EN

BMT kürsüsündə qələbə nitqi...


Azərbaycanın 2020-ci ilin Vətən müharibəsində qazandığı qələbə və 2023-cü ilin antiterror tədbirləri nəticəsində Qarabağda suverenliyin tam bərpa olunması Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı.

Bu hadisələr təkcə Azərbaycan üçün deyil, bütün region üçün ciddi dəyişikliklərə səbəb oldu. Ən mühüm yenilik Cənubi Qafqazda güc balansının dəyişməsidir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək, uzun illər davam edən işğal probleminə son qoydu. Bu, regionda “status-kvo” anlayışını kökündən dəyişdi. Ermənistanın hərbi-siyasi təsir imkanları zəiflədi, Azərbaycanın isə regional lider kimi mövqeyi gücləndi. Bununla da Cənubi Qafqazda yeni geosiyasi xəritə formalaşdı.

Azərbaycan qətnamələrini faktiki olaraq özü icra etdi

Azərbaycanın hərbi qələbəsi regionda təhlükəsizlik mühitini dəyişdirdi. İşğal altında qalan torpaqların azad olunması və separatizmin aradan qaldırılması münaqişə risklərini minimuma endirdi. Bu, həm də region ölkələri üçün dayanıqlı sülhə gedən yol açdı. Sərhədlərin dəqiqləşdirilməsi, kommunikasiyaların bərpası və diplomatik dialoqlar artıq yeni mərhələyə keçib. Özü də bütün bunların təşəbbüskarı Azərbaycan özüdür. Qeyd edilən məsələyəprezident İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı geniş toxundu.

Ümumiyyətlə, dövlət başçısının bu çıxışı həm də BMT kürsüsündə qələbə nitqi idi. Bu fonda prezident İlham Əliyev qeyd etdi: “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam. Otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı”. Qeyd edək ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına dair dörd qətnamə (822, 853, 874, 884) qəbul etmişdi. Bu sənədlərdə açıq şəkildə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Lakin illərlə bu qətnamələr kağız üzərində qaldı, onların icrasını təmin edəcək beynəlxalq mexanizm işə düşmədi. Bu reallıq qarşısında Azərbaycan öz gücünə arxalanaraq, 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirləri ilə həmin qətnamələri faktiki olaraq özü icra etdi. Azərbaycanın BMT qətnamələrini özü yerinə yetirməsi, ilk növbədə, tarixi ədalətin bərpası deməkdir. Otuz ilə yaxın müddətdə beynəlxalq təşkilatların fəaliyyətsizliyi nəticəsində pozulmuş hüquqlar yalnız milli güc vasitəsilə bərpa olundu. Bu, həm də göstərdi ki, dövlət öz haqlı mübarizəsini sona qədər aparmaq iradəsinə malikdirsə, beynəlxalq hüququn prinsiplərini öz gücü ilə reallaşdıra bilər. Azərbaycan beynəlxalq hüququn əsas prinsiplərinə – suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına daim sadiq qaldığını sübut etdi. Qələbə yalnız hərbi nəticə deyil, həm də beynəlxalq hüququn qələbəsi kimi dəyərləndirilə bilər. Çünki BMT qətnamələrinin icrası ilə Azərbaycanın beynəlxalq hüquq çərçivəsindəki haqlı mövqeyi təsdiqini tapdı. Azərbaycanın BMT qətnamələrini özü icra etməsi onun beynəlxalq nüfuzunu daha da artırdı. Artıq Azərbaycan təkcə regional yox, qlobal siyasətdə də öz sözünü deyən, müstəqil qərarlar qəbul edən və onları reallaşdırmaq gücündə olan dövlət kimi tanınır. Bu, ölkəmizin beynəlxalq platformalarda mövqelərinin güclənməsinə səbəb oldu. İşğalın aradan qaldırılması ilə regionun iqtisadi, siyasi və sosial xəritəsi dəyişdi. Nəqliyyat və kommunikasiya xətləri bərpa olunur, yeni əməkdaşlıq formatları gündəmə gəlir. Bu proses, əslində, BMT qətnamələrinin ruhuna da uyğun olaraq regionda uzunmüddətli sülhün təmin edilməsinə xidmət edir.

İbrət dərsi və presedent

BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı prezident İlham Əliyev ona da diqqət etdi ki, 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu isə öz missiyasını yerinə yetirə bilmədi: “Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar.

Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu... 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü. Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi”.

Azərbaycanın ərazi bütövlüyü uğrunda atdığı addım dünyaya bir nümunə oldu: beynəlxalq təşkilatların qərarları kağız üzərində qalanda belə, dövlət öz milli maraqlarını qorumaq gücündədirsə, həmin ədaləti təmin edə bilər. Bu, beynəlxalq münasibətlərdə mühüm presedent kimi yadda qalacaq. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə uzun illər “dondurulmuş münaqişə” kimi qalan Qarabağ məsələsi artıq tarixə qovuşdu. Bu, sülh prosesinə yeni çərçivə gətirdi: danışıqlar artıq “status” və ya “mübahisəli torpaq” üzərində deyil, qarşılıqlı tanınma və münasibətlərin normallaşdırılması əsasında aparıldı, nəticə də əldə edildi. Azərbaycan-Ermənistan sülhünün təmin olunması regional təhlükəsizlik üçün zəmanət yaradır. Eyn zamanda nəqliyyat və logistika imkanlarını genişləndirir. Zəngəzur dəhlizi burada mühüm rol oynayır. İqtisadi əməkdaşlıq üçün yeni perspektivlər açılır. Humanitar sahədə xalqlar arasında etimad və normal qonşuluq münasibətlərinin qurulmasına imkan yaranır. Azərbaycan proseslərin məhz bu məcrada inkişafında maraqlıdır. Elə prezident İlham Əliyev də qeyd edir ki, regional bağlantılar davamlı sülh istiqamətində Azərbaycanın baxışlarının əsasını təşkil edir: “Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur (TRIPP)”. Beləliklə, Azərbaycan-Ermənistan sülh prosesi regionun gələcəyi üçün həlledici mərhələdədir. Bu prosesin uğurla başa çatması Cənubi Qafqazı uzun illərin qarşıdurmalarından xilas edərək, əməkdaşlıq və inkişaf məkanına çevirə bilər. Azərbaycanın ortaya qoyduğu realist və beynəlxalq hüquqa əsaslanan təkliflər göstərir ki, sülh yalnız mümkündür deyil, həm də labüddür.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Chosen
86
50
baki-xeber.com

10Sources