EN

Abbasov, yoxsa Prosineçki: milli üçün dilemma

Yığmamıza yerli, yaxud əcnəbi mütəxəssisin gətirilməsi ilə bağlı fərqli rəylər

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi postuna kimin təyin olunacağı bu günlərdə məlum olacaq. Ayxan Abbasovun ölkənin əsas komandasının “sükanı arxasında” qalıb-qalmayacağı bu həftə müəyyənləşəcək. Hazırda assosiasiya ilə 44 yaşlı mütəxəssis arasında danışıqlar davam edir.

Məlumata görə, Abbasovla razılıq əldə olunmayacağı təqdirdə baş məşqçi postu əcnəbi mütəxəssisə tapşırılacaq. Artıq bu yöndə ilkin danışıqlar olub və razılıq əldə edilib. Rəsmilər ehtiyat variant kimi vaxtilə yığmanı çalışdırmış Robert Prosineçki ilə təmas qurublar və xorvatiyalı mütəxəssis yenidən Azərbaycanda işləməyə isti yanaşıb (Bizim.media).

56 yaşlı xorvat 2014-cü ilin dekabrından 2017-ci ilin noyabrına qədər Azərbaycan yığmasının baş məşqçisi olub.

Bəs futbol mütəxəssisləri nə düşünür? Kimi daha şanslı və millimiz üçün uğurlu çalışdırıcı hesab edir? Prosineçki necə bir məşqçi olub və onun 3 illik fəaliyyəti hansı uğurlarla yadda qalıb?

Dini

Fazil Mustafa 

Futbolla yaxından maraqlanan tanınmış siyasətçilərindən olan, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a dedi ki, hazırda bütün hallarda Ayxan Abbasovun baş məşqçiliyə gətirilməsi lazımlıdır: “Açığı, xarici məşqçinin hansı məqsədlə gətirildiyi dolayısı ilə məlumdur. Burada futbolumuzun inkişafının düşünülməsindən söhbət getdiyini düşünmürəm. Burada dediyim kimi, hansısa başqa məqsədlər ola bilər. İndiyə qədər xarici məşqçilərlə bağlı verilən qərarların hamımız şahidi olmuşuq. Baş məşqçiliyi yerliyə verin, ən azından özünü doğrultmaq üçün fədakarlıq edəcək. Futbolçuların da dilini bilir. Ayxan Abbasov olmasın başqa yerli məşqçi olsun. Məsələn, Arif Əsədov. Bunlardan əlavə lap başqa bir yerli məşqçi olsun, bu işi güvənib birinə həvalə etmək lazımdır. Ən azından bu mərhələni geridə qoymaq lazımdır. Yeni bir məşqçinin gəlib nələrisə dəyişəcəyi sadəlövhlük olardı”.

İdman yazarı Natiq Muxtarlının sözlərinə görə, ictimai rəy tələb edir ki, millinin baş məşqçisi yerli olmalıdır: “Kimin olmasının isə heç bir əhəmiyyəti yoxdur. Çünki bu yığmadan nəticə gözləməyə dəyməz. Azərbaycanda millini uğura apara biləcək futbolçu potensialı yoxdur. Onu yetişdirmək lazımdır. Ona görə də ictimai rəy tələb edir ki, millidə yerli məşqçi olsun, əcnəbilərə veriləcək milyonlar isə uşaq futbolunda infrastrukturun qurulmasına yönəldilsin, uşaq futbolundakı korrupsiya, rüşvətxorluq aradan qaldırılsın. Ancaq deyəsən, AFFA milli ətrafında manipulyasiya etmək niyyətindədir. Prosineçki variantının gündəmə gətirilməsi də buna hesablanıb. AFFA rəhbərliyi ictimai rəyi yoxlayır. Prosineçki Azərbaycan yığmasında işləyib və nəticə verə bilmədiyi üçün onunla müqavilə uzadılmayıb. Daha sonra bir sıra yığmalarda çalışdı və nəticə verə bilmədi. İndi "yığmada işləyəndə daha çox xal toplamışdı" bəhanəsi ilə onu geri qaytarmaq istəyirlər. Bu da onu göstərir ki, Azərbaycan futbolundakı korrupsiya elə AFFA-dan qaynaqlanır. Qurum rəhbərliyi reallığı qəbul etmir, əcnəbi sevdasından əl çəkmir. Bütün bunların arxasında nə dayanır? Məqsədləri nədir? İctimaiyyət AFFA-nın idarəetmə metoduna mat qalıb".

