşalı

Yazını böyüt
Yazını kiçilt

Türk Dövlətləri Təşkilatı üzvləri yenidən toplaşdı. “Regional Sülh və Təhlükəsizlik” mövzusuna həsr olunan TDT-nin 12-ci Zirvəsi Qəbələdə gerçəkləşdi.

Türk Dövlətləri Qəbələdən türk dünyasına, eləcə də dünyaya hansı mesajları verəcək?

Bu istiqamətdə Hafta.az-ın suallarını siyasi şərhçi Əkbər Qoşalı cavablandırıb.

- Qəbələ Zirvəsinin mahiyyəti, fərqləndirici xüsusiyyətləri nədir və hansı mühüm nüansları ilə diqqət çəkir?

- Bu Zirvə türk dünyasında mövcud bağların yenidən tənzimlənməsi, beynəlxalq gerçəkliklərə biganə qalmama və təşkilatın həm üzv dövlətlər arasında münasibətləri, həm də başqa təşkilatlarla işbirliyinin dərinləşdirilməsi baxımından bir dönüş nöqtəsi ola bilər. İlk olaraq tədbirin tematik istiqamət üzrə “Regional Sülh və Təhlükəsizlik” təşəbbüsünə toxunmaq istərdim. Əvvəla, Qəbələ Zirvəsi daha konkret və strateji risklərin müzakirəyə çıxarılması ilə müşahidə olunur. Əgər Bişkekdə keçirilən 11-ci Zirvə “Türk Dünyasının Gücləndirilməsi: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və Hər kəs üçün Təhlükəsizlik” mövzusunda idi. Qəbələ Zirvəsinin “Regional Sülh və Təhlükəsizlik” vurğusu, işbirliyi və inteqrasiya mövzularından üstün, daha çox təhlükəsizlik siyasətləri, müdafiə - strateji sahələr, qarşılıqlı yardımlaşma və regional sabitliyin təmin olunması kimi konkret hədəflərə yönəlib.

- “Regional Sülh və Təhlükəsizlik” mövzusu bu Zirvəyə hansı əlavə dinamikanı qatır?

- Birincisi, yeni təhlükəsizlik formatları - silahlı qarşıdurmalar, sərhəd təhlükəsizliyi, kiber təhlükəsizlik, enerji asılılığı, transregional təhlükələr - terrorizm, ekstremizm, sığınacaq axınları və sair məsələlər daha intensiv müzakirə sahəsi ola bilər. İkinci bir tərəfdən, hərbi-siyasi işbirliyi maddələri - qarşılıqlı müdafiə anlaşmaları, hərbi təlimlər, sərhəd nəzarət sistemləri, informasiya mübadiləsi mexanizmləri gündəmə gələ bilər. Üçüncüsü, diplomatik dəngə və beynəlxalq əlaqə strategiyaları üzv dövlətlərin təhlükəsizlik çıxarları ilə uyğunlaşdırılaraq qurula bilər. Qeyd edək ki, Zirvədə bu müxtəlif çıxarları uzlaşdıracaq ortaq zəmin və kompromis mexanizmlərin ön plana çıxması mümkündür. Dördüncü məqam, regional konfliktlərin həlli - Güney Qafqaz, Türküstan - Orta Asiya, Yaxın Şərq, Avrasiyanın bəzi bölgələrindəki digər gərginliklər Zirvə gündəmində yaxud ikitərəfli, çoxtərəfli fikir alış-verişinə daxil edilə bilər. Yəni, Qəbələ Zirvəsi təkcə ideoloji səviyyədən çıxaraq, real təhlükəsizlik zərurətlərinə cavab verən bir platform olmağı haqq edir. Eləcə də üzv dövlətlər arasında çoxtərəfli münasibətlərdə dərinlik və yeni modellər önəmlidir. Bu mənada da Qəbələ Zirvəsi üzv dövlətlər arasında onsuz da mövcud olan bağları daha dərindən strukturlaşdırmaq, “müqavilə bazalı işbirliyi” mərhələsinə keçid üçün bir fürsət təqdim edir.

- TDT-da mövcud problemlərin yenidən qiymətləndirilməsini necə müqayisələndirmək olar?

- Ötən illərdə TDT içində iqtisadi inteqrasiya, layihələr üzrə icraat mexanizmləri, infrastruktur, daşımaçılıq, enerji kəsişmələri, sərhəd ticarəti və maneəsiz keçidlər kimi sahələrdə başlanmış bir çox təşəbbüs var. Məsələn, Astana Zirvəsində bu sahələrə toxunulub. Qırğızıstanda keçirilən Zirvə görüşü əsasən rəqəmsal gələcək, əsaslı texnoloji işbirliyi, davamlı inkişaf və koordinasiya konseptlərinə istiqamətlənmişdi. Qəbələdə həmin başlanmış layihələr, müqavilələr, anlaşmalar yenidən gözdən keçirilə, icra durumuna dair hesabatlar dəyərləndirilə və zəruri “yenidən tənzimləmə” qərarları verilə bilər. Bütün bunlarla yanaşı “Yeni nəsil” işbirliyi formatlarına keçidə fokuslanmaq da mümkündür.

