EN

"İllərlə gedib Cənubi Azərbaycandan Cəbrayıla baxırdım"

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

"İllərlə gedib cənubi Azərbaycandan Cəbrayıla baxırdım. Düşünürdüm ki, məsələn, mən gözüyumulu gedib kəndə baxaram. Bizim ev hardadır. Uşaqlığım.. Təsəvvür edin ki, kənd bütün xarabalığa çevrilib. Elə bil heç vaxt burda insan yaşamayıb... Torpaqlar işğaldan azad ediləndə ümidlərimiz çox böyük idi".

Razim Əmiraslanlı Cəbrayılın Şahvəlli kəndindəndir.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Video açılmırsa, Youtube kanalımızda baxın.

Cəbrayıl Azərbaycanın Qarabağı geri almaq uğrunda apardığı müharibədə ilk azad olunmuş rayondur. Rayon 2020-ci ilin 4 oktyabrında işğaldan azad olunub.

Qarabağa "Böyük Qayıdışa dair I Dövlət Proqramı" üzrə digər rayonlarla yanaşı Cəbrayılda da artıq neçə illərdir ki, tikinti-bərpa, yenidənqurma işlərinin aparıldığı, əhalinin hissə-hissə köçürüldüyü bildirilir.

Cəbrayıla köçənlərin bildirdiyinə görə, indiyədək Cəbrayıl şəhərində 30-dan çox bina tikilib və binaların hamısında əhali yerləşdirilib.

Razim Əmiraslanlı deyir ki, 2022-ci ildən müraciət etməsinə baxmayaraq, hələ də aidiyyatı qurumlardan köçmək üçün icazə ala bilmir.

Cəbrayıl rayonunun ərazisi təxminən 1050 kvadrat kilometrdir. Əhalisinin 90 min nəfərdən çox olduğu bildirilir.

Müharibədən sonra ilk olaraq, Cəbrayıl şəhərində tikinti işinə başlanmışdısa, indi söhbətləşdiyimiz keçmiş məcburi köçkünlər deyir ki, bəzi kəndlərdə də tikinti işləri aparılır.

Razim Əmiraslanlı iddia edir ki, müharibədən sonra Cəbrayılın kəndləri cəbrayıllılarla məsləhətləşmə aparılmadan düzlənir, bir-birinə qatılır və bəzilərinin ərazisində fabrik-zavod açmaq planlaşdırılır.

O əlavə edir ki, 210 min hektardan çox ərazidə əkin-biçin aparılsa da, Cəbrayıla qayıtmış yerlilərə əkin-biçinlə məşğul olmaq üçün şərait yaradılmayıb.

BBC-nin danışdığı Cəbrayılda yaşayan şəxslər bildirirlər ki, hökumət arzusunda olan ailələrə şəxsi istifadə üçün 2 sot torpaq təklif edir.

Razim Əmiraslanlının iddiaları ilə bağlı Qaçqınkomdan şərh almaq mümkün olmayıb. Dövlət Məşğulluq Xidməti isə bildirib ki, bu məsələlərə Prezidentin səlahiyyətli nümayəndəsi baxır.

BBC Prezidentin Cəbrayıldakı səlahiyyətli nümayəndəsi ilə danışa bilməyib.

Razim Əmiraslanlınınsa indi bircə arzusu var:

"Ən böyük arzum, ən böyük xəyallarım təbii ki, o yurda qayıtmaq, yaşamaq və doğmalarım ürəyi necə istəyirdisə, onlar necə arzulayırdısa, o cür də ata-baba yurdumu bərpa etməkdir, onda bəlkə qəlbən bir az sakitləşərik".

Chosen
65
bbc.com

1Sources