Bakı, 29 sentyabr, AZƏRTAC
Oktyabrın 21-də Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, həmçinin avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yükdaşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə də imtahanlar təşkil olunacaq.
İmtahan vermək istəyənlərin DİM-in internet saytında “Şəxsi kabinet”i olmalıdır və onlar sentyabrın 29-dan oktyabrın 10-u saat 12:00-dək müvafiq olaraq aşağıdakı xidmətlər vasitəsilə qeydiyyatdan keçməlidirlər:
1. Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat
2. Beynəlxalq yükdaşımalarını həyata keçirən sürücülərin hazırlığı və yenidən hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat
3. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığı və yenidən hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçib imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanları Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108, o cümlədən taksi sürücüləri üçün DİM-in Gəncə və Bərdə regional bölməsində) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə çap edə biləcəklər.
İmtahanlar 1 saat davam edir. Taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair 20 test tapşırığı, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yükdaşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. On və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yükdaşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcək.