EN

İsraillə İran arasında yenə müharibə olacaq?

2025-ci ilin yazında Avropa İttifaqı və BMT tərəfindən İrana qarşı sanksiyaların bərpası, sadəcə texniki hüquqi prosedur deyildi. Bu addım həm Yaxın Şərqin, həm də bütövlükdə qlobal siyasətin gündəliyini dəyişən, bölgəni yeni qarşıdurma burulğanına salan həlledici dönüm nöqtəsinə çevrildi. Rəsmi izaha görə söhbət 2015-ci ildən əvvəl mövcud olmuş məhdudiyyətlərin geri qaytarılmasından gedirdi. Amma əslində bu, həm regional güclərin, həm də qlobal oyunçuların maraqlarının çulğaşdığı yeni bir mübarizə mərhələsinin başlanğıcı idi. Və bu mübarizənin episentrində - İranın daxili siyasi-ictimai böhranı dayanır.

Milli.Az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Vyana anlaşması və onun dağılması

Xatırladaq ki, 2015-ci ilin iyulunda Vyanada imzalanan nüvə sazişi - Birləşmiş Hərtərəfli Fəaliyyət Planı (JCPOA) - həmin vaxt dünyada yeni bir ümid pəncərəsi açmışdı. İran öz nüvə proqramını ciddi şəkildə məhdudlaşdırır, əvəzində isə Qərb illərlə iqtisadiyyatı iflic etmiş sanksiyaları ləğv edirdi. Tehran öhdəsinə götürmüşdü ki:

uranı zənginləşdirən sentrifuqaların sayını 19 mindən 6104-ə endirsin;
15 il ərzində uranı 3,67 faizdən yuxarı zənginləşdirməsin;
zənginləşdirilmiş uran ehtiyatını 300 kiloqramdan çox saxlamasın;
uranın bir hissəsini ölkədən kənara çıxarsın;
MAQATE müfəttişlərinə nüvə obyektlərinə sərbəst giriş imkanı yaratsın.
Əvəzində Avropa İttifaqı, ABŞ və BMT iqtisadi məhdudiyyətləri aradan qaldırdı. Cəmi iki ilə İranla Avropa arasındakı ticarət dövriyyəsi üç dəfə artaraq 20 milyard avroya çatdı, gündəlik neft ixracı isə 700 min bareli ötüb keçdi.

Amma bu balans uzun sürmədi. ABŞ prezidenti Donald Tramp 2018-ci ildə Vaşinqtonu razılaşmadan çıxartdı və İrana qarşı "maksimum təzyiq" kampaniyasını bərpa etdi. Avropa özünü sazişi qorumağa məcbur hiss etdi, hətta INSTEX adlı xüsusi maliyyə mexanizmi yaratdı, amma o, praktikada işləmədi. 2019-dan 2023-ə qədər İran nüvə proqramını tədricən genişləndirdi, bunu isə Qərbin öhdəliklərini pozması ilə əsaslandırdı.

İranın nüvə irəliləyişi və yeni sanksiyalar

2025-ci ilin yanvarına MAQATE-nin məlumatına görə, İranda 5500 kiloqramdan çox zənginləşdirilmiş uran toplanmışdı, bunun 180 kiloqramı isə 60 faiz səviyyəsinə qədər zənginləşdirilmişdi. Bu, alarm siqnalı demək idi: çünki cəmi 25-30 kiloqram 90 faiz zənginləşdirilmiş uran bir nüvə başlığı üçün kifayətdir. Texniki baxımdan 60 ilə 90 faiz arasındakı fərq isə mütəxəssislərin sözləri ilə desək, "bir addımlıq məsafədir".

MAQATE hesabatlarında Natanza və Fordoda ən yeni IR-6 və IR-8 sentrifuqalarının quraşdırıldığı, bəzi uran ehtiyatlarının isə hərbi obyektlərə daşındığı qeyd olunurdu. Bu obyektlərə isə beynəlxalq nəzarətçilərin yolu bağlıdır.