Futbol

 Natiq Muxtarlı

Onun fikrincə, AFFA Azərbaycan futbolunun inkişafında maraqlı olsaydı, çoxdan yerli məşqçi ilə 4-5 illik müqavilə bağlayar və bölgələrdə kiçik uşaq futbol məktəblərinin açılışına start verərdi: “Amma qurum rəhbərliyi SOCAR-ın binasından çıxmır, millinin ətrafında manipulyasiya toru yaradırlar. Prosineçki Azərbaycan futboluna heç nə verməyəcək, bu birmənalıdır. Amma Azərbaycana 4-5 nəfərlə gələcək və buradan milyonlar aparacaqlar. İşsiz-gücsüz qalıb, indi gələn istənilən təklifə açıqdır. Avropa ölkələrində Prosineçkiyə illik 250 min avrodan artıq heç kim müqavilə təklif etməz. Hətta hazırda bunu da edən yoxdur. Amma AFFA ona illik 2 milyon avro məvacib verəcək, buna əmin olun. Köməkçiləri də illik 1 milyon avro alacaq. Ən azı 5 köməkçi ilə gələcəyi şəksizdir. Deməli, onların illik xərcləri ən azı 7 milyon avro - 14 milyon manat olacaq. İki illik müqavilə bağlansa, ölkədən 30 milyon manat çıxarılacaq. 30 milyon manata Azərbaycanın 300 kənd və qəsəbəsində kiçik futbol məktəbləri qurmaq olar. AFFA Prosineçki məsələsini gündəmə gətiribsə, plan bəllidir: böyük ehtimalla, millini yenə də əcnəbi məşqçiyə tapşıracaqlar, ölkədən milyonlar çıxarılacaq. Bəs bunun qarşısını necə almaq olar? Yalnız bir yolu var. Qara maskalılar hərəkətə keçməlidir, AFFA-da korrupsiya əməliyyatı aparılmalıdır, milyonların ölkədən çıxarılmasının qarşısı alınmalıdır. Mən başqa yol görmürəm”.

Tanınmış

Kənan Məstəliyev 

Mövzu ilə bağlı Yenicag.az-a danışan idman jurnalisti Kənan Məstəliyev bunları deyib: “Ehtimal böyükdür ki, bu iş Ayxan Abbasova tapşırılacaq. Hətta deyərdim ki, gecikmiş təyinatdır. Azərbaycan millisi çoxdan yerli məşqçiyə tapşırılmalı idi. Çünki Azərbaycan milli komandasının futbolçu kontingentinə əcnəbi məşqçi lazım deyil. Bu komandanın futbolçularının həm mənəvi, həm fiziki olaraq nə istədiklərini yalnız yerli məşqçi daha yaxşı başa düşə bilər. Çünki bizim futbolçular hələ dünya səviyyəsində çempionatlarda iştirak etmirlər. Nəinki "böyük beşlikdə", ümumiyyətlə, beynəlxalq arenada legioner həyatı yaşayan, möcüzələr yaradan futbolçularımız yoxdur. Ən azından bizdə 20-25 nəfər belə futbolçu olsaydı, başa düşmək olardı ki, onların oynadıqları çempionatlarda futbolun səviyyəsi elədir ki, oradakı yenilikləri yalnız həmin mühitdə, işin içində olan tanınmış mütəxəssis milli komandaya gətirə bilər".

K.Məstəliyevə görə, indiki halda futbolçuların dilini azərbaycanlı məşqçi daha yaxşı bilər: “Biz bunu Ukrayna ilə oyunda gördük. Cəmi 24 saat ərzində Ayxan Abbasov komandanın motivasiyasını düzəldərək Ukrayna kimi rəqiblə heç-heçə nəticə qazanmağımıza şərait yaratdı. Ayxan Abbasov çox yaxşı mütəxəssisdir, bacarıqlı menecerdir. Onun çalışdığı bütün komandalar əvvəlkindən daha yaxşı səviyyəyə yüksəlib. Hazırda Azərbaycan milli komandası böhrandadır və bu böhrandan çıxmaq üçün ən ideal namizəd məhz Ayxan Abbasovdur. O bacarıqlıdır, istəklidir, əzmlidir. AFFA bu şansı verməyə məcburdur, başqa yolu yoxdur. Çünki milli komandaya dünyanın ən güclü xarici məşqçilərini gətirsə də, heç bir nəticə əldə olunmayacaq. Buna qədərki təcrübəmiz bunu deməyə əsas verir. Odur ki, ən azı qarşıdakı beş il ərzində yerli məşqçilərə etimad göstərilməlidir. Ayxan Abbasovdan sonra, ümid edirəm ki, işlər uğurlu gedəcək, Rəşad Sadıqov və digər yerli mütəxəssislər də milli komandanı irəli aparacaqlar. 3-5 ildən sonra duruma görə xarici məşqçi məsələsi düşünülə bilər. Amma hazırkı məqam üçün Ayxan Abbasovun gətirilməsini ən ideal variant hesab edirəm”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Chosen
2
24
musavat.com

10Sources