EN

Şagirdlərin yükü az idi, nazirlik "sahibkarlıq dərslərini" də əlavə edir...


Cəmiyyət inkişaf etdikcə təhsil də inkişaf edir. Yenilənən cəmiyyət təhsil proqramları və tədris planlarının da yeniləşməsini qaçılmaz edir. Son zamanlar ümumtəhsil məktəblərdə sahibkarlıq fənninin tədris olunması müzakirə olunur.

Elm və təhsil naziri Emin Əmrullayev Bakıda "PAŞA Holding"in təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammitində çıxışı zamanı deyib ki, məktəblərdə sahibkarlıq tədris edilə bilər. O qeyd edib ki, məktəblərdə sahibkarlığın tədrisi mümkündür, lakin bu prosesin necə həyata keçiriləcəyi əsas məsələlərdən biridir: “Bizdə və oxşar ölkələrdə hər hansı yeni istiqamət gündəmə gələndə dərhal ona "ayrıca ixtisas açaq" yanaşması seçilir. Məsələn, ötən il Azərbaycan COP tədbirinə ev sahibliyi edəndə bərpa olunan enerji üzrə təhsil müzakirə olunurdu. Əksər cavab belə idi: "Gəlin, bərpa olunan enerji üzrə magistr proqramı yaradaq". Amma sadəcə bu ixtisasın mövcudluğu hələ həmin sahədə peşəkar mühəndislərin yetişəcəyi demək deyil. Eyni yanaşma innovasiya və sahibkarlıq üçün də keçərlidir. Sahibkarlıq yalnız proqram və diplomlarla məhdudlaşmamalı, ümumi mədəniyyət və nəsil yetişdirmə tərzi ilə formalaşmalıdır”.

Maraqlıdır, bu gün məktəblərdə sahibkarlığın tədrisi nə dərəcədə doğrudur?

Elçin Süleymanov: “Bu dərs tədris olunarsa, gənclər iqtisadiyyat haqqında anlayışlı olarlar”

Təhsil eksperti Elçin Süleymanov “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, dünyanın bir çox ölkəsində orta təhsildə sahibkarlıq, iqtisadiyyatın idarə olunmasına bənzər fənlər keçilir: “Bu, orta təhsildə şagirdlərə iqtisadiyyata və vəsaitlərin qənaətlə idarə olunmasına müəyyən baza biliklər verəcək. Hesab edirəm ki, Azərbaycan üçün sahibkarlıq, vergi, iqtisadiyyat haqqında məlumatların şagirdlərin aşılanması yaxşı haldır. Bu dərs tədris olunarsa gənclər iqtisadiyyat haqqında anlayışlı olarlar”.

Elçin Əfəndi: “İlk növbədə şagirdlərin dərs yükünü və imtahanlarda fənlərin sayını minimallaşdırmalıyıq, yalnız bundan sonra sahibkarlığın tədrisinə başlaya bilərik”

Təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, hazırda sahibkarlıqla bağlı ilkin informasiyalar texnologiya fənninin tədrisi zamanı şagirdlərə müəyyən qədər də olsa çatdırılır: “Amma ayrıca sahibkarlığın tədrisi həyata keçirilmir. Hesab edirəm ki, bunu hazırda tətbiq etmək şagirdlərin əlavə dərs yükünü artırmaqla nəticələnəcək. Ona görə də biz ilk növbədə şagirdlərin dərs yükünü və imtahanlarda fənlərin sayını minimallaşdırmalıyıq, yalnız bundan sonra sahibkarlığın tədrisinə başlaya bilərik”.

Günel CƏLİLOVA

Chosen
60
baki-xeber.com

1Sources