Belə şəraitdə Avropanın "üçlüyü" - Böyük Britaniya, Fransa və Almaniya - açıq bəyan etdilər ki, İran "Vyana sazişinin demək olar bütün bəndlərini pozur". 2025-ci ilin avqustunda məsələ BMT Təhlükəsizlik Şurasına çıxarıldı, sentyabrda sanksiyaların bərpası proseduru işə düşdü və 1 oktyabrda yeni məhdudiyyətlər qüvvəyə mindi:

300-dən çox İran şirkətinin və bankının xaricdəki aktivləri donduruldu;
Avropaya İran nefti və neft-kimya məhsullarının ixracı yasaqlanıb;
ikili təyinatlı texnologiyaların satışına məhdudiyyət qoyuldu;
İranın yüksək vəzifəli şəxslərinə viza məhdudiyyətləri tətbiq olundu.
İran prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi aylarla Avropanı bu addımı atmamağa inandırmağa çalışsalar da, onların arqumentləri qulaq ardına vuruldu. Son sözü yenə də ali lider Əli Xamenei və SEPAH dedi. Qərar da orada verildi: nüvə proqramını davam etdirmək, çünki güzəşt İrana yalnız zərbə vuracaq. Xamenei oktyabrda açıq dedi: "Qərb İranı diz çökdürənə qədər dayanmayacaq. Ona görə də borcumuz nüvə potensialımızı və müdafiəmizi gücləndirməkdir".

Bu bəyanat dialoq ümidlərinə son qoydu. İran parlamentində 71 deputat açıq şəkildə yeni hərbi doktrinanın müzakirəsini və nüvə silahı məsələsinin gündəmə çıxarılmasını tələb etdi.

İqtisadiyyatın təzyiq altında əzilməsi

Yeni sanksiyalar İranın ən həssas nöqtəsinə - neft ixracına ağır zərbə vurdu. Ölkə 2025-ci ilə qədər gündəlik 3,2 milyon barel neft hasil edirdi, bunun təxminən 1,5 milyonu ixraca gedirdi. Əsas alıcılar Çin, Hindistan və bəzi Asiya dövlətləri idi. Avropa isə 2018-dən sonra bazardan çıxmışdı. Amma 2015-2017-ci illərdə məhdudiyyətlərin qaldırılması Tehrana milyardlarla dollar qazandırmışdı. İndi Avropa bazarı yenidən bağlandı.

İran Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin sentyabrında ölkənin valyuta ehtiyatları 54 milyard dollara düşüb. Halbuki 2017-ci ildə bu rəqəm 110 milyard idi. Üstəlik, hər il xarici borcun ödənişinə 15 milyard dollar gedir.

Qara bazarda rialın kursu iyulda 1 dollara 580 min rial olduğu halda, sentyabrda 820 min rialadək çökdü. İnflyasiya rəsmi rəqəmlərə görə 58 faizi keçib, amma müstəqil ekspertlər onu 75 faizə qədər qiymətləndirirlər. Ən çox bahalaşma ərzaq və dərman sektorunda hiss olunur: əsas ərzaq səbətinin qiyməti bir ildə 92 faiz artıb.

Paytaxt Tehranda və iri şəhərlərdə - İsfahan, Şiraz, Təbrizdə - işıq və su qıtlığı müşahidə olunur. Hüquq müdafiəçilərinin məlumatına görə, 2025-ci ilin avqust-sentyabr aylarında ölkə üzrə 400-dən çox lokal etiraz qeydə alınıb. Əsas səbəb - maaşların gecikməsi, bahalaşma, yanacaq qıtlığı. Təbrizdə müəllimlər maaş artımı tələb edərək tətil edib. Abadan və Bəndər-Abbasda neft emalı zavodlarının fəhlələri işıqları söndürüb.

Amma genişmiqyaslı çıxışlar dərhal yatırılır. İyuldan etibarən ölkə faktiki hərbi rejimlə idarə olunur. Paytaxtda onlarla post qurulub, SEPAH və Bəsic dəstələri insanları saxlayaraq sənədləri və telefonlarını yoxlayır. Son üç ayda "casusluq və diversiya" ittihamı ilə 6 mindən çox insan həbs olunub.

Ən sərt tədbirlər isə azərbaycanlıların yaşadığı vilayətlərdə - Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Urmiyada tətbiq olunur. Burada kütləvi həbslərlə yanaşı, müstəqil mədrəsə və məktəblər, mədəniyyət ocaqları bağlanır.

Siyasi dinamika

Prezident Məsud Pezeşkian indiki şəraitdə, sözün əsl mənasında, dalana dirənib. Onun Qərbə - Avropa və ABŞ-a qarşı "yumşaq dialoq" xəttinə ümid bağlaması boşa çıxdı. İyunda parlamentdə çıxış edərkən "danışıqların bərpası zərurəti" barədə danışırdı ki, konservativ deputatlar yerindən qışqırdı: "Dialoq - xəyanətdir".

