EN

Rusiyada buna da əl atılır - "xalqa xor baxanların" pensiyası kəsilsin…


Azər Allahverənov: “Miqrantlarla bağlı qəbul edilən bəzi qaydalar onların əmək hüquqlarının pozulması ilə nəticələnir”

Son zamanlar Rusiyada miqrantlara qarşı sərt münasibət müşahidə olunur. Bu günlərdə Rusiya Dövlət Dumasının deputatı və LDPR lideri Leonid Slutski federal büdcənin yükünü azaltmaq məqsədilə miqrantlar üçün sosial pensiyaların ləğvini təklif edib. O qeyd edib ki, Rusiya hazırda kritik dönəm yaşayır: “Hərbi, sosial, demoqrafik və digər problemlər – bütün bunlar böyük resurs tələb edir. Hər qəpiyə dəyər”.

Slutski dövlətin “çox vaxt Rusiyaya və rus xalqına xor baxan” miqrantlara pensiya ödənişinin dayandırmasını təklif edib.

Qeyd edək ki, bir çox soydaşımız Rusiya vətəndaşı kimi sosial pensiya alır. Belə olan halda Slutskinin təklifi nə dərəcədə reallaşa bilər? Sosial pensiyaların ləğvi Azərbaycandan Rusiyaya işləməyə gedən vətəndaşların pensiya hüquqlarına təsir edəcəkmi?

“Leonid Slutskinin məlum təklifi istər-istəməz həmin miqrantların Rusiyada işləmək istəyinin üzərindən xətt çəkmiş kimi görsənir”

“Avrasiya miqrasiya təşəbbüsləri platforması” İctimai Birliyinin sədri, deputat Azər Allahverənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, LDPR lideri Leonid Slutski zaman-zaman dilə gətirdiyi fikirlər sonrakı mərhələrdə qanun layihələrində öz əksini tapıb: “Bu onu göstərir ki, həmin şəxsin təklifləri Rusiya cəmiyyəti tərəfindən rəğbətlə qarşılanır və müəyyən siyasi dairələr həmin fikirləri müsbət qarşılayır, dəstəkləyir. Bu səfər də miqrantların maraqlarına toxunan məsələ gündəmə gəlib. Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul olan miqrantlara sosial pensiya məsələsinin verilib-verilməməsi müzakirə olunur. Beynəlxalq sənədlər, konvensiyalara əsasən həmin ölkə üzərinə müəyyən öhdəliklər götürüb. Qanunvericiliyə əsasən, həmin təqaüdlər miqrantlara verilməlidir. Ancaq miqrantlarla bağlı qəbul edilən bəzi qaydalar onların əmək hüquqlarının pozulması ilə nəticələnir”.

Həmsöhbətimiz onu da əlavə etdi, Rusiya cəlbedici mühiti ilə daim miqrantların diqqətində olub: “Leonid Slutskinin məlum təklifi istər-istəməz həmin miqrantların Rusiyada işləmək istəyinin üzərindən xətt çəkmiş kimi görsənir. Gələcəkdə bu məsələ qanun layihəsi kimi təsdiq olunsa, bu, miqrantların əlavə imkanlardan məhrum olması deməkdir. Ola bilsin ki, bəzi şəxslər Rusiyada miqrant kimi işləmək fikrindən yayınacaq”.

Günel CƏLİLOVA

Chosen
38
baki-xeber.com

1Sources