EN

Paşinyanın “Zəngəzur dəhlizi” qorxusu: ifadənin beynəlxalq aləmdə yayılması onu niyə narahat edir?

Ermənistanın baş naziri Nikol Paşinyan AŞPA-nın plenar iclasında Ermənistan-Azərbaycan Vaşinqton razılaşmaları ilə bağlı sual verərkən “Zəngəzur dəhlizi” ifadəsindən istifadə etdiyinə görə AŞPA üzvünü tənqid edib. 

Belə ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvü Edvard Ley (Birləşmiş Krallıq, ECPA) baş nazirə sual verib ki, ““Zəngəzur dəhlizi”nin Ermənistan üzərindən açılması Azərbaycanın olduğu qədər Ermənistanın da maraqlarına xidmət edəcəkmi?” Paşinyan britaniyalı nümayəndəyə əsəbiləşərək “o ifadəni haradan oxumusunuz? Belə bir ifadə yoxdur, olmayıb və əmin olun ki, Ermənistanla Azərbaycanın razılaşdırdığı heç bir sənədd olmayacaq” deyib.

Bəs Nikol Paşinyanın “Zəngəzur dəhlizi” terminindən bu qədər narahat olmasının səbəbi və məqsədi nədir?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

elxan.jpg

Politoloqun fikrincə, baş nazir Nikol Paşinyanın “Zəngəzur dəhlizi” ifadəsindən istifadəyə görə narahat olmasının əsas səbəbi bu ifadənin təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə də populyarlıq qazanmasıdır:

“8 avqustda Vaşinqtonda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri birgə bəyanata imza atdılar və həmin sənəddə Zəngəzur dəhlizi “Tramp dəhlizi” kimi təqdim olundu. Amma bu o demək deyil ki, biz Azərbaycanda mütləq şəkildə onu “Tramp dəhlizi” adlandırmalıyıq. Hər iki ad - həm “Tramp dəhlizi”, həm də “Zəngəzur dəhlizi” işlədilə bilər.

Bunu əslində Paşinyan da yaxşı anlayır. Çünki bir neçə həftə öncə verdiyi açıqlamada o, “Zəngəzur dəhlizi” ifadəsinin Azərbaycanda populyar olduğunu, buna görə də ona qarşı çıxmağın mənasız olduğunu etiraf etmişdi. Ancaq Paşinyanı narahat edən məqam odur ki, beynəlxalq aləmdə, hətta xarici mətbuatda belə, “Tramp dəhlizi” əvəzinə daha çox “Zəngəzur dəhlizi” ifadəsi işlədilir. Baş nazir ehtiyat edir ki, “Zəngəzur dəhlizi” anlayışının dünyada populyarlaşması ölkə daxilində onun mövqelərini zəiflədə və radikal müxalifət tərəfindən ona qarşı istifadə oluna bilər.

Əslində, məşhur Çin atalar sözündə deyildiyi kimi, pişiyin hansı rəngdə olması vacib deyil, əsas odur ki, siçanı tuta bilsin. İndi dəhliz məsələsində də adın özü yox, dəhlizin Azərbaycan vətəndaşları üçün əlçatan olması, maneəsiz keçidin təmin edilməsi və insanların yoxlamalara məruz qalmadan Naxçıvana gedə bilməsi əsas şərtdir. Ad burada ikinci dərəcəli məsələdir. Üstəlik, Avropada Trampı sevməyən kifayət qədər siyasətçi var. Ona görə də Avropa parlamentində və digər beynəlxalq dairələrdə dəhlizdən danışarkən “Tramp dəhlizi” yox, “Zəngəzur dəhlizi” ifadəsinə üstünlük verilir”.

Xalidə Gəray
Musavat.com

Chosen
14
50
musavat.com

10Sources