EN

Putin Trampı hədələdi, dünya maraqdadır - “Tomahawk” Kiyevə veriləcəkmi?


Elşən Manafov: “Bu məlumatdan sonra Rusiyanın Ukraynaya hava zərbələri daha kütləvi xarakter alıb”

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Ukraynaya “Tomahawk” tipli raketlər ötürə biləcəyi barədə yayılan məlumatlara sərt reaksiya verib.

Putin bu barədə jurnalist Pavel Zarubinə müsahibəsində danışıb. Onun sözlərinə görə, belə bir addım Moskva ilə Vaşinqton arasında onsuz da gərgin olan münasibətləri tamamilə dağıda bilər. “Bu, münasibətlərimizin dağıdılmasına gətirib çıxaracaq. Ən azı, müşahidə olunan müsbət tendensiyaların məhvinə səbəb olacaq”, - Kreml rəhbəri bildirib.

Putin həmçinin vurğulayıb ki, ABŞ tərəfinin Ukraynaya uzaqmənzilli hücum silahları verməsi regionda vəziyyəti daha da gərginləşdirə və yeni eskalasiyaya yol aça bilər.

Maraqlıdır, bu bəyanatdan sonra Birləşmiş Ştatlar Ukraynaya “Tomahawk” tipli raketlər verəcəkmi? ABŞ bundan imtina etsə, bu necə başa düşüləcək?

“Hesab edirəm ki, “Tomahawk”ların verilmə ehtimalı azdır”

Sözügedən məsələyə aydınlıq gətirən politoloq Elşən Manafov “Bakı-Xəbər”ə açıqlamasında buna bir neçə aspektdən yanaşdı: “Rusiya prezidenti Putin ABŞ istehsalı olan “Tomahawk” raketlərinin Ukraynaya ötürüləcəyi halda belə bunun müharibənin gedişatına heç bir ciddi təsiri olmayacağı ilə bağlı bəyanatla çıxış edib. Eyni zamanda bildirib ki, rəsmi Vaşinqtonun bu qərarı onunla Rusiya arasında mahiyyət etibarı ilə münasibətlərdə yeni mərhələnin başlanmasına rəvac verə bilər. Maraqlı məqam isə ondan ibarətdir ki, bu xəbərin yayılmasından sonra Rusiyanın Ukraynaya hava zərbələri daha kütləvi xarakter alıb. Təkcə bir gün ərzində Rusiya Ukraynaya 26 “İsgəndər” raketi atıb ki, bunların birinin dəyəri 3 milyon dollardır. Bütövlükdə isə, ancaq bir gün ərzində Ukraynaya atılan “İsgəndər” raketlərinin ümumi dəyəri 78 milyon dollar olub. Bunların böyük əksəriyyəti hədəflərə dəyib. Məsələn, Ukraynanın Xerson və Odessa vilayətləri ölkənin qaza olan tələbatının 90 faizini təmin edir. Burada isə bəlli enerji zavodları büsbütün dağıdılıb. “Tomahawk”ların verilmə ehtimalı azdır. Bu raketlər keçən əsrdən, konkret olaraq 1983-cü ildən başlayaraq istehsal olunmağa başlayıb. Əsasən ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin, xüsusilə sualtı gəmilərin arsenalındadır. Ümumi dəyəri 1,3 milyon dollar olan bu raketlərin istehsalında hazırda qıtlıq yaranıb. İlə 57 dən 90-a qədər raket istehsal olunur və əsasən ABŞ sualtı gəmilərində yerləşdirilir. Digər tərəfdən, Ukraynaya bu raketlər ötürülə biləcəyi halda belə Ukrayna Hərbi Dəniz Qüvvələri onları tətbiq iqtidarında deyil. Ən nəhayət, ABŞ Avropa İttifaqından bu raketlərin dəyərinin ödənilməsini tələb edəcək. Ukrayna bu raketləri almaq imkanlarına malik deyil. Macarıstan lideri Orban bəyan edib ki, indiyədək Aİ Ukraynaya dəstək üçün 170 milyard avro artıq xərcləyib və o öz ölkəsinin növbəti silahlanma paketinə veto qoyacağını bəyan edib. Sloveniya, perspektivdə Çexiyanın da anti-Rusiya sanksiyalarına qatılacaqları gözlənilir. Bütün bunlar “Tomahawk” Ukraynaya veriləcəyi halda Rusiya ilə müharibədə qələbə əldə edəcəklərinə ümidlərini itirən siyasi və maliyyə dairələrinə təzyiq üçün hesablanmış təbliğat vasitəsindən başqa bir şey deyil”.

Vidadi ORDAHALLI

Chosen
34
baki-xeber.com

1Sources