EN

Güc zəhərlənməsi Rusiyada elə bir təəssürat yaratdı ki, Putin də SSRİ ni geri qaytaracağını düşündü

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

24 fevral 2022-ci ildə Rusiya Ukraynanı işğal edərək, İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük və ən ölümcül müharibəyə başladı və bu, iki ölkə arasında 2014-cü ildə başlayan müharibənin böyük eskalasiyası oldu. Döyüşlər Ukraynada və Rusiyada yüz minlərlə hərbçinin, on minlərlə mülki vətəndaşın itkisi ilə nəticələnib. Artıq Rusiya qüvvələri Ukrayna ərazisinin təxminən 20%-ni işğal edib. 41 milyonluq əhalidən təqribən 8 milyon ukraynalı məcburi köçkün vəziyyətinə düşüb.Rusiyada xalq, yoxsa hakimiyyət bu müharibəni istəyir?

“Ağ partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, heç bir xalq müharibə istəmir, bəlkə heç bir hökumət də müharibə istəmir.

Əhəd Məmmədli

“İdeologiya, ideoloji təbliğat, ideoloji dövlət, ideoloji hakimiyyət var. Putin dövründə Rusiya dövləti həm də güclə zəhərlənib. Çeçenistanı yenidən öz tərkibinə qaytara bildilər. Gürcüstanla çox asan bacardılar. Polşanın bütün hakimiyyətinin helikopteri Rusiya ərazisində vuruldu. Polşa heç nə edə bilmədi. Rusiyanın dirçəlməsi, qaz və neft pulları, Rusiyanın ayağa qalxması, rus əhalisinin yaxşı yaşaması, avtoritar hakimiyyət Rusiyanı gücləndirdi.

Yeltsinin bir sözü vardı, deyirdi ki, “nə qədər bacarırsınızsa, muxtariyyət götürün”. Amma Putin dövründə bunun əksi oldu. Putin seçkiləri ləğv elədi. Öz təqdimatı ilə parlament təsdiqlədi. Yəni sırf SSRİ dövründəki kimi 15 respublikanın hüquqları vardı. Amma hamısı de-fakto Moskvaya tabe idi. Onların heç bir hüququ yox idi. Hüquqlar kağız üstündə idi. Bu gün Putin elə bir vəziyyət yaradıb ki, bütün muxtar respublikaların və muxtar vilayətlərin hüquqları kağız üstündədir. Hamısı Moskvaya tabedir.

2014-cü ildən başlayan müharibə, Krımın asan baş tutan ilhaqı, Donetsk, Luqanskın işğalı ukraynalıları qorxutdu və geri çəkildilər. Çünki belə bir mif yaranmışdı ki, “rusa qalib gəlmək mümkünsüzdür”. Suriyada aparılan uğurlu müharibə və Əsədin hakimiyyətdə qalması Rusiyanın güclü olduğunu göstərirdi. Ərəb ölkələrində bütün diktatorlar devrilirdi. Amma Rusiya müdaxilə etdi deyə, Əsəd bir müddət hakimiyyətdə qaldı. "Rus elə bir müharibə aparır ki, bir böcək də sağ qalmır" düşüncəsi ilə formalaşdırılan bir təbliğat var idi”-deyən Əhəd Məmmədlinin fikrincə, bütün bu güc zəhərlənməsi Rusiyada elə bir təəssürat yaratdı ki, Putin də SSRİ-ni geri qaytaracağını düşündü və bu plan çərşivəsində Ukraynanı hədəf götürdü.

“Nəticə Putinin istədiyi kimi olmadı, Rusiya palçığa düşdü və indi o palçıqdan qazancla çıxmaq istəyir”-deyən politoloq qeyd edib ki, bu səbəbdən də Rusiya müharibəni davam etdirir və Ukraynanın müqavimətində qırılma olacağını düşünür.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
57
bizimyol.info

1Sources