Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 3 oktyabr, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının daimi təmsilçisi, texnika üzrə fəlsəfə doktoru İbrahim Nəbioğlunun “Gələcək çox tez gələcək” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Milli Məclis sədrinin müavini, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov açaraq İbrahim Nəbioğlunun çoxşaxəli yaradıcılığı, özünəməxsus üslubu və müraciət etdiyi mövzular barədə danışıb.
Akademik Rafael Hüseynov İbrahim Nəbioğlunu çağdaş Azərbaycan maarifçiliyinin görkəmli simalarından biri kimi qiymətləndirərək, onun ziyalı ailəsində dünyaya gəldiyini, cəmiyyətdə daim yazıb-yaratmaq həvəsi, zəngin yaradıcılıq enerjisi və maarifçilik eşqi ilə seçildiyini xüsusi vurğulayıb. Bildirib ki, İbrahim Nəbioğlu uzun illər Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi kimi səmərəli fəaliyyət göstərib, həmçinin BBC-nin Orta Asiya və Qafqaz müxbiri olub. O, yerli və xarici mətbuatda yüzlərlə məqalənin müəllifi, 20-dən çox sənədli filmin ssenari müəllifi və redaktoru, müxtəlif qəzetlərin köşə yazarıdır.
Akademik Rafael Hüseynov İbrahim Nəbioğlunun 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin televiziya verilişlərində tarixi Zəfərlə bağlı çıxışlar edərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdığını bildirib.
Kitabın təqdimatının muzeydə keçirilməsinin rəmzi məna daşıdığını deyən direktor 1918-ci ilin sentyabr ayında Bakı azad edildikdən və Milli hökumət Gəncədən Bakıya köçdükdən sonra Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin “Metropol” adlanan indiki Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yerləşdiyini bildirib. Qeyd edib ki, hökumət üzvləri burada həm yaşayıb, həm də fəaliyyət göstəriblər. Ölkə həyatını nizamlayan ən vacib məsələlər bu məkanda müzakirə olunub, eləcə də elmlə bağlı ən mühüm qərarlar bu tarixi binada qəbul olunub. Bu baxımdan “Gələcək çox tez gələcək” kitabının təqdimatının məhz muzeydə keçirilməsi əlamətdar hadisədir.
Akademik Rafael Hüseynov kitabın gələcək nəsillər üçün dəyərli informasiya mənbəyi olduğunu deyib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə Milli Məclisin deputatı Fazil Mustafa, AMEA-nın Şərqşünaslıq İnstitutunun baş elmi işçisi professor Solmaz Rüstəmova-Tohidi, filosof, təhsil eksperti, professor Şahlar Əsgərov, Əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq artisti, rejissor Ramiz Həsənoğlu, Alman-Azərbaycan Cəmiyyətinin sədri professor Çingiz Abdullayev, bəstəkar, şair və naşir Rasim Müzəffərli və digərləri çıxış edərək nəşrlə bağlı fikirlərini bölüşüblər.
Çıxışlarda kitabın təqdimatının elmi ictimaiyyət üçün mühüm mədəniyyət hadisəsi olduğu bildirilib. Qeyd edilib ki, akademik Rafael Hüseynovun “Ön söz” yazdığı yeni nəşr akademik Azad Mirzəcanzadənin xatirəsinə ithaf olunub. Bu kitab gələcəyə çağırış, dəyərlər toplusu olmaqla yanaşı, maarifçilik ənənələrinin bərpası və intellektual mədəniyyətin inkişafı baxımından əhəmiyyətlidir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.