EN

Cabir İmanovun ölüm səbəbi bu ola bilər – Məşhur həkim detalları açdı

Əməkdar artist Cabir İmanovun ürək tutmasından vəfat etməsi cəmiyyətdə narahatlıq yaradıb. Xüsusilə idman zallarında qəfil ölüm və infarkt hallarının artması diqqət çəkib. Bir qism düşünür ki, idman zallarında istifadə olunan və enerjini artıran xüsusi içkilər belə faciəvi hadisələrə səbəb olur. Digərləri isə hesab edir ki, müəyyən yaşdan sonra orqanizmin dözümlülüyü azalır və nəticədə bu, ölümə yol aça bilir.

İdman zallarında qəfil ölümlərin artmasının əsas səbəbi nədir?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan tibb elmləri doktoru, ürək damar cərrahı, deputat Rəşad Mahmudov deyib ki, məsələnin kökündə bir neçə amil dayanır.

Onun sözlərinə görə, gizli ürək-damar xəstəlikləri bu halların əsas səbəblərindəndir:

“Bəzən gənc yaşlarda heç bir şikayəti olmayan şəxslərdə belə anadangəlmə ürək qüsurları və ya ritm pozğunluqları mövcud olur. Ağır fiziki yüklənmə zamanı bu gizli problemlər qəfil ölüm riskini artırır. Daha yuxarı yaş qruplarında isə damarların tutulması, yüksək təzyiq və şəkərli diabet kimi risk faktorları ön plana çıxır. İkinci mühüm amil isə enerji içkiləri və idman əlavələridir. Bu məhsulların tərkibində yüksək miqdarda kofein, taurin və stimulyator təsirli maddələr olur. Onların istifadəsi ürək döyüntülərini sürətləndirir, təzyiqi qaldırır və aritmiyaların yaranmasına zəmin yaradır. Ağır məşqlə birlikdə qəbul edildikdə bu içkilər qəfil infarkt və ürək dayanması riskini artırır”.

R.Mahmudov bildirib ki, üçüncü mühüm faktor həyat tərzində qəfil dəyişiklikdir:

“Uzun müddət passiv həyat sürən, az hərəkət edən və ya zərərli vərdişlərə malik şəxslərin birdən-birə intensiv idmana başlaması bəzən faciəvi nəticələr doğura bilir. Orqanizm alışmadığı yüklə üzləşir, damarlarda mövcud, lakin sakit qalan aterosklerotik yığıntılar qoparaq damar tutulmasına səbəb ola bilir. Bu isə qəfil infarkt və ya ölüm riskini yüksəldir”.

Mütəxəssis bildirib ki, bunların qarşısını almaq üçün bir neçə vacib qaydaya əməl etmək lazımdır:

“İdmanla məşğul olmadan öncə ürək müayinəsindən keçmək (EKQ, exokardioqrafiya, lazım gələrsə, stress-test), enerji içkiləri və mənşəyi məlum olmayan əlavələrdən uzaq durmaq, idman yükünü tədricən artırmaq, birdən-birə ağır məşqlərə başlamamaq bu sırada yer alır. Həmçinin şəxsi sağlamlıq vəziyyətinə uyğun fərdi idman proqramı seçməliyik. Nəticə olaraq, idman sağlamlıq üçündür, amma yanlış yanaşma ilə qəfil təhlükəyə çevrilə bilər. Sağlam həyat tərzinə keçid mütləq tədrici, nəzarətli və şüurlu şəkildə olmalıdır”.

Chosen
11
19
konkret.az

10Sources