Ali lider Əli Xamenei isə faktiki olaraq Qərblə yaxınlaşma cəhdlərinə qəti qadağa siqnalı verdi. Bu fon isə SEPAH-ın mövqeyini daha da möhkəmləndirdi. Çünki bu qurum yalnız hərbi gücə nəzarət etmir, həm də İran iqtisadiyyatının azı 30 faizini - inşaat şirkətlərini, bankları, neft ticarətini əlində saxlayır.

Parlamentdə 71 deputatın müdafiə doktrinasının yenilənməsini və nüvə silahı mövzusunun açıq müzakirəsini tələb etməsi, İslam Respublikasının müasir tarixində görünməmiş haldır. İndiyə qədər dini rəhbərlər deyirdilər ki, nüvə silahı İslam prinsiplərinə ziddir.

Digər tərəfdən, sabiq prezident Həsən Ruhani avqustda Quma gedərək böyük ayətullahlarla görüşdü. Orada İsrail və ABŞ-a qarşı düşmənçilik siyasətinin yumşaldılması ideyası müzakirə olunsa da, Xamenei və SEPAH generalları bu təşəbbüsü sərt şəkildə rədd etdilər.

Üstəlik, 2025-ci ilin yazında İsraillə baş verən on iki günlük müharibə İrana ağır zərbə vurdu. SEPAH-ın otuzdan artıq generalı həlak oldu. Onların çoxu 1979 inqilabının veteranları, sistemin etibar etdiyi fiqurlar idi. İndi onların yerinə təcrübəsiz, xalq arasında "kabinet generalları" adlandırılan zabitlər gətirilib. Bu isə güc strukturlarının içində yeni çatlar yaradır.

Bəsic milisləri hələ də milyonlarla üzvü ilə ölkənin hər sahəsini nəzarətdə saxlayır. Məktəbdən universitetə, zavoddan məhəlləyə qədər hər yerdə onların "gözətçi" funksiyası var. Hər bir şəhər kvartalı, hətta çoxmərtəbəli bina belə öz "bəsic nəzarətçisi"nə malikdir.

Şahidlərin sözlərinə görə, 2025-ci ilin mart-aprel aylarında İsrailin aviazərbələri zamanı mülki itkilər hakimiyyətin əlində təbliğat alətinə çevrildi. İsrail "xalqın düşməni" kimi təqdim olundu və bu, qısa müddətə kütləvi etirazların qarşısını almağa imkan verdi. Amma bu, cəmiyyətin dərin sosial narazılığını gizlətməyə kifayət etmədi.

Beynəlxalq kontekst və İran ətrafında geopolitika

ABŞ prezidenti Donald Tramp yanvarda ikinci müddətinə ayaq basan kimi İran məsələsində kursu daha da sərtləşdirdi. Fevralda dedi: "Biz heç vaxt İrana nüvə silahına sahib olmağa icazə verməyəcəyik. Onlar dünyanı aldatmaq istəyirlərsə - bacarmayacaqlar".

İyulda Tramp administrasiyası İran nefti və neft məhsullarına 100 faiz gömrük rüsumu tətbiq etdi. Bu qərar faktiki olaraq, hətta üçüncü ölkələr üzərindən aparılan "dolama" ticarətin də yolunu kəsdi. Avropanın sanksiyaları ilə üst-üstə düşən bu addım, İrana qarşı tam blokada effekti yaratdı.

ABŞ-ın regiondakı hərbi obyektləri - Qətərdəki "əl-Udeyd" bazası, Küveyt, Bəhreyn və BƏƏ-dəki qüvvələr - yüksək döyüş hazırlığına gətirildi. Avqustda isə Pentaqon USS Gerald R. Ford aviadaşıyıcısı başda olmaqla yeni döyüş qrupunu Fars körfəzinə göndərdi. Vaşinqtonun strategiyası aydındır: son həddə qədər təzyiq - sanksiya, hərbi güc nümayişi, diplomatik təcrid. Eyni zamanda "danışıqlar pəncərəsi"ni də açıq saxlayır, amma yalnız bir şərtlə - İran uranı 5 faizdən yuxarı zənginləşdirməməlidir.

İsrailin mövqeyi bundan da sərtdir. Baş nazir Benyamin Netanyahu yazda açıq dedi: "Biz İranın nüvə dövləti olmasına heç vaxt icazə verməyəcəyik. Lazım olsa, təkbaşına hərəkət edəcəyik".

Mart-apreldə İsrail aviasiyası SEPAH obyektlərinə zərbələr endirdi. Media məlumatına görə, həmin hücumlarda otuzdan çox general öldürüldü, İsfahan və Kirmanda raket anbarları dağıdıldı. İsrail kəşfiyyatı Mossad da aktivləşib: iyunda Natanza işləyən iki nüvə alimi qətlə yetirildi, iyulda isə Fordo obyektində idarəetmə sistemini sıradan çıxaran kiberhücum təşkil olundu.

Netanyahu sentyabrda dedi: "Nüvə İranı məsələsində hər hansı gecikmə İsrailin mövcudluğuna təhdiddir". Bununla o, İsrailin preventiv hücum hüququnu özündə saxladığını açıq göstərdi - ABŞ və Avropa danışıqlara meylli olsa belə.

Çinin dilemması

Çin ən çətin mövqedə qalan tərəfdir. Bir tərəfdən, o, İran neftinin əsas alıcısı idi - gündə təxminən 900 min barel. Digər tərəfdən, Trampın başlatdığı ticarət müharibələrini nəzərə alaraq, Pekin ABŞ-la açıq toqquşmaya getmək istəmir.

İyulda Çin "sanksiyaların bərpasına təəssüf edir" dedi, amma əgər BMT Təhlükəsizlik Şurası onları qəbul edibsə, "hörmət edəcəyini" də vurğuladı. Pekin hələ də "dialoq platforması" ideyasını müdafiə edir, hətta Şanxayda danışıqları bərpa etməyi təklif etdi. Amma reallıq odur ki, avqustdan etibarən Çinin İran neftini idxalı 40 faiz azaldı. Çin boşluğu Səudiyyə Ərəbistanı və Rusiya ilə doldurmağa başladı. Bu isə Tehran üçün ölümcül zərbədir - əsas müştərisini itirir.

Rusiyanın məhdud imkanları

Moskva ənənəvi olaraq Tehranın yanında görünür. Amma 2025-ci ildə Rusiyanın resursları məhduddur. Özü Qərbin ağır sanksiyaları altındadır və özü də neft ixrac etməyə möhtacdır. Sentyabrda Rusiyanın Çinə gündəlik neft satışı 2,5 milyon barellə rekord həddə çatdı və bu, İranı bazardan sıxdı.

Rusiya İrandan Suriyada müttəfiq kimi və "dolama sxemlər" üçün kanal kimi istifadə edir. Amma nüvə məsələsində Moskvanın mövqeyi çox da sərt deyil. İyulda Rusiya XİN bildirdi: "Sanksiyaların bərpasına qarşıyıq, amma İranı da nüvə fəaliyyətini məntiqli çərçivədə saxlamağa çağırırıq". Yəni Moskva ikiüzlü oyun aparır: formal dəstək, amma faktiki rəqabət.

Ər-Riyad və Körfəz

Səudiyyə Ərəbistanı isə əksinə, sanksiyaların bərpasını alqışladı. Çünki İranı bölgə sabitliyi üçün əsas təhlükə sayır. İyulda Səudiyyə XİN başçısı dedi: "Nüvə təhdidinin qarşısını alan bütün tədbirləri dəstəkləyəcəyik". Avqustda isə ABŞ-la birlikdə yeni Patriot və THAAD sistemlərinin yerləşdirilməsi barədə anlaşma imzaladılar.

BƏƏ və Bəhreyn də sanksiyaları dəstəklədi. Küveyt və Qətər bir az daha ehtiyatlı davransa da, İranla əlaqələri azaltdılar.

Türkiyənin balans oyunu

Türkiyənin mövqeyi isə ən mürəkkəbidir. Bir tərəfdən, iqtisadi bağlar var: 2024-cü ildə ticarət dövriyyəsi 12 milyard dolları keçib, qaz və elektrik idxalı davam edir. Digər tərəfdən, Ankara Qərbin ikinci dərəcəli sanksiyalarına tuş gəlmək istəmir.

Prezident Rəcəb Tayyib Ərdoğan avqustda dedi: "Biz sanksiyaların əleyhinəyik, amma nüvə silahının yaradılmasının da qarşısındayıq. Türkiyə milli maraqlarını qoruyacaq və bölgə sabitliyini müdafiə edəcək".

Əslində Ankara "iki stul" siyasəti yürüdür: ticarəti saxlayır, amma paralel olaraq ödənişlərin bir qismini milli valyutalara keçirir, qaz idxalını isə Azərbaycandan artırır. Məqsəd - Tehrandan asılılığı azaltmaq.

Energetika, iqtisadiyyat və logistika: böhranın effekti

2025-ci ildə neft bazarı İran böhranına on il əvvəllə müqayisədə tamam başqa reaksiya verir. Qısamüddətli qiymət sıçrayışları çox tez sönür, kotirovkalar isə artıq "normal diapazona" qayıdır. Bunun başlıca səbəbi təklifin artıqlığı və logistikanın çevikliyi ilə bağlıdır. Yay zərbələri və sanksiyaların yenidən tətbiqi Brent-i təxminən 15 faiz qaldırdı, amma cəmi bir neçə gün sonra qiymətlər əvvəlki səviyyəyə endi. Payızda Brent 66-67 dollar, WTI 62-63 dollar civarında dalğalanır. Bunun məğzi budur: digər regionlardakı hasilat İranın itirdiyi həcmləri kompensasiya edir, qlobal iqtisadiyyatda tələbat isə zəifdir.

Avropa İttifaqı Vyana sazişindən sonra götürülən məhdudiyyətləri rəsmi qaydada bərpa etdi. Zərbə əsasən maliyyə sektoruna, viza rejimlərinə, ikili təyinatlı texnologiyalara və bununla bağlı mallara dəyir. Paralel olaraq ABŞ gömrük rüsumlarını və ikinci dərəcəli sanksiyaları sərtləşdirdi. Nəticə göz qabağında: İran əsas alıcılarını itirir, ixrac isə getdikcə "boz sxemlərə", üçüncü ölkələr üzərindən barter və qeyri-şəffaf hesablaşmalara sürüşür.

Qırmızı dənizdə husilərlə bağlı hər hansı gərginlik, hətta şayiə səviyyəsində olsa belə, sığorta haqlarını dərhal qaldırır. Lakin daha kritik boğaz Hörmüzdür. Onun qısa müddətli blokadası belə qlobal qiymətləri sıçrada bilər. İran hazırda bu addımı atmağa getmir, çünki ziyan özünə də dəyəcək. Amma təhdid havada asılı qalır.

Sığorta şirkətləri risk zonası üzərindən keçən marşrutlar üçün tarifləri artıq qaldırıb. Premiyalar onlarla faiz artır, gəmiçilik şirkətləri riskə girməkdənsə dolaşıq marşrutlara görə artıq xərc çəkməyə üstünlük verir. Bu da neftin və digər malların son qiymətinə oturur.

Çin və Hindistan hələ də İran neftinin əsas istiqamətləridir, amma həcmlər aşağı düşür. Çin almanı təxminən yarıbayarı azaldıb, boşluğu Səudiyyə Ərəbistanı və Rusiya ilə doldurur. Tehran üçün bu ağır zərbədir: Brent-ə tətbiq etdiyi diskont onlarla dollara çatır, valyuta daxilolmaları isə kəskin azalır.

Yaxın rüblər üçün bazar "yan hərəkət" ssenarisini gözləyir: uzunmüddətli kəskin sıçrayış proqnozlaşdırılmır, ancaq yeni zərbələr və diversiyalar fonunda qısamüddətli dalğalanmalar təkrar-təkrar görünəcək. Xərclərin əsas artımı neftin öz qiymətindən yox, daşınma və sığortanın bahalaşmasından gəlir.

İranda siyasi dinamika

2025-ci ildə nüvə proqramı və müdafiə üzrə əsas səlahiyyətlər ali liderlə SEPAH-ın əlində cəmləşib. Prezident Məsud Pezeşkian məhdud fiqurdur: danışıqlardan danışa bilər, amma real qərarlar güc blokunda verilir. "12 günlük müharibə"də otuz generalın itkisi kadrlara zərbə vurdu, amma intizamı da sərtləşdirdi. Yeni təyinatlar daha asılı və idarəolunan kadrlardır.

Müharibədən sonra ölkədə sərt nəzarət rejimi tətbiq olunur. Kütləvi saxlamalar, axtarışlar, casusluqla bağlı qanunlar və yeni ölüm hökmləri vətəndaş fəallığını iflic edir. Qorxu və nəzarət qısamüddətdə sabitlik yaradır, amma uzunmüddətdə yorğunluq və gizli narazılıq toplayır.

Pezeşkian və ya Ruhani kimi islahatçılar üçün yeganə real şans nüvə sövdələşməsindən yox, sosial-iqtisadi addımlardan keçir: dərman təminatı, subsidiya mexanizmləri, sənayeyə dəstək. Amma bunların hamısı güc blokunun "razılığı" olmadan kağız üzərində qalacaq.

Zənginləşdirilmiş uran ehtiyatları artıq təxminən 9,3 min kiloqrama çatıb, bir hissəsi 60 faiz səviyyəsinə qədər qaldırılıb. Texniki baxımdan 90 faizlik, yəni silah səviyyəsinə keçid illərin yox, ayların məsələsidir. Obyektlərə endirilən zərbələr prosesi yavaşıdır, amma onu dayandırmır. Siyasi qərar verilsə, İran proqramı sürətlə başa çatdırmaq imkanını saxlayır.

SEPAH-ın keçmiş komandirlərinin ABŞ-la eyni vaxtda İsrailə qarşı müharibəyə hazır olduqları barədə bəyanatları boş blef deyil. Bu, hər cür hücumun qiymətini qaldırmağa hesablanmış soyuq mesajdır. Belə ritorika bir hissə rəqibləri çəkindirir, eyni zamanda səhv hesablamalar və qeyri-iradi eskalasiya riskini artırır.

Mümkün ssenarilər

Birinci ssenari - indiki kursun davamı: uranın zənginləşdirilməsi, sanksiyalar, zərbələr və cavab atəşləri, ölkə daxilində repressiyalar. İkinci ssenari - texniki səviyyədə qismən "yumşalma": humanitar kanallar müqabilində məhdud güzəştlər. Üçüncü ssenari - səhv addım və ya ABŞ obyektlərinə təsadüfi zərbə ucbatından geniş eskalasiyaya yuvarlanma.

Rejimin perspektivləri

Qısamüddətdə hakimiyyət möhkəmlənir: qorxu və güc konsensusu işləyir. Orta müddətdə isə iqtisadi təzyiq, inflyasiya, həyat səviyyəsinin düşməsi və bürokratik tənəzzül sistemi içəridən yeyəcək. Bir neçə il üfüqündə rejim rasionalizasiya ilə radikallaşma arasında seçim etməli olacaq.

2025-ci ilin İran böhranı göstərdi ki, qlobal təhlükəsizlik sistemi "idarə olunan münaqişə" vəziyyətinə qayıdıb. Sanksiyalar bərpa olunub, hərbi zərbələr reallığa çevrilib, daxildə repressiyalar sərtləşib. Amma eyni zamanda dünya İran təhdidi ilə yaşamağı öyrənib: neft bazarları daha tez sabitləşir, logistika elastik şəkildə qurulur, Çin və digər ölkələr alternativ tapır.

İran üçün bu, təcrid və daxili təzyiq deməkdir. Prezident Pezeşkianın islahat şansı əlindən alınıb, real qərarları Xamenei və SEPAH verir. Cəmiyyət qorxu ilə susdurulub, amma yorğunluq toplanır.

Region son dərəcə nazik xətdə dayanıb. Nüvə fəaliyyətinin sürətlənməsi, nümayişkaranə zərbələr və sərt ritorika konflikti öz-özünü qidalandıran məcraya sala bilər: hər güc nümayişi cavab ehtimalını artırır, hər cavab isə daha iri zərbəyə zəmin yaradır. Bu mənzərədə vasitəçilərin və beynəlxalq institutların rolu kritikdir. Diplomatiya tərəfləri yenidən idarə olunan danışıqlar müstəvisinə qaytara bilsə, fəlakət riski azalacaq. Əgər dialoq ultimatumlar, daxili siyasi çəkişmələr və etimadsızlıq səbəbilə iflic olsa, region uzun və dağıdıcı müharibəyə sürüklənə bilər.

Dünyanın qarşısında üç trayektoriya var: münaqişənin indiki formatda davamı, məhdud diplomatik fasilə və ya iti dönüşlə yeni müharibə. Hər ssenarinin baha qiyməti var, amma hamısı bir həqiqəti əks etdirir: İran siyasətinin böhranı lokal hüdudları aşıb, qlobal qeyri-sabitlik sisteminin ayrılmaz parçasına çevrilib.

Milli.Az

Chosen
4
2
milli.az

3Sources