Azərbaycanda kənd təsərrüfatı sahəsində rəqəmsal texnologiyaların tətbiqi genişlənir və bu kontekstə fermerlərin təsərrüfat fəaliyyətini asanlaşdırmaq və məhsuldarlığı artırmaq məqsədilə yeni mobil tətbiq hazırlanır.
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən Kosmik Agentliyinin ("Azərkosmos") Coğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru İsmət Baxışov Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə bildirib.
Onun sözlərinə görə, artıq "Farmer App"in veb səhifəsi istifadəyə verilib:
"Hazırda tətbiqin MVP versiyası üzərində işlər aparılır. O, həm iOS, həm də Android platformalarında əlçatan olacaq. Tətbiq fermerləri məhsulun böyümə mərhələləri barədə məlumatlandırır və təsərrüfat təcrübələrini optimallaşdırmaq üçün təkliflər təqdim edir. Əsas məqsəd məlumatların emalı əsasında fermerlərin perspektivindən vacib olan bilgiləri çatdırmaqdır".
İ.Baxışov vurğulayıb ki, iqlim dəyişikliyi kənd təsərrüfatına ciddi təsir göstərir:
"Buraya quraqlıqlar, proqnozlaşdırıla bilməyən yağışlar və digər iqlim hadisələri daxildir. Hazırda su ehtiyatları üzərində də düşünməliyik. Amma su ehtiyatları yalnız Azərbaycanın özündə deyil, həm də qonşu ölkələrin ərazilərində yerləşir. Bu baxımdan biz bütün regionu hövzə kimi izləyə bilirik. Məsələn, Kür çayı hövzəsi Türkiyədən başlayaraq Gürcüstan, Azərbaycan, Ermənistan və İranın şimal hissəsinin bir qismini əhatə edir. Bu məlumatlar bizə geniş mənzərəni görməyə və dəyişiklikləri anlamağa imkan verir".