EN

“Böyük ticarət mərkəzlərində çalışanların hərəkəti Bakıdakı tıxaclara ciddi təsir göstərir” - QHT sədri

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli Bakı şəhərində nəqliyyat sıxlığının səbəbləri və mümkün həll yolları barədə fikirlərini bölüşüb.

Ekspert bildirib ki, hazırda paytaxtda ən böyük iş yerləri əsasən Sədərək, Binə və Abşeron ticarət mərkəzlərində cəmlənib:

“Təxmini məlumatlara əsasən, bu ticarət mərkəzlərində 70–80 min sahibkar fəaliyyət göstərir. Üstəlik, həmin yerlərdə çalışan personal və hər gün alış-verişə gələn minlərlə müştəri də var. Burada çalışanların əksəriyyəti Əhmədli, Günəşli, Bakıxanov və Binə qəsəbələrində yaşayır. Bu isə o deməkdir ki, hər gün təxminən 100 minə yaxın avtomobil şəhərin bir tərəfindən digər tərəfinə hərəkət edir. Nəticədə yollarda ciddi sıxlıq yaranır.”

Eyyub Kərimli problemin azaldılması üçün metro stansiyalarının yaxınlığında böyük, ucuz və ya pulsuz parkinqlərin yaradılmasını təklif edib:

“Əgər 20 Yanvar, Azadlıq prospekti, Xətai, Koroğlu, Əhmədli və Xalqlar Dostluğu kimi metro stansiyalarının yaxınlığında münasib qiymətli dayanacaqlar yaradılsa, sürücülər avtomobillərini orada saxlayıb şəhərdaxili hərəkətini metro ilə davam etdirə bilər. Bu, həm bahalı parkinqlərə xərci azaldar, həm də tıxacda saatlarla qalmaqdan xilas edər.”

QHT sədri əlavə edib ki, ticarət mərkəzlərinə yaxın metro stansiyalarından ekspress avtobusların işləməsi də nəqliyyat axınını azalda bilər:

“Belə təşəbbüslər avtomobil sayının azalmasına, tıxacların aradan qaldırılmasına və ictimai nəqliyyata marağın artmasına səbəb ola bilər. Bu cür sistemli yanaşma həm şəhər infrastrukturunun yüklənməsinin qarşısını alar, həm də vətəndaşların vaxtına və büdcəsinə qənaət imkanı yaradardı".

 

Pərvanə Fərhadqızı

Chosen
50
qht.az

1Sources