Hər bir sahədə “önləyici mexanizmlər”, ortaq yoxlama strukturları, qarşılıqlı audit-təftiş mexanizmləri, icrada cavabdehlik parametrlər gözdən keçirilə bilər. Təşkilat içində “altqurumlar”ın - komissiyalar, icmalar, parlamentlərarası forumlar, gənclər forumları, qadın parlamentləri qrupu və başqalarının rolunun artırılmasının Zirvə səviyyəsində təsdiqi mümkündür. Eləcə də “Sahə prioritetləri” format, yəni enerji, daşımaçılıq, rəqəmsal texnologiya, müdafiə, ekoloji sahə üzrə konkret məqsəd və məsuliyyətlər müəyyən ediləcək şəkildə planlar qəbul edilə bilər.

- TDT xarici tərəfdaşlarla əlaqələrin qurulması istiqamətində hansı gedişi edə bilər?

- TDT-nın bu sahə üzrə yeni modelinin tətbiqi heç də qüsur sayılmaz. Belə ki, Qəbələdə TDT üzvləri xaricindəki qlobal və regional oyunçularla - Avropa Birliyi, Rusiya, Çin, İran, ABŞ, GUAM ölkələri ilə əlaqələr üçün yeni platformalar aça bilər. Zirvənin qərarlarında TDT-nin “strateji tərəfdaşlıq şəbəkəsi” konsepti rəsmi olaraq yer ala bilər. Yəni “Təşkilata tərəfdaş dövlətlər” statusları, işbirliyi anlaşmaları, platformalararası koordinasiya mexanizmləri qəbul edilə bilər.

- Türk dünyasının tarixinə nəzər salaraq perspektivini necə dəyərləndirərdiz?

- Qəbələ Zirvəsini yalnız “indiki siyasi gündəm” kontekstində yox, “Türk dünyası strateji xəritəsi”nin bir parçası kimi dəyərləndirmək daha doğrudur. Tarixi simvolizm və coğrafi identitetə diqqət edək:

Qədim dönəmlərdə Qafqaz Albaniyasının mərkəzi olmuş Qəbələ türklər və əqraba topluluqları üçün strateji məntəqə idi. Zirvənin belə bir məkanda keçirilməsi həm simvolik, həm strateji ismarıcdır. Başqa sözlə, Qəbələ Zirvəsi tarixi köklərimizdən gələcək işbirliyinə yönəlmiş bir ismarıcdır.

Bir zamanlar Qəbələdə yerləşən və işlək RLS-ni də xatırlamaq faydasız olmaz. Ərazi bütövlüyü və suverenliyini bərpa etmiş Azərbaycanın həmin RLS yükündən, dalğasından, şüasından qurtulması da bəlkə digər qardaşlarımız üçün bir örnək sayılmalıdır.

Öncələr TDT-nin Zirvələrinə evsahibliyi etmiş Bakı, Naxçıvan, Şuşa kimi şəhərlər simvolik məkanlar idisə, Qəbələ daha “simvolik coğrafi sabitlik” və “özünəxas məkana dayanıqlı diplomatik ismarıc” verir.

- Strateji xəritənin yenidən qurulması yönündə nələri demək olar?

- Zirvə keçmiş illərdə qəbul edilmiş bildiriş və qərarların icra mərhələsini yenidən qiymətləndirərək, uyğun müddətə perspektiv - strateji plan, yol xəritəsi müəyyən edir ki, bu ideya burada rəsmi şəkildə təsdiqlənə bilər. O cümlədən TDT-nin müstəqil diplomatik rolunu gücləndirmək, münsif qismində dayanmaqdan ziyadə regionda aktiv rol ala bilən bir təşkilat kimi çıxış etməsi məqsədəuyğundur. Qəbələ Zirvəsi bir növbəti illik toplantı olmaqdan daha üstün - türk dünyası üçün strateji gələcəyə yön verən dönüş nöqtəsidir. Zirvənin uğuru yalnız görkəmli deklarasiyalar qəbul edilməsində deyil, onları icra edə biləcək sistemlərin qurulmasında və fəaliyyətə keçməsində təcalla tapacaqdır.

Qəbələ Zirvəsi - mürəkkəb dünyada dialoq, işbirliyi arayışında olan bütün sülhsevər tərəflərin də çıxarlarına cavab verir və Azərbaycanın öz qan qardaşları ilə birgə təhlükəsiz dünya arxitekturasına növbəti töhfədir.

Qəbələ Zirvəsinin sonunda TDT-yə başqanlıq Qırğız Respublikasından Azərbaycana keçəcək, bu isə necə deyərlər, təşkilatdakı liderlik missiyamızın yeni rəsmi təsdiqi olacaq.

Chosen
46
hafta.az

1Sources