Paşinyana qarşı müəyyən hücum ssenariləri hazırlanır— AÇIQLAMA
“Ermənistanın Baş naziri BMT tribunasından verdiyi çıxışlarda bəzi siyasi bəyanatlar səsləndirdi və görünən odur ki, o, artıq regional və qlobal reallıqları qəbul edir”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
O əlavə edib ki, bu çıxışlar Ermənistan daxilindəki auditoriyaya, xüsusilə də ona qarşı çıxan revanşist dairələrə ünvanlanmışdı:
“Hazırda Ermənistan daxilində baş nazirə qarşı müəyyən hücum ssenariləri hazırlanır. Baş nazirin dördüncü respublika konsepsiyasını önə çəkməsi və bu istiqamətdə irəliləməsi, əslində, Ermənistanın revanşist ideologiyadan uzaqlaşaraq daha realist, dövlətçilik maraqlarına uyğun siyasət yürütməyə başlamağa hazır olduğunu göstərir. Bu, həm daxili siyasi sabitlik, həm də regionda sülh üçün müsbət addım kimi dəyərləndirilə bilər. Nikol Paşinyanın son çıxışlarında həm BMT tribunasından, həm də ölkə daxilində keçirdiyi mətbuat konfranslarında və hökumət iclaslarında daha konstruktiv mesajlar verdiyini müşahidə etmək mümkündür. 8 avqust tarixində Azərbaycanla paraflanan sənədlər və bu sənədlərə verdiyi razılıq da Ermənistanın sülhə yaxınlaşmaq istədiyini göstərir. Paşinyan konstitusiya dəyişikliyi və Ermənistanın ərazi iddialarından rəsmi şəkildə imtina etməsi məsələsində addım atmağa məcburdur. Bu, sülh prosesinin əsas tələblərindən biridir. BMT tribunasından səsləndirilən fikirlər də onun bu istiqamətdə hərəkət etməyə qərarlı olduğunu əsaslandırır. Ermənistan real siyasi kursa yönəlir və bu, regionda davamlı sülhün təmin olunması baxımından əhəmiyyətlidir”.
Leyla Turan
Demokrat.az