EN

“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” adlı simpozium çərçivəsində 80-ə yaxın elmi məqalə təqdim edilib

Quba, 3 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Quba Soyqırımı Memorial Kompleksində “Qoruqlar və muzeylər – keçmişdən gələcəyə körpü” adlı III Quba Simpoziumu işə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi, Quba Soyqırımı Memorial Kompleksinin təşkilatçılığı ilə keçirilən tədbirə 100-dən çox iştirakçı qatılıb. Simpozium çərçivəsində 80-ə yaxın elmi məqalə təqdim edilib və materiallar toplusu hazırlanıb.

Simpoziumda Quba Rayon İcra Hakimiyyəti başçısının müavini xanım Səidə Abasova, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar mədəniyyət işçisi, dosent Sədaqət Əliyeva, yerli idarə-müəssisə rəhbərləri, ölkədə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, eləcə də muzeylərin əməkdaşları, tarixi abidə mühafizəçiləri, ziyalılar, həmçinin gənc fəallar iştirak ediblər.

Azərbaycan Rəssamlar İttifaqının üzvü Sahib Quliyev və Vüqar Quliyevin əsərlərindən ibarət sərgi ilə tanışlıqdan sonra simpozium işə başlayıb.

Kompleksin direktoru Rəxşəndə Bayramova bildirib ki, Quba Soyqırımı Memorial Kompleksi 2013-cü ildən bəri fəaliyyət göstərir. 12 il ərzində 200 mindən çoxu xarici olmaqla, 1 milyondan artıq ziyarətçi qarşılayan kompleksdə mütəmadi olaraq simpozium, konfrans və forumlar təşkil edilir. Keçirilən bu simpozium qoruq və muzey işinin inkişafı, abidələrin mühafizəsi, bələdçilik və insanlarda qoruq və muzeylərə marağın artırılması istiqamətində mühüm rol oynayır.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova simpozium çərçivəsində əldə olunan bilik və təcrübələrin tətbiqi nəticəsində regionumuzda və ölkəmizdə qoruq və muzey işinin səviyyəsinin yüksələcəyini, tarixi-mədəni irsin qorunması sahəsində uğurların artacağını vurğulayıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov Mədəniyyət Nazirliyi tərəfindən tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, təbliği, onların istifadəsi baxımından bir sıra layihələrin həyata keçirildiyini, bu sahədə həm beynəlxalq platformalarda, həm də ölkə səviyyəsində işlərin görüldüyünü söyləyib.

Daha sonra çıxış edən natiqlər muzey və qoruqların mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Rəsmi hissə bitdikdən sonra gün ərzində davam edən bölmə iclaslarında mövzu ilə əlaqədar elmi müzakirələr aparılıb.

 

Chosen
28
4
azertag.az

5Sources