EN

Ermənistanın beynəlxalq humanitar hüquq normalarını pozması ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 29-da davam etdirilib.

Publika.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə prosesi cinayət işləri üzrə sənədlərin elan olunması ilə davam etdirilib.

Elan edilən sənədlərdən biri 2016-cı ildə Aprel döyüşləri zamanı mülki şəxslərə yetirilmiş bədən xəsarətləri, onların həyatlarına yönəlmiş qəsd, əmlaklarına vurulmuş ziyan və s. epizodlarla bağlı olub. Epizodlar üzrə tədqiq edilən sənədlərdən birində qeyd olunub ki, 2016-cı ilin aprel ayının 2-dən 28-dək olan dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarının yaşayış məntəqələrinin ərazilərinə, həmçinin təhsil və tibb müəssisələrinə, eləcə də mülki əhaliyə və döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə iriçaplı atıcı silahlardan, minaatan və qumbaralardan, artilleriya qurğularından intensiv atəş açmaqla, hərbi zərurət olmadan hücum edilməklə çoxsaylı cinayət əməlləri törədilib. Sənədlərin tədqiqi zamanı cinayət işləri üzrə hadisə yerindən fotolar da nümayiş olunub.

Sonra Tərtər rayonunun Əskipara kəndinin “ağ fosfor” tərkibli 122 millimetr kalibrli, P-4 markalı top mərmisi ilə atəşə tutulması, Qurbanov Çingiz Salman oğlunun öldürülməsi (ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib – red.), Əkbərli Hüseyn Zakir oğlunun öldürülməsi, işğal altında saxlanılmış ərazilərdə iqtisadiyyat və digər sahələrdə törədilmiş cinayət faktları üzrə və s. sənədlər oxunub.

Növbəti sənəd Allahverdiyeva Sahibə İdris qızının öldürülməsi və digər faktlar üzrə olub. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulması, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə 2017-ci ildə 73 millimetr tankəleyhinə dəzgahlı minaatanlardan Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı aldıqları qəlpə yaralarından ölüb, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə çoxsaylı qəlpə yaraları alıb.

Məhkəmə prosesində Tərtər rayonunun Qapanlı kənd sakini Əliyev Yusif Musa oğluna məxsus evin odlu silahlardan atəşə tutulması faktı, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Hovik və Sasun Qriqoryan adlı əməkdaşlarının cinayət faktları, dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digərlərinin öldürülməsi (Tovuz döyüşləri – red.), eləcə də öldürülməyə cəhd edilməsi, Kəlbəcər rayonunun Ağdaban kəndində törədilmiş kütləvi qətliam, habelə Vətən müharibəsi zamanı Gəncə şəhərinə raketlərlə hücum faktları üzrə sənədlər də səsləndirilib.

Chosen
7
49
publika.az

10Sources