EN

Cabir İmanovun ölümü göstərdi ki, idman zalları həkimlər olmalıdır! - DEPUTAT

Əməkdar artist Cabir İmanov sentyabrın 29-da vəfat edib. O, Bakının Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılsa da, həkimlərin səylərinə baxmayaraq aktyor vəfat edib.

Elə bu məqamda idman zalları və digər bir sıra müəssisələrdə həkim çatışmazlığı məsələsi gündəmə gəlir. Çünki Cabir İmanovla bağlı yayılan videogörüntüdən belə məlum olur ki, sözügedən idman zalının həkimi olmayıb.

Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, bu çox aktual məsələdir:

“Yalnız idman zallarında deyil, təhsil müəssisələrində, müxtəlif iş yerlərində - ümumiyyətlə, insanların sıx toplaşdığı bütün məkanlarda həkimlərin olması vacibdir. Bu, həm dövlət, həm də özəl sektorla əməkdaşlıq çərçivəsində həyata keçirilə bilər”.

Deputatın sözlərinə görə, dünyada, o cümlədən qonşu Türkiyədə və postsovet ölkələrində “iş həkimliyi” anlayışı mövcuddur:

“Xarici ölkələrdə müəyyən sayda işçiyə bu xidmətin göstərilməsi üçün standartlar mövcuddur. Xüsusilə riskli sahələr – idman zalları, təhsil müəssisələri və s. bu baxımdan prioritet olmalıdır. Bu cür yerlərdə həkim və ya ən azı tibb məntəqəsinin mövcudluğu həm təcili müdaxilə, həm də profilaktik tədbirlərin aparılması baxımından son dərəcə vacibdir”.

O həmçinin vurğulayıb ki, məsələyə xüsusilə idman zalları kontekstində yanaşdıqda, həm baş vermiş, həm də potensial hadisələrin qarşısını almaq baxımından belə bir mexanizmin tətbiqi zəruridir:

“Qısa müddət əvvəl bir idman zalında azyaşlının müəllimi tərəfindən xəsarət alması kimi hadisələr bu ehtiyacı bir daha gündəmə gətirir. Bununla yanaşı, istismar hallarının da müşahidə olunduğunu və dünya təcrübəsində belə hallara rast gəlindiyini nəzərə alsaq, kompleks yanaşmanın vacibliyi ortaya çıxır”.

“Təklif edirik ki, “iş həkimliyi” anlayışı ayrıca bir institut kimi formalaşdırılsın – necə ki, “ailə həkimi” bir institut kimi formalaşmağa başlayıb”,- deyə o əlavə edib.

M.Məmmədlinin sözlərinə görə, bir sıra hallarda bəzi müəssisələrin fəaliyyətinə müəyyən məhdudiyyətlər qoyula bilər:

"Əlbəttə, hər bir kiçik idman zalına ayrıca həkim təyin etmək praktiki baxımdan çətin ola bilər. Lakin bunun alternativ yolu – yaxınlıqdakı tibb müəssisəsi ilə əməkdaşlıq qurmaq, tibb personalı və ya növbətçi həkim sistemini tətbiq etmək mümkündür. Bu baxımdan tibbi yardımın təşkili ilə bağlı standartların hazırlanması və tətbiqi zəruridir”.

Deputat nəzərə çatdırıb ki, bu təklif irəli sürülən qeyri-adi bir fikir deyil.

“Əksinə, bir çox ölkələrdə artıq tətbiq olunan və səmərəli nəticə verən bir təcrübədir. Azərbaycanın da bu istiqamətdə addım atması həm sağlamlıq, həm də təhlükəsizlik baxımından olduqca əhəmiyyətlidir”,- deyə M.Məmmədli fikrini tamamlayıb.

Chosen
18
1
modern.az

2Sources