EN

44 ölkənin onlarla gəmisinin İsrailin üstünə yürüşü davam edir...


“Azadlıq Flotiliyası”nın taleyi ilə eyni sonluq mümkündür, sadəcə forma fərqli ola bilər

“Qırmızı Mərmərə” (Mavi Marmara) hadisəsi 2010-cu ildə baş verib. 31 may 2010-cu ildə Qəzzaya humanitar yardım aparan “Azadlıq Flotiliyası”na (Freedom Flotilla) İsrailin hərbi qüvvələri beynəlxalq sularda hücum etmişdi. Hücum zamanı Türkiyə bayraqlı “Mavi Marmara” gəmisinə xüsusi təyinatlılar çıxmış, nəticədə 10 türk vətəndaşı həlak olmuş, çox sayda insan yaralanmışdı.

Bu hadisə Türkiyə-İsrail münasibətlərində ciddi böhran yaratmışdı.

“Mavi Marmara” (Qırmızı Mərmərə) hadisəsinin sonrakı diplomatik nəticələrinə görə Türkiyə İsraildəki səfirini geri çağırdı və iki ölkə arasında diplomatik münasibətlər ikinci katib səviyyəsinə endirildi. Hərbi əməkdaşlıq, birgə təlimlər və müdafiə sahəsində müqavilələr donduruldu.

BMT hadisəni araşdırmaq üçün xüsusi komissiya (Palmer Komissiyası) yaratdı. Komissiya İsrailin Qəzza blokadasını qanuni, lakin hücumu həddindən artıq güc tətbiqi hesab etdi.

Uzun müddət gərginlikdən sonra 2013-cü ildə ABŞ Prezidenti Barak Obamanın vasitəçiliyi ilə İsrail Baş naziri Netanyahudan Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğana rəsmi üzr zəngi oldu. Ardınca İsrail 20 milyon ABŞ dolları təzminat ödəməyi qəbul etdi. Türkiyə isə hadisəyə görə İsrail əsgərlərinə qarşı açılmış məhkəmə işlərini dayandırmağa razılaşdı.

2016-cı ildə diplomatik əlaqələr qismən bərpa olundu, səfirlər təyin edildi.

Lakin Qəzzadakı gərginliklər və İsrailin sonrakı hərbi əməliyyatları münasibətləri yenidən soyutdu.

2022-ci ildə isə iki ölkə səfirləri tam bərpa etdiklərini açıqladılar.

Yəni 2010-cu ildə baş verən hücum həm Türkiyə–İsrail münasibətlərində uzunmüddətli böhrana səbəb oldu, həm də İsrail ilk dəfə humanitar missiyaya qarşı hərbi güc tətbiqinə görə üzr istəməyə və təzminat ödəməyə məcbur qaldı.

44 ölkədən 10-larla kiçik gəmi Qəzzaya yardım üçün yola çıxıb. Həmin gəmi-eskadrasının adı "Global Sumud Flotilla"dır ("Beynəlxalq Müqavimət Donanması”).

Bu prosesin sonu necə bitə bilər?"Global Sumud Flotilla" hərəkatınin da nəticəsı “Azadlıq Flotiliyası”nın taleyinə bənzər sonluqla başa çata bilərmi?

Baki-xeber.com nəşrinə görə, “Mavi Marmara” (Azadlıq Flotiliyası) presedenti göstərir ki, İsrail Qəzzaya tətbiq etdiyi blokadanı strateji təhlükəsizlik məsələsi kimi görür və buna qarşı yönələn təşəbbüsləri sərt qarşılayır.

Amma “Global Sumud Flotilla”nın mümkün taleyi barədə bir neçə ssenari var.

Birincisi, İsrailin sərt müdaxiləsi ola bilər. Yəni İsrail hərbi-dəniz qüvvələri gəmiləri beynəlxalq sularda saxlayaraq Qəzzaya buraxmaya bilər. Bu halda gəmilər İsrailin Aşdod limanına məcburi yönləndirilə bilər, humanitar yardımlar isə İsrailin nəzarətindən sonra Qəzzaya göndərilər (əgər göndərilərsə). “Mavi Marmara”da olduğu kimi zorakılıq risqi də var, amma İsrail beynəlxalq reaksiyanı nəzərə alaraq, bu dəfə daha az güclə, “kontrollu” müdaxilə etməyə çalışa bilər.

İkincisi, diplomatik qarşıdurma indiki həssas məqamda vacib amildir. Əgər flotiliyada Qərb ölkələrindən deputatlar, beynəlxalq hüquq müdafiəçiləri, Nobel mükafatı laureatları və ya tanınmış fiqurlar iştirak edirsə, İsrailin sərt güc tətbiqi daha böyük diplomatik qalmaqala səbəb olar. Bu, İsrailə əlavə təzyiq gətirə bilər, amma blokadanın aradan qaldırılmasına real təsir etməsi çətin görünür.

Üçuncusü, humanitar PR qələbəsi, faktiki nəticəsiz qalmayacaq. Gəmilər dayandırılsa belə, “Global Sumud Flotilla” beynəlxalq mediada Qəzza mühasirəsinə diqqəti yönəldəcək. Bu, hərəkatın əsas siyasi məqsədi ola bilər: Qəzzaya real yardım aparmaqdan çox, blokadanı gündəmdə saxlamaq əsas hədəf ola bilər.

Dördüncüsü, nadir kompromis ssenarisi işə düsə bilər. İsrail, beynəlxalq təzyiqi yumşaltmaq üçün bəzi yüklərin (ərzaq, dərman) Qəzzaya buraxılmasına icazə verə bilər. Amma bu baş versə, çox məhdud və tam İsrailin şərtləri altında olacaq.

Yəni böyük ehtimalla, “Global Sumud Flotilla” da “Azadlıq Flotiliyası” kimi Qəzzaya fiziki olaraq çata bilməyəcək. İsrail blokadanı strateji məsələ kimi gördüyü üçün gəmiləri buraxmayacaq. Yeganə fərq odur ki, 2010-dan sonra İsrail beynəlxalq reaksiyadan dərs çıxarıb. Buna görə bu dəfə daha “yumşaq” müdaxilə variantı seçilə bilər (zorakılıqdan qaçmaq şərti ilə).

Beləliklə, “Azadlıq Flotiliyası”nın taleyi ilə eyni sonluq mümkündür, sadəcə forma fərqli ola bilər: daha az zorakılıq, daha çox diplomatik təzyiq müşahidə edilə bilər.

Akif NƏSİRLİ

Chosen
106
baki-xeber.com

1Sources