Bu gün dünyada istehlak edilən ümumi ətin 40 faizdən çoxunu toyuq əti təşkil edir. Ölkəmizdə isə hər bir insan il ərzində orta hesabla 18-20 kiloqram toyuq əti istehlak edir. Araşdırmalar zamanı məlum olub ki, toyuq əti və yumurtası yüksək bioloji dəyərə malik, keyfiyyətli zülal mənbələridir.
Məlumdur ki, bu gün satışda broyler toyuqları üstünlük təşkil edir. Ancaq broyler toyuqları ilə bağlı müxtəlif fikirlər səslənir. İddia olunur ki, bu toyuqlar sağlamlıq üçün ziyanlıdır. Hətta bir sıra qabaqcıl ölkələr insan sağlamlığına zərərli olduğu üçün broyler toyuqlarının istehlakına məhdudiyyətlər tətbiq edib.
Maraqlıdır, bu proses gələcəkdə qlobal miqyasda tendensiyaya çevrilə bilərmi? Azərbaycanda broyler toyuqlarının istehlakı məhdudlaşa bilərmi?
Eyyub Hüseynov: “Broyler toyuqlarına qarşı kütləvi qadağanın tətbiqi nə iqtisadi, nə də sosial baxımdan məqsədəuyğundur”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dünyada broyler toyuqlarına kütləvi şəkildə qadağa qoyulması, demək olar ki, mümkün deyil: “Broyler toyuq sənayesinin qlobal ərzaq təhlükəsizliyində və iqtisadiyyatda rolu mühumdur. Dövlətlər üçün bu sənaye sahəsi həm daxili bazarın təmin olunmasında, həm də ixrac potensialının artırılmasında əhəmiyyətlidir. Bir çox ölkələrdə broyler istehsalı dövlət büdcəsinə milyonlarla, bəzən milyardlarla gəlir gətirir. Bu gəlirlər təkcə toyuq ətinin satışından deyil, həmçinin onunla əlaqəli digər sahələrdən – yem istehsalı, logistik xidmətlər, baytarlıq preparatları, texnoloji avadanlıqlar və s. daxil olmaqla çoxşaxəli şəkildə formalaşır. Ona görə də broyler toyuqlarına qarşı kütləvi qadağanın tətbiqi nə iqtisadi, nə də sosial baxımdan məqsədəuyğundur”.
Pərvanə Mustafayeva: “Broyler toyuqlar 28-30 günə böyüyür, bu müddətə böyüyən toyuqların əti sağlamlıq üçün faydalı ola bilməz”
Həkim Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, broyler toyuqları bir sıra xəstəliklər yaradır və bu inkarolunmaz faktdır: “Tez hazırlanan məhsullar həddən artıq piylənməyə, şəkərli diabetə, mübadilə pozğunluğuna və sairəyə gətirib çıxarır ki, bundan da xeyli insan əziyyət çəkir. Bundan başqa, orqanizmdə müəyyən problemlər yaradır.Məlumdur ki, broyler toyuqları 28-30 günə böyüyür. Bu müddətə böyüyən toyuqların əti sağlamlıq üçün faydalı ola bilməz. Bu səbəbdən də bəzi ölkələrdə məlum məhsulun istehsal və istehlakına qadağa qoyulub. Orqanik məhsullar çox olarsa sağlığında problemi olan insanlar da az olar”.
Günel CƏLİLOVA