EN

Davam edən müharibə Zelenskiyə diktator və Putinə yaxşı oğlan deyən Trampın ritorikasını dəyişirib

ain.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq Fox News-a bildirib ki, ABŞ hökuməti Ukraynanın Rusiya ərazisinə dərinlikdə endirdiyi zərbələrin qarşısını almır. Trampın, eləcə də vitse-prezident J.D.Vance və dövlət katibi Marko Rubionun bəyanatlarını nəzərə alaraq, xüsusi nümayəndə bildirib ki, Ukrayna dərindən zərbə endirmək qabiliyyətindən istifadə edə bilər. Kelloq xatırladıb ki, Ukrayna prezidenti Volodimir Zelenski Trampla görüşü zamanı “Tomaqavk” raketlərinin (2500 km-ə qədər mənzilli) Kiyevə ötürülməsini istəyib. Xüsusi nümayəndənin sözlərinə görə, hələlik bu məsələ ilə bağlı qərar qəbul edilməyib.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Tramp hakimiyyətə gələndən bu günə qədər Putinlə danışıqlar yolu ilə müharibəni dayandırmaq istəyib.

Elşad Həsənov

“Avqustun 15-də Alyaskada görüş müəyyən ümidlər verdi. Ancaq son nəticədə gördük ki, Putin Trampın dediklərini nəzərə almır və müharibəni dayandırmaq fikrində deyil. Putin bildirdi ki, onlar öz məqsədlərinə çatmaq üçün bu işi dayandırmayacaqlar. Yəni müharibə davam edəcək.

BMT-nin Assambleyasının 80-cı sessiyasında Trampla görüşən Zelenski onunla bir çox istiqamətlərdə müəyyən razılıqlar əldə etdi. Hətta Tramp Rusiya təyyarələrinin NATO səmasını pozmasına da ciddi reaksiya verdi. Əvvəllər deyirdi ki, "ola bilsin, səhv ediblər". Ancaq indi bildirdi ki, "belə bir hal yaşanarsa, onları vurmaq olar". Bu nöqtey-i nəzərdən artıq Trampın Rusiya mövqeyi dəyişdiyini görürük.

Əvvəllər Tramp Putini “yaxşı oğlan”, “yaxşı insan, yaxşı siyasətçi” kimi təqdim edir, Zelenskini “diktator” adlandırırdı. Ancaq indi ritorika dəyişib və Putin haqqında da yeni yeni ritorikalar işlədilir və müharibəni davam etdirdiyinə görə Putinə sərt reaksiya göstərilir. Hətta Volodimir Zelenski Trampla görüşəndə ondan Amerikanın uzaq mənzilli raketlərini istədi, o da verəcəyini dedi. Ancaq hələ məsələ tam həll olunmayıb”-deyə politoloq qeyd edib. Elşad Həsənov bildirib ki, bu silahlar öldürücü gücə sahib olan silahlardır və indiyə qədər Amerika onu digər ölkələrə verib.

“Səbri daşan Tramp Rusiyanın dərinliklərin, hərbi obyektlərini və artıq Moskvanı Ukrayna tərəfinin vurmasına da razılıq verəcək. Bu "icazə" verilərsə, müharibə çox ciddi şəkildə gərginləşəcək. Ukrayna əldə etdiyi yeni silahlarla Rusiyanın daxilinə, Rusiyanın paytaxtına zərbələr endirəcək. Yaxın zamanlarda Ukraynaya NATO tərəfindən ABŞ-dan alınmış silahlar veriləcək. Ukrayna da bu silahlardan istifadə etməklə, Rusiyanın dərinliklərini vuracaq. Bu silahlara görə Rusiya narahatdır. Ancaq nüvə silahından istifadə mümkünsüzdür.

Çünki NATO-nun da nüvə silahları Rusiyanın sərhədinə yaxın məsafədə yerləşdirilib. Hələlik bu sahədə elə bir ciddi problem yoxdur. Rusiya məğlub olduğunu gördüyü zaman taktiki nüvə silahlarından istifadə edə bilər. Bu da artıq doğrudan da dünyanın sonuna gətirə bilər”-deyən Elşad Həsənov vurğulayıb ki, məsələnin o həddə gedib çatacağı inandırıcı deyil.

Politoloqun fikrincə, Rusiya sülhə məcbur ediləcək və başqa yol yoxdur.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
icma.az

1Sources