EN

Azərbaycanda yeni mərhələnin başlanğıc tarixi: 3 oktyabr 1993

1993-cü il oktyabrın 3-ü müasir dövlətçilik tariximizdə yeni dövrün, şərəfli salnamənin başlandığı gündür. Müstəqilliyimizin dönüş nöqtəsi olan 15 İyun Milli Qurtuluş Hərəkatının Zirvəsi olan 3 oktyabr Ulu Öndər Heydər Əliyevin milli quruculuq missiyasının təməl sütunudur.

Azərbaycanın müstəqilliyə gedən işıqlı yolu 1969-cu ildən ali dövlət kürsüsündə çalışan Dahi Lider Heydər Əliyevin qurduğu milli dövlət ideyası və dövlətçilik məfkurəsinə əsaslanır. Onun 70-ci illərdə möhkəm təməllərini qoyduğu hərəkat ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi tarixi mərhələ və missiya ilə tamamlanaraq müstəqil Azərbaycanın legitimliyini təmin etdi.

Müstəqilliyə gedən yol birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyin ilk illərində hakimiyyətə zorla yiyələnmiş təsadüfi qüvvələrin səriştəsiz idarəçiliyi nəticəsində 20 Yanvar, Xocalı faciələrini yaşamış, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmuş, torpaqlarının 20 faizini itirmiş və dövlətçiliyi təhlükə ilə üz-üzə qalmış Azərbaycanın müqəddəratı taleyin ümidinə qalmışdı. Əgər Heydər Əliyev müstəqilliyin ilk illərində hakimiyyətdə olsaydı torpaqlarımız işğal altına düşməyəcəkdi və Azərbaycan həmin iztirablı yollardan keçməyəcəkdi.

Belə bir ağır və fəlakətli vəziyyətdə Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün onun əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz Liderə ‒ Heydər Əliyevə üz tutdu. 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalıları Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da xalqın və respublikanın hakim dairələrinin təkidli dəvəti ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev Azərbaycanın parçalanmaq, məhv olmaq təhlükəsinin qarşısını aldı. Ulu Öndər, ilk növbədə, təcavüzkar Ermənistanın işğalçılıq planlarının da qarşısını almaqla möhkəm sabitlik arxitekturasını formalaşdırdı.

1993-cü il oktyabrın 3-də keçirilən Prezident seçkilərində Azərbaycan xalqı tarixi seçim edərək Ulu Öndərə tükənməz məhəbbətini nümayiş etdirdi, seçkilərdə o, 98,84 faiz səslə sözün əsl mənasında müstəqil olan Azərbaycanın müstəqil Prezidenti seçildi. Bu seçki müstəqilliyini bərpa etmiş Azərbaycanın siyasi həyatında ilk demokratik seçki olmaqla, həm də, demokratik və şəffaf seçim mədəniyyətinin əsasını qoydu.

Oktyabrın 10-da Azərbaycan Prezidenti kimi and içərkən Heydər Əliyev ilk vəzifəsinin torpaqlarımızın azad edilməsindən ibarət olacağını və bu müqəddəs missiyanı yerinə yetirmək üçün var gücü ilə çalığacağını bildirdi:

“Mən bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq, gənclərimiz və gələcək nəsillər onların qəhrəmanlıqlarından nümunə götürəcəklər. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaqdır”.

Ümummilli Lider bu milli amal uğrunda uzaqgörən müdrik dövlət kursu müəyyən edərək Azərbaycanın siyasi-iqtisadi-hüquqi suverenliyini təmin etməyə başladı. 1995-ci ildə qəbul olunan Konstitusiya demokratik intibaha aparan yolun möhkəm istinad sütunları oldu.
Həmin dövrün ən iradəli və qətiyyətli addımlarından biri milli inkişafın uzunömürlü bazasını təşkil edəcək neft strategiyasının həyata keçirilməsi idi. O dövrdə Ermənistanla müharibə şəraitində olan Azərbaycan Respublikasına xarici şirkətlərin, qlobal investorların sərmayə yatırmaq tərəddüdü var idi. Lakin Ulu Öndərin dünya miqyaslı şəxsi nüfuzu və neft kontraktı ilə bağlı danışıqlarda iştirak edən Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyevin inanılmaz zəkası və məharəti sayəsində bu sindrom sındırıldı.

1994-cü il sentyabrın 20-də dünyanın nəhəng neft-qaz şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişin (“Əsrin müqaviləsi”) imzalanması Azərbaycanın iqtisadi-siyasi, sosial həyatında yeni tarixi mərhələnin başlanğıcını qoydu.

Chosen
31
2
aznews.az

3